Əsas Səhifə > Partiya, Güney Press > “Biz dövləti çökdürmək istəyənlərin qarşısında olmalıyıq və onların başını sığallamaq fikrimiz yoxdur”

“Biz dövləti çökdürmək istəyənlərin qarşısında olmalıyıq və onların başını sığallamaq fikrimiz yoxdur”


16-07-2020, 09:03
“Biz dövləti çökdürmək istəyənlərin qarşısında olmalıyıq və onların başını sığallamaq fikrimiz yoxdur”
Azərbaycanın sanki alnına yazılıb ki, nə zaman öz müqəddəs haqları uğrunda mübarizəyə qalxsa, biriləri ona hərtərəfli pislik eləmək istəsinlər.

Biz dostumuzu və düşmənimizi yaxşı tanıyırıq, zərbənin haradan, necə gəldiyini də bilirik, arxamıza bıçaq saplayan xainləri, içimizdəki satqınları da görürük.

Onu da görürük ki, hakimiyyətə olan münasibətini, hikkəsini, zəhərini Azərbaycanın ən kritik dövrlərində millətin, ölkənin üstünə tökənlər var.

Biz nə zaman düşmənlə səngərdə savaşırıqsa, nə vaxt xalq doğal hüquqlarını tələb etmək üçün ayağa qalxırsa, ermənidən geri qalmayan bəzi pisliklər, nanəciblər ortaya çıxırlar.

Baxın, Tovuz istiqamətində neçə gündür döyüşlər gedir, Ermənistan cəmiyyəti və rəsmiləri mütəşəkkil hazırlıq görüb, çoxsaylı itkiləri etiraf etmək istəmirlər, amma içi qurd salmış, bizimlə eyni pasportu daşıyan adamlar var ki, qeyri-dəqiq məlumatlar yayırlar, yersiz çağırışlar edirlər, dezinformasiya fontan vurur, erməni mediasına “yem” ötürürlər.

Bu da azmış kimi, insanlar orduya dəstək və şəhidlərin ruhuna ehtiram üçün küçələrə axışır, yürüş edir, Qarabağ hayqırır, di gəl hansısa marginal qruplar provokasiyaya əl atırlar, gah Milli Məclisin qapılarını qırırlar, gah polisə daş atırlar və kütlənin, əsasən gənclərdən təşəkkül tapmış yürüşün fəlsəfəsini, mahiyyətini dəyişməyə çalışırlar.

Sonra Avropada yerləşən erməni xislətli bir azərbaycanlı sosial mediada canlı yayıma çıxır, “göz yaşlarına qərq olur”, xalqa bəyan edir ki, guya bizim diviziyamız vurulub, səfərbərlik elan olunmalıdır. Və məlum olur ki, nə diviziyamız vurulub, nə də yalandan ağlaşmağa ehtiyac var.

Məsələ bu qədər bəsitdir - niyə belə edirlər, nə üçün hər dəfə Azərbaycana ziyan vurmaq istəyirlər?

Ordumuz və Qarabağ üçün yürüş olur, proses ziyanımıza çevrilir, düşmənə sarsıdıcı zərbələr endirilir, təxribatçılar dezinformasiyalar yayırlar. Axı niyə?

“Azərbaycanda qonşu ölkələrin kəşfiyyatının işlədiyini etiraf etməliyik, nəcib bir aksiya təxribatçı prosesə çevrildi”
Deputat Fazil Mustafanın fikrincə, Azərbaycanda qonşu ölkələrin kəşfiyyatının işlədiyini etiraf etməliyik. Onun “Yeni Müsavat”a bildirdiyinə görə, bir neçə yerdə təzahürlərinə şahidlik etmişik.

“Sonuncu belə hadisə Bakıda keçirilən nəcib bir aksiyanın, xalqın şəhid generalına vəfa borcu yürüşünün təxribatçı bir prosesə çevrilməsi oldu.

Bu təxribatçı dəstələr sosial şəbəkələrdə də fəal işləyirlər, söyüş kampaniyası aparırlar, müxtəlif yutub kanallar üzərindən Azərbaycan dövlətinə, hökumətinə və xalqa yönəlik çıxışlar edirlər.

Onların məqsədi cəmiyyəti çaşbaş salmaqdır. Əfsus ki, Azərbaycanın belə vəziyyətdə ziyalı potensialının aşağı olmasını da qeyd etməliyik", - F.Mustafa bu qənaətdədir.

Deputatın sözlərinə görə, Azadlıq meydanına, sonra Şəhidlər Xiyabanına doğru olan orduya dəstək yürüşü xoş bir niyyət idi:

“Bu yürüşün yekunu necə olmalıydı? İştirakçılar şəhidlərin ruhuna dualar oxumalıydı, erməni qəsbkarlarına etiraz bildirilməliydi, sonra hamı intizamlı şəkildə, ordumuza və şəhidlərimizin ruhuna hörmətlə çıxıb getməliydi. Sən hansı əsasla orada üç saat qalırsan və fikirləşmirsən ki, Azərbaycanı gözü götürməyən qüvvələr həmin müddətdə insanları hansısa təxribatlara çəkə bilər, provokasiyalar olar.

Bu, orduya dəstək yürüşüdür, hansısa məsələ həll olunmur, qisas Bakıda yox, cəbhədə alınır, amma saatlarla orada dayanırlar.

Üstəlik, yeni təxribat növü ilə çıxış edirlər ki, niyə deputatlar kütlənin qarşısına gəlmədi. Əvvəla, bu mitinq deyil, vətəndaşların hansısa probleminin həlli ilə bağlı aksiya keçirilmir ki, deputat camaatın qabağına çıxsın. İnsanlar ordumuza dəstək yürüşü keçirirdilər".

F.Mustafanın fikrincə, polis yürüş iştirakçılarına qarşı heç bir zor tətbiq etmədiyi halda təxribatçı qruplar polis maşınlarını aşırdılar, şüşələrinə daş atdılar: “Ölkədə bir fəlakətli zehniyyət var. Onların içində özünü ziyalı sayanlar da var. Qardaş Türkiyənin prezidenti Ərdoğan açıq şəkildə bəyan etdi ki, Tovuz istiqamətində baş verənləri erməni həyata keçirmir. Cənab Ərdoğan bir mesaj verdi ki, bu işin arxasında güclər var və bizim özünü ziyalı adlandıranlar hələ də nəticə çıxarmırlar”.

Deputat həmin axşam kütlənin qarşısına ziyalıların, tanınmışların çıxmalı olduğu fikrini bölüşmədi:

“30 il qabaq ölkənin vətənpərvərlik dalğasında ziyalılar çox idi. İndi sosial media var və mən hesab edirəm ki, həmin yürüşdə iştirak edən xeyli sağlam düşüncəli adam var idi.

Onlar təxribatçı addımlar atmağa çalışanları hərəkətlərindən çəkinməyə çağırırdılar. Paralel olaraq sosial şəbəkədə təxribatçı zəmin hazırlanır.

Məsələn, əsgərimizlə polisimizin fotoları yanaşı qoyulur, müqayisə aparılır. Bunlar bir zəmin hazırlanmasıdır və insanlarımız anlayırlar ki, bizim layihə deyil. Biz dövləti çökdürmək istəyənlərin qarşısında olmalıyıq və onların başını sığallamaq fikrimiz yoxdur".

Geri qayıt