Əsas Səhifə > Partiya, Güney Press > “Azərbaycanın koronavirus bəlasından az itkilərlə çıxmasına öz dəstəyimizi verəcəyik"

“Azərbaycanın koronavirus bəlasından az itkilərlə çıxmasına öz dəstəyimizi verəcəyik"


26-03-2020, 13:33
“Azərbaycanın koronavirus bəlasından az itkilərlə çıxmasına öz dəstəyimizi verəcəyik"
“Bütün səylərimizi birləşdirərək, Azərbaycan Prezidentinin çağırışına qoşularaq, həmrəylik nümayiş etdirərək, bütün dünyanı lərzəyə salan və bütün ölkələrin cəmiyyətlərini ciddi şəkildə narahat edən koronavirus bəlasından Azərbaycanın ən az itkilərlə çıxmasına öz dəstəyimizi verəcəyik”.

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Baş Nazirin müavini, YAP-ın İcra katibi Əli Əhmədov deyib.

“Prezident İlham Əliyev karantin rejimi ilə əlaqədar olaraq, köməyə və dəstəyə ehtiyacı olan vətəndaşlara yardım etmək məqsədilə könüllülərin xidmətinin fəallaşmasının vacib olduğu fikrini söyləyib. Yeni Azərbaycan Partiyasının könüllüləri də ölkə başçısının bu çağırışına qoşularaq, aksiyaların həyata keçirilməsində iştirak edirlər. Diqqətinizə çatdırmaq istəyirəm ki, YAP könüllüləri artıq bir neçə gündür ahıl, köməyə və dəstəyə ehtiyacı olan, tənha yaşayan insanlara qoruyucu vasitələrin çatdırılması ilə əlaqədar aksiya keçirib. Bu günə qədər 2500 insana bu yardımlar çatdırılıb. Bu aksiyalar bundan sonra da davam etdiriləcək. Məqsəd isə ondan ibarətdir ki, ehtiyacı olan, lakin həmin vasitələri almaq üçün çölə çıxmaq imkanı olmayan şəxslərə koronavirusdan mübarizə üçün vasitələri çatdırmaqdır.

İkinci istiqamətdə könüllülər vasitəsilə həyata keçirdiyimiz aksiya karantin rejimi ilə əlaqədar olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları ilə birgə ahıl, yaşlı və tənha yaşayan insanlara dəstək göstərilməsi ilə əlaqədardır. Bu aksiyada YAP-ın Bakı şəhəri üzrə 200-dən çox, bütövlükdə Azərbaycan üzrə 550-dən çox könüllüləri səfərbər olub”, - deyə Ə. Əhmədov vurğulayıb.

Geri qayıt