Əsas Səhifə > Partiya, Güney Press > "Nazirliyin rəqəmləri xəstəxanadan aldığımız göstəricilərlə müqayisədə daha bədbindir"
"Nazirliyin rəqəmləri xəstəxanadan aldığımız göstəricilərlə müqayisədə daha bədbindir"12-09-2020, 08:51 |
Millət vəkili, iqtisadçı-ekspert Vüqar Bayramovun əlilliyin təyinatındakı çətinliklərlə bağlı feysbukda yazdığı status müvafiq qurumun reaksiyasına və həmkarlarının müzakirəsinə səbəb olub. Deputatın sözügedən məsələ ilə bağlı iradına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmisindən cavab gəlsə də, millət vəkili qurum təmsilçisinin izahatını və arqumentlərini tutarlı hesab etməyib. İqtisadçı-deputat ilk statusunda bəyan edib ki, əlilliyin təyinatındakı çətinliklərlə bağlı ünvanlanan sorğular ən çox edilən müraciətlər sırasındadır. Parlament üzvünün sözlərinə görə, prosesin elektronlaşmasına baxmayaraq, müraciətlərin böyük əksəriyyətinə imtina cavabı verilir: “Vətəndaş “forma 88” adlı göndərişi elektron sistemə daxil edir və maraqlıdır ki, əksər hallarda vətəndaşın təqdim etdiyi məlumatların doğru olmaması barədə ona bildiriş göndərilir. Parlamentdə təmsil etdiyim Füzuli rayonunda bu ilin 8 ayında uşaqlara əlilliyin təyin edilməsi barədə göndərilən 139 müraciətin 99-na birinci mərhələdə imtina cavabı gəlib. Həmin müddətdə əlillik dərəcəsi almaq istəyən yaşı 18-dən çox olan 152 vətəndaşımızın 116-sı imtina ilə kifayətlənib. Bu o deməkdir ki, ümumi müraciətlərin 74 faizinə elektron müraciətdən sonra imtina cavabı verilib. Demək olar ki, digər bütün rayonlarımızda oxşar vəziyyətdir”. V.Bayramov qeyd edib ki, əlilliyin verilməsi ilə bağlı elektron müraciət heç də kütləvi imtina üzərində qurulmamalıdır: “Bizə olan müraciətlər göstərir ki, əlillik almaq hüquqi olan xeyli sayda vətəndaşlarımız süni maneələr səbəbindən əlillik dərəcəsi ala bilmirlər. Tibbi-sosial ekspert komissiyaları tərəfindən qiymətləndirmənin və eləcə də kütləvi imtinanın hansı meyarlar ilə həyata keçirildiyi bəlli deyil. O baxımdan, bizə ünvanlanan sorğuları nəzərə alaraq, bu məsələnin araşdırılması və əlillik almaq hüququ olan vətəndaşlarımıza bu imkanların verilməsini təmin edəcək şəffaf və ədalətli mexanizmin formalaşdırılması ilə bağlı Nazirlər Kabinetinə müraciət edirəm”. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov isə sosial şəbəkə üzərindən millət vəkilinə cavabında bildirib ki, deputat əlilliyin təyinatındakı çətinliklər, müraciətlərdən imtinalar, o cümlədən Füzuli rayonu üzrə statistik məlumatlarda bir sıra yanlışlıqlara yol verib. Qurum sözçüsünün fikrincə, əslində bu ilin 8 ayında Füzuli Rayon Mərkəzi Xəstəxanası tərəfindən əlilliyin qiymətləndirilməsi məqsədilə 217 şəxsə dair ümumilikdə 255 göndəriş rəsmiləşdirilib. Onlardan 114-ü ilkin, 141-i isə təkrar göndərişlərdir: “Bu göndərişlər əsasında 37 nəfərə əlillik dərəcəsi, 40 nəfərə isə sağlamlıq imkanları məhdudluğu təyinatı aparılıb. 18 nəfərə aid göndərişlər isə qiymətləndirilmə prosesindədir. 160 göndəriş üzrə müxtəlif səbəblərdən imtina qərarı verilib. Əlilliyin qiymətləndirilməsi sahəsində şəffaflığın artırılması və əlillik təyinatlarında ünvanlılığın təmin olunması məqsədilə davamlı olaraq aparılan araşdırmalar nəticəsində indiyədək 6500-dən çox əsassız əlillik təyinatları ləğv edilib. Bu təyinatlar üzrə dövlət büdcəsinin illik qənaəti 30 milyon manata yaxındır. Uzunmüddətli dövr üzrə dövlət büdcəsinin qənaəti 700 milyon manatdan yuxarıdır. Bilinməlidir ki, ləğv edilən əlillik təyinatlarından 42 nəfərə dair göndərişlər məhz Füzuli RMX tərəfindən rəsmiləşdirilib. Belə ki, həmin şəxslərə rəsmiləşdirilən göndərişlərdə təqdim olunan məlumatların öz təsdiqini tapmaması, qeyd edilən diaqnozların şişirdilməsi, vətəndaşla bağlı digər elektron informasiya sistemlərində toplanan məlumatların ziddiyyət təşkil etməsi kimi faktlar müəyyənləşdirilib”. Millət vəkili Vüqar Bayramovun nazirlik rəsmisinin açıqlamasına cavabı gecikməyib. Deputat vurğulayıb ki, ƏƏSMN əlilik dərəcəsinin verilməsi ilə bağlı problemlərin həllinə diqqət ayırmaqdan daha çox təəssüf ki, Füzuli Rayon Mərkəzi Xəstəxanasının təqdim etdiyi göstəricilərinin təhlilini aparıb: “Bu rəqəmlər eyni mənbədən alınıb. Söhbət Rayon Mərkəzi Xəstəxanasının təqdim etdiyi göstəricilərindən gedir. Əslində, nazirlik özü də etiraf edir ki, bu ilin 8 ayında Füzuli rayonundan olan 217 şəxslə bağlı müraciətin cəmi 37-nə əlillik dərəcəsi təyin olunub və 160 göndərişə birbaşa imtina verilib. Nazirliyinin özünün təqdim etdiyi rəqəmlərdə əlilliyin təyinatı və imtina faizləri arasında fərqin böyüklüyünü asanlıqla görmək olar. Göründüyü kimi, nazirliyin rəqəmləri xəstəxanadan aldığımız göstəricilərlə müqayisədə daha bədbindir. Bu isə ondan xəbər verir ki, bu sahədə vəziyyətin yaxşılaşdırılması, şəffaflıq və səmərəliliyinin artırılması üçün mövcud mexanizmin təkmilləşdirilməsinə ehtiyac var. Rəqəmlərdə deyil, vətəndaşa əlillik dərəcələri təyin edəndə yanlışlığa yol verməmək lazımdır”. Digər millət vəkili Razi Nurullayev də həmkarına dəstək verib və qeyd edib ki, qaldırılan məsələ ölkəyüklü problemdir. Onun fikrincə, yerlərdə anketləri dolduran zaman qəsdən elə məlumat yazırlar ki, sistem avtomatik imtina göndərsin: “Yəni kompüterə də ədalətsizliyi öyrədirlər. Ciddi problem həkim-ekspertiza komissiyalarında qalmaqdadır. Məsələn, elə olur ki, şəxs ikinci qrup əlildir və vəziyyəti elə yerə çatıb ki, artıq özü-özünü nə fiziki, nə də əqli cəhətdən idarə edə bilir. Onu belə süründürürlər. İnanıram ki, nazir Sahil Babayev bu sahədə aparılan islahatları daha da intensivləşdirəcək. Qanunu pozan əməkdaşlara və idarələrə qarşı daha qətiyyətli addımlar atacaq. Hökumət də “DOST” mərkəzlərinin bütün ölkə boyu fəaliyyətinin təşkili üçün lazım olan imkanları ƏƏSMN üçün yaradacaq. Bu sahədə olan çatışmazlıqları aradan qaldırmaq, sistemli iş qurmaq üçün bütün həmkarlarımla əməkdaşlığa və işbirliyinə hazıram”. Geri qayıt |