Əsas Səhifə > Partiya, Güney Press > "Dövlətin başı cəbhə xəttində qarışıqdı, Bakıda isə..."

"Dövlətin başı cəbhə xəttində qarışıqdı, Bakıda isə..."


22-07-2020, 09:34
"Dövlətin başı cəbhə xəttində qarışıqdı, Bakıda isə..."
“İndi yeni bir dalğanın başlandığına sevinənlər var. Yenə də ermənilər hücum etmiş, yenə də qəhrəman əsgər və zabitlərimiz şəhid olmuş, yenə də insanların vətənpərvərlik duyğuları ən pik həddə çatmış”.

“Yeni Sabah” xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa deyib. Onun sözlərinə görə, ölkə erməni ilə yanaşı, həm də dəhşətli bir virusla savaş içindədir. Normal insan həyatından əsər-əlamət qalmayıb:

“Küçəyə kütləvi şəkildə axın etmək epidemiyanın yayılması riskini artırdığına görə cəmiyyət narahatlıq keçirir. Lakin cəbhədən gələn ağır xəbərin ilk günündə orduya dəstəyi bəhanə edənlər gecə saat 12-dən sonra Qobudan, Xocahəsəndən şəhərin mərkəzinə doğru yürüməyə başladılar. İnternetdən də canlı yayın düzənləyərək, insanları küçələrə çağırdılar. Şüar yenə də Qarabağ idi.

“Kütlənin qarşısına kimsə çıxmadı” bəhanəsini tirajlayan ziyalı və ziyasız qaragüruhçuların yaddaşı da yerində olmadığına görə qeyd edə bilmirlər ki, Lökbatan dairəsində məhz icra başçısı, polis rəisi onların qarşısına çıxdı, şüarlarını dəstəklədi, alqışladı, xahiş etdilər ki, dağılışın. Əvəzində nə oldu? Dedilər ki, biz bu gecə vaxtı şəhərin mərkəzinə yürümək istəyirik. Anlaşıldı ki, bu, artıq dəstək deyil, arxasında başqa niyyətin güdüldüyü bir yürüşdür.

Çevik polisin əraziyə gəlişi ilə dirəniş göstərənlər zərərsizləşdirildi və yürüş dağıdıldı. Niyyət alınmamışdı. Cəbhədə savaş isə davam edirdi. Bu dəfə cəbhədə general və polkovnikin şəhid olması bütün insanları üzmüşdü, insanlarımız sarsılmışdı…

Əlbəttə, insanlar şəhidlərə izdihamlı şəkildə sayğısını göstərməlidir. Sağlamlıq unuduldu, şəhidlərin ailə üzvlərinin yaşadıqları evə yürüdülər, ailəsinə dəstək verdilər, Sumqayıtda, Bakıda bu yürüşü davam etdirdilər. Bu zaman Azərbaycan ordusunun əsgər və zabiti göz yaşını silib yenidən düşməni dəf etməyə davam etdi. Yəni, dövlətin başı cəbhə xəttində qarışıqdı. Bakıda isə insanlar yenə də Azadlıq meydanına yürüdülər…

Duyğular anlaşılandı. Ardınca daha da yürümək istədilər. Şəhidlər Xiyabanına gəldilər. Bu da anlaşılandır. Və qəfildən Milli Məclisin qarşısında toplaşmağa qərar verdilər. 27 il öncənin təhtəlşüuru sanki yenidən oyandı. Axı bu, yürüşdürsə, sayğı göstərildisə, emosiyalar ifadə olundusa, dərhal tamamlanmalı idi. Ancaq ali dövlət orqanının binasına görən kimi, yenə də Qarabağ kamuflyajı ilə ora yığışanların hakimiyyət məsələsini çözmək ehtirası önə çıxdı. Orada səmimi şəkildə dövlətə, orduya dəstəyini ifadə edən insanlar da təəccüb qaldılar. Onların da səmimi niyyətlərini alt-üst edən zehniyyət yenə də qalib gəldi”.

Geri qayıt