Əsas Səhifə > Partiya, Güney Press > "Rusiyaya bağlı beşinci kolon Qarabağ məsələsində Azərbaycan üçün ciddi təhülkədir"

"Rusiyaya bağlı beşinci kolon Qarabağ məsələsində Azərbaycan üçün ciddi təhülkədir"


18-08-2020, 08:23
"Rusiyaya bağlı beşinci kolon Qarabağ məsələsində Azərbaycan üçün ciddi təhülkədir"
Azərbaycan-Türkiyə birliyi, iki qardaş ölkə arasında hərbi ittifaqın rəsmiləşdirilməsi məsələsinin müzakirəsi ötən həftənin ən aktual mövzularından biri oldu. Ötən həftə paralel müzakirə olunan bir məsələ isə Rusiyanın işğalçı Ermənistana silah satması idi. Azərbaycan cəmiyyətində bu hadisəyə görə Rusiyaya narazılıq ifadə olunmaqdadır.

Bəs, müxalifət Türkiyə-Azərbaycan birliyinə, Rusiyanın Ermənistana silah satmasına, Qarabağ ətrafında gedən proseslərə necə baxır, bunlar haqda nə deyir?

ADP sədri Sərdar Cəlaloğlu bldirdi ki, Azərbaycanın ən yaxın müttəfiqi qardaş Türkiyə Cümhuriyyətidir. Bu müttəfiqliyin daha da genişləndirilməsi üçün Azərbaycan və Türkiyə arasında hərbi müttəfiqliyə ehtiyac var: “Hərbi İttifaq müqaviləsi imzalanmalı və burada qarşılıqlı hərbi yardım haqqında müddəa əksini tapmalıdır”.

ADP sədri hesab edir ki, Azərbaycan-Türkiyə hərbi müttəfiqliyi həm də Rusiyanın Ermənistana hərbi dəstək verməsinə qarşı Azərbaycan üçün immunitet rolunu oynaya bilər: “Rusiyanın Ermənistana silah ötürməsi ilk dəfə deyil. Biz istəsək belə, bunun qarşısını almağa nail olmaq asan deyil. Deməli, biz bu ittifaqa qarşı güclü bir ittifaq qurmalıyıq. Bu da Türkiyə-Azərbaycan hərbi ittifaqıdır. Qarabağ məsələsi ilə bağlı da prosesə bu ittifaq çox ciddi dönüş gətirə bilər. Hazırda Qarabağ məsələsi ilə bağlı çox həssas vəziyyət yaranıb. Azərbaycanın daxilində olan və əllərində güc toplamış Rusiyaya bağlı beşinci kolon Qarabağ məsələsində Azərbaycan üçün ciddi təhülkədir”.

AMİP rəsmisi Əli Orucov da bildirdi ki, Türkiyə-Azərbaycan hərbi ittifaqı labüddür. Azərbaycanın qardaş ölkə ilə hərbi sahədə əməkdaşlığı hərbi ittifaqı çevrilməlidir: “Türkiyə dünya siyasətini müəyyənləşdirən güclərdən biridir və Cənubi Qafqaz regionunda böyük təsiri var. Eyni zamanda Ankara hər zaman Azərbaycanın haqq uğrunda apardığı mübarizədə yeganə dövlətdir ki, birmənalı olaraq onu müdafiə edir. Rusiya Ermənistanın hərbi müttəfiqidir. Azərbaycan da güclü hərbi müttəfiqi olmadan işğal faktorunun aradan qaldırılmasına və ərazi bütövlüyünün bərpa olunub qorunmasında təkbaşına uğur qazanması çox çətindir. AMİP olaraq biz Türkiyə-Azərbaycan hərbi ittifaqının tərəfdarıyıq və bunun tezliklə baş tutmasını arzu edərdik. O ki qaldı Rusiyanın Ermənistana silah satmasına, bu, ilk hal deyil. Bundan sonra da rəsmi Moskva işğalçı dövləti silahlandırmaqda davam edəcək. Azərbaycanın etirazlarına baxmayaraq İrəvan-Moskva arasında hərbi sövdələşmələrin və silah alış-verişinin qarşısını almaq mümkün olmayacaq. Rusiya həm Azərbaycanı, həm də Ermənistanı silahlandlrmaqla güc balansını qorumağa çalışır. Bu, ruslar üçün həm silah satışı üçün yaxşı bazardı, həm də regionu əldə saxlamağın ən optimal yoludur. Müxalifət düşərgəsi hakimiyyətin dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın maraq və mənafelərinə uyğun atacağı bütün addımları dəstəkləməyə hazırdır. Azərbaycan nəhayət ki, prinsipiallığını və qətiyyətini göstərməlidir. Silahlı Qüvvələrimizə Ali Baş Komandanın hücum əmri vermək zamanı çoxdan yetişib”.

AĞ Partiya sədrinin birinci müavini Əhəd Məmmədli isə bildirdi ki, dəfələrlə Azərbaycan-Türkiyə hərbi ittifaqının zəruriliyi, vacibliyini partiya olaraq qaldırıblar: “Naxçıvan MR və Abşeron yarımadasında türk hərbi bazalarının qurulmasını söyləmişik. Bəndəniz, Azərbaycanın Rusiya və İranla sərhədini türk hərbiçiləri ilə qorunması təklifini irəli sürmüşdü. Əvəzində Türkiyənin Suriya və İraqla sərhədində Azərbaycan hərbiçiləri yerləşdirilə bilər. Rusiyanın Ermənistana silah satmasında heç bir sirr yoxdur və buna təəcüblənməməliyik. Əksinə, Rusiya-Ermənistan ittifaqına alternativ Türkiyə-Azərbaycan müttəfiqliyi qurulmalıdır. Viza rejimi, pasport məsələləri ilə bağlı Türkiyə ilə Azərbaycan arasında təcili surətdə bütün əngəllər ortadan qaldırılmalıdır”.

KXCP İdarə Heyətinin üzvü Xəzər Teyyublu isə bildirdi ki, Türkiyə-Azərbaycan hərbi ittifaqının gerçəkləşməsi regionda sülhə, dövlət olaraq hərbi qüdrətimizin artmasına fayda verər. Bu həm də gələcəkədə Xəzər dənizində NATO hərbi dəniz qüvvələrinin yerləşməsinə imkan yaradar. Azərbaycanın işğal olunmuş ərazilərinin geri qaytarılmasının da yolu Azərbaycan-Türkiyə ittifaqından keçir: “Hakimiyyət Qarabağla bağlı Rusiyanın təhlükəli ssenarisinin olduğunun fərqində olmalı və təcili surətdə Türkiyə ilə hərbi ittifaq məsələsinin həllinə nail olunmalıdır”.
“Yeni Müsavat”

Geri qayıt