Əsas Səhifə > Partiya, Güney Press > İqtidar-müxalifət dialoqu gündəmdən çıxmayıb

İqtidar-müxalifət dialoqu gündəmdən çıxmayıb


19-06-2020, 10:46
İqtidar-müxalifət dialoqu gündəmdən çıxmayıb
Koronavirus təhlükəsi və karantin rejimi Prezident Administrasiyasının şöbə müdiri Ədalət Vəliyevlə siyasi partiyaların sədrləri arasında görüşlərin davamlı olmasının qarşısını alıb. Lakin müxalif partiya sədrlərinin açıqlamalarından belə məlum oldu ki, prosesin birdəfəlik dayandığını söyləmək düzgün olmazdı. Karantin rejimi ləğv edildikdən sonra təmaslar, danışıqlar yenidən davam edəcək.

AXP sədri Pənah Hüseyn bildirdi ki, başlanan prosesə koronavirusla bağlı qoyulan yasaqlar istər-istəməz öz təsirini göstərib. Siyasi partiyalar da fəaliyyətlərində müəyyən məhdudiyyətlər qoyublar. Karantin dövründən sonra iqtidar təmsilçisi ilə siyasi partiyaların sədrlərinin görüşünün olması məsələsi daha çox hakimiyyət tərəfindən asılıdır.

AMİP-in sədr əvəzi Arzuxan Əlizadə bu barədə açıqlamasında bildirdi ki, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsindən hazırda növbəti görüşlə bağlı dəvət olmasa da mövcud karantin rejimi başa çatdıqdan sonra belə görüşlərin davamlı olacağı gözlənilir.

AĞ Partiyanın sədri Tural Abbaslı bildirdi ki, Prezident Administrasiyasından hələlik növbəti görüş və ya dialoq barədə heç bir dəvət yoxdur: “Koronavirus pandemiyasından az öncə başlamış siyasi dialoq hələlik elə məhz bu problemlə bağlı müvəqqəti dayandırılıb. Ancaq bizə bildirilib ki, pandemiya təhlükəsi aradan qalxandan sonra və vəziyyət normallaşan kimi proses davam etdiriləcək. Biz AĞ Partiya olaraq bu prosesin davam etdirilməsində maraqlıyıq və belə bir prosesin dövlət və xalq maraqları üçün faydalı olduğunu düşünürük. İqtidar-müxalifət dialoqlarında müzakirə olunacaq kifayət qədər çox və önəmli məsələlər var. Ümid edirəm ki, dövlət və xalqın birlikdə əlaqəli şəkildə fəaliyyəti nəticəsində bu bəladan xilas olacağıq. Bundan sonra bütün proseslər öz qaydasında davam edəcək”.

ADP sədri Sərdar Cəlaloğlu isə dedi ki, başlanmış dialoq prosesinin birdəfəlik dayandığını söyləmək düzgün olmazdı: “Bizə hələ gündəmdə görüş planının olduğu barədə heç bir məlumat verilməyib. Hesab edirəm ki, xalqın sağlamlığı, ölkə üçün taleyüklü məsələlərin önə çıxması halında siyasi qüvvələr arasında görüşlər, siyasi fəaliyyət kimi məsələlər arxa plana keçməlidir. Təkcə Azərbaycanda deyil, əksər dünya ölkələrində də belədir-digər bütün siyasi, ictimai tədbirlər dayandırılıb. Bir müddət öncə başlanan prosesin dayandığını düşünmürəm. Hər halda, karantin rejimi aradan qalxdıqdan sonra görüşlər keçiriləcək”.
“Yeni Müsavat”

Geri qayıt