Əsas Səhifə > Partiya, Güney Press > “İqtidar-müxalifət yaxınlaşması prosesini pozmaq istəyən qüvvələr mövcuddur”

“İqtidar-müxalifət yaxınlaşması prosesini pozmaq istəyən qüvvələr mövcuddur”


8-07-2020, 08:22
“İqtidar-müxalifət yaxınlaşması prosesini pozmaq istəyən qüvvələr mövcuddur”
Bu ilin əvvəlindən başlayaraq iqtidarla müxalifət arasında təmaslar sürətlə artmaqdadır. Ötən ilin noyabrında Prezident Administrasiyasının Siyasi Partiyalar və Qanunvericilik Hakimiyyəti ilə əlaqələr şöbəsinin yaradılmasından sonra bu quruma rəhbər təyin edilən Ədalət Vəliyev demək olar ki, indiyə qədər ölkədə rəsmi qeydiyyatı olan bütün siyasi partiya rəhbərləri ilə görüşüb.

Gedən proseslərin fonunda uzun illərdir ki, qeydiyyatı olmayan partiyaların rəsmləşdirilməsində yaranan problemlər iki ay ərzində aradan qalxdı. Ard-arda 7 siyasi qurum qeydə alındı.

Bütün bunlardan çıxış edərək, koronavirusla əlaqədar ölkədə tətbiq edilən karantin rejimi aradan qaldırıldıqdan sonra iqtidarla müxalifət arasında böyük bir toplantının keçirilə biləcəyindən söz açılır. Hətta “virus araya girməsə, indiyə qədər artıq belə bir görüş baş tutmuşdu” deyə fikirlərə rast gəlinir.

Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev: “Müxalifətin Prezident Administrasiyasındakı görüşü yalnız siyasi təşkilatları deyil, bütövlükdə cəmiyyəti xeyli dərəcədə ümidləndirmişdi. Bu, hamı tərəfindən barış, hakimiyyət-müxalifət arası münasibətlərin normallaşması, dialoq mühitinin yaradılması istiqamətində atılan addım kimi qiymətləndirildi. Əvvəlki dövrlərdən fərqli olaraq indinin özündə istənilən siyasi təşkilat öz mövqeyini, təklifini, düşüncələrini Prezident Aparatı nümayəndələrinə çatdıra bilir. Pandemiyaya görə münasibətlər bir qədər səngisə də yenə müəyyən partiya sədrlərinin Prezident Aparatının şöbə müdiri Ədalət Vəliyevlə görüşlərinin şahidi oluruq”.

Partiya sədri bir məsələdən narahatdır: “Bu prosesi pozmaq istəyən qüvvələr mövcuddur. Onların çörəyi məhz ölkədə iqtidar-müxalifət arasında münasibətlərin gərgin, düşmən səviyyədə olmasından çıxır. Müəyyən kənar qüvvələr, onların ölkəmizdəki təmsilçiləri, ”Beşinci kolon"un nümayəndələri birmənalı ölkədə iqtidar-müxalifət arasında münasibətlərin ziddiyyətli, kəskin olmasına çalışırlar. 1995-ci ildən bu münasibətlər davam edir. Elə məhz vurulanlar, komandadan uzaqlaşdırılanlar bu prosesə rəhbərlik ediblər, indi də onların həm özü, həm də əlaltıları bu yöndə fəaliyyətlərini davam etdirirlər. Hakimiyyət yalnız qərarlı olduğu təqdirdə proses inkişaf edəcək, əks halda, “Beşinci kolon”un nümayəndələri prosesi poza bilərlər".

Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli məsələlərə ümidlə yanaşır: “Bu tipli görüşlərə və siyasi partiyaların qeydə alınmalarına müsbət yanaşıram. Hesab edirəm ki, cəmiyyətdə uzun müddətdir partiyaların qeydiyyatı ilə bağlı yığılıb qalan problemlərin həll olunması üçün atılan növbəti addımlardır. Demək olar ki, artıq qeydiyyata alınmayan siyasi partiya qalmayıb. Bütövlükdə bu cür görüşlərin olmasını cəmiyyətdə hakimiyyətlə siyasi partiyalar, o cümlədən müxalifət arasında olan münasibətlərin yaxşılaşdırılması, normal məcraya salınması istiqamətində atılan addımlar kimi qiymətləndirirəm. Hesab edirəm ki, doğrudan da pandemiya böyük bir bəla olduğu üçün bu cür görüşlərin intensivləşməsinə, aktiv dialoqun başlanmasına mane oldu. Çox güman ki, pandemiya bəlası qurtarandan sonra bu cür görüşlər daha intensiv xarakter daşıyacaq. Təsadüfi görüşlər istiqamətində yox, konkret məsələlər ətrafında dialoq prosesinin başlanması, davam etməsi nəticəsində əldə olunan razılaşmaların həyata keçirilmə mexanizminin müəyyənləşdirilməsi istiqamətində addımlar atılacaq”.

ALDP rəhbəri Fuad Əliyev karantinin bitməsini gözləməyin tərəfdarıdır: “Prezident Administrasiyanın rəsmisi ilə bizim birinci, tanışlıq xarakteri daşıyan görüşdə tam sərbəst şəkildə fikirlərimi bildirdim, üzləşdiyimiz problemləri onun nəzərinə çatdırdım. Fikrimcə, olduqca səmimi bir görüş keçdi. Bu görüşdən sonra siyasi partiyalara münasibətdə hakimiyyət tərəfindən atılan addımları müsbət qiymətləndirirəm. Partiyaların verdiyi təkliflərin bəzilərini həyata keçiriblər. Bayram günlərində dövlət başçısının adından zəng vurub təbriklərin çatdırılması, dövlət başçısının məlum çıxışında iqtidar-müxalifət münasibətlərinin yeni fazaya keçməsi cəmiyyətimiz üçün yenilik idi. Karantinə baxmayaraq, yeni qeydiyyata alınan partiya sədrləri ilə görüş olub. Bu da onu göstərir ki, iqtidarın müxalifətə qarşı münasibətlərində yumşalma var. Karantin dövründə bu görüşləri davam etdirmək olardı. Amma hesab edirəm ki, iqtidar-müxalifət dialoqunun səmərəli keçməsi üçün karantin rejiminin qurtarmasını gözləmək lazımdır. Yəqin ki, karantindən sonra iqtidar-müxalifət görüşü baş tutacaq və bu davamlı olacaq. Ümid edirəm ki, bundan sonra baş tutacaq görüşlər bütövlükdə iqtidar-müxalifət danışıqlarına, demokratik cəmiyyət quruculuğunda irəliləyişlərə gətirib çıxaracaq”.

AMİP katibi Əli Orucov hesab edir ki, hər şey hakimiyyətdən asılıdır: “Bir sıra siyasi partiyaların qeydiyyata alınması və iqtidar mənsubunun partiya liderləri ilə görüşləri hakimiyyətin çoxpartiyalı sistemin inkişafına yardımçı olacağına müəyyən ümidlər verir. Hələlik proses ləng də olsa gedir. Lakin bütün bu görülən tədbirlər deməyə əsas vermir ki, ölkədə demokratik dəyərlər tezliklə bərqərar olunacaq, yanaşmalar dəyişəcək. Əsas məsələ ondadır ki, siyasi partiyalar siyasi sistemin bir parçasına çevrilsin. Dövlətin və hakimiyyətin idarə edilməsində bu və ya digər şəkildə iştirak edə bilsin. Cəmiyyətin aparıcı fəal hissəsinə çevrilə bilsin. Yaxud maliyyə və media resurslarına əli çatsın və s. Təəssüf ki bu problemlər hələ ki qalır və yaxın dövr ərzində də həll ediləcəyi gözlənilmir. Lakin bununla belə, yumşalar, əlaqələrin yaranmasını müsbət addım saymaq olar. Bizdə Prezident Administrasiyasının şöbə müdiri ilə müxalifət partiyaları sədrlərinin görüşü az qala sensasiya və qeyri-adi hal kimi görünə bilər. Normal cəmiyyətlərdə isə bu təmaslar mütəmadi və adi norma kimi qəbul edilir. Düşünürəm ki, pandemiya bir qədər səngiyəndən sonra iqtidar-müxalifət münasibətlərini nizamlamaq mümkün olacaq. Hətta nəticəli dialoqun baş tutacağına da ümid edərdim. Hər şey iqtidarın iradəsindən asılı olacaq”.
“Yeni Müsavat”

Geri qayıt