Əsas Səhifə > Partiya, Güney Press > "Bəzi saytlar sırf şəxsi maraqlar üçün yaradılıb"
"Bəzi saytlar sırf şəxsi maraqlar üçün yaradılıb"6-07-2020, 10:03 |
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) bugünlərdə 18 qəzetə maliyyə yardımı ayırmasını çox müsbət və təqdirəlayiq hesab edirəm. Bunun özü bir daha ölkəmizdə söz və mətbuat azadlığının təmin olunmasına, medianın inkişafına necə böyük diqqət və önəm verildiyinin əyani nümayişi, təcəssümüdür. Bunu millət vəkili Eldəniz Səlimov deyib. Qeyd edib ki, Azərbaycan bəlkə də yeganə ölkədir ki, dövlət büdcəsindən medianın, qəzetlərin ayaqda qala bilməsi üçün maliyyə vəsaiti ayırır. “Eyni zamanda, Azərbaycan yeganə ölkədir ki, burada-yazılı və elektron kütləvi informasiya vasitələrində çalışan, zəhmətləri, xidmətləri olan media mənsubları evlə, mənzillə təmin olunurlar. 2013-cü ildə 155, 2017-ci ildə 255 jurnalistin, jurnalist ailəsinin mənzillə təmin olunması, sevindirilməsi bunun bariz nümunəsidir. Məndə olan məlumata görə, jurnalistlər üçün tikilən 3-cü bina da artıq istifadəyə hazır vəziyyətdədir. Beləliklə, çox da uzaqda olmayan bir zamanda, daha 255 jurnalist və jurnalist ailəsi sevindiriləcək. Bunun heç bir yerdə analoqu yoxdur. Bu, yalnız güclü, qüdrətli Azərbaycan dövlətinin, xüsusilə, onun rəhbəri, ölkə Prezidenti cənab İlham Əliyevin mediaya böyük etimadı, diqqəti və qayğısı sayəsində mümkünləşib, gerçəkləşib. Heç təsadüfi feyil ki, cənab Prezident jurnalistləri özünün köməkçiləri adlandırıb. Bunun özü verilən dəyərin göstəricisidir, təsdiqidir. Bununla yanaşı, çox istərdim və arzulayardım ki, gələcək dönəmdə qəzetlərlə yanaşı, son illər ictimai rəyin formalaşdırılmasında böyük xidmətləri olan saytlara da dövlət maliyyəsi ayrılsın, bu məsələ də nəzərdən keçirilsin və müsbət sonuclandırılsın. Təbii ki, bu gün ölkəmizdə onlarla deyil, yüzlərlə sayt, portal var. Onların heç də hamısını peşəkar, uğurlu hesab etmək olmaz. Bəziləri sırf şəxsi, dar, cılız maraqlar üçün yaradılıb. Amma bununla belə, mövcud olanlar arasında hardasa 25-30 sayt var ki, onlar peşəkarlıqları, operativlikləri, ictimai rəyə bu və ya digər dərəcədə təsirləri ilə seçilirlər. Ona görə hesab edirəm ki, onlara da gələcək dönəmdə dövlət maliyyəsi ayrılsa, yaxşı olar. Eyni zamanda, bu məsələdə hörmətli həmkarım Fəzail Ağamalının son təklifini dəstəkləyirəm. O, çox düzgün olaraq, bu məsələni qaldırıb və alqışlanmalı, dəstəklənməlidir”-deyə, millət vəkili sözlərinə əlavə edib. Etikxeber.az Geri qayıt |