Əsas Səhifə > Partiya, Güney Press > "Biz bayram günlərində də işləyəcəyik"

"Biz bayram günlərində də işləyəcəyik"


19-03-2020, 09:09
"Biz bayram günlərində də işləyəcəyik"
Azərbaycanda koronavirusla əlaqədar xüsusi rejim elan olunub. Bakıya giriş-çıxış məhdudlaşdırılıb, ölkədaxili qatarların hərəkəti dayandırılıb, təhsil müəssisələri bağlanıb, toy və yas məclisləri qadağan edilib, kütləvi tədbirlər, bayram şənlikləri ləğv olunub, hər yerdə dezinfeksiya işləri aparılır.

Bir sözlə, respublikada aktiv həyat dayanıb və koronavirus pandemiyasına qarşı kompleks qabaqlayıcı tədbirlər həyata keçirilir. Bu da özlüyündə iş yerlərində, müxtəlif təşkilatlarda fəaliyyətə təsirini göstərib.

Artıq siyasi partiyalar, firqələr də koronavirusa qarşı çırmanaraq iş rejimində dəyişikliklər ediblər. Çünki partiyalar da kütləvi toplanış yerləri sayılır.

Bu barədə Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov “Yeni Müsavat”a bildirdi ki, tədbirlər təxirə salınıb.

Hakim partiya rəsmisi qeyd etdi ki, rayon təşkilatları və Mərkəzi Aparat işini davam etdirir: “Biz bayram günlərində də işləyəcəyik. Partiyanın rəsmi saytında rayon təşkilatlarının əlaqə nömrələri yerləşdirilib. Kimin sözü, müraciəti varsa, əlaqə saxlaya bilər".

Siyavuş Novruzov: “Dezinfeksiya işləri aparılır, bayram günləri işləyəcəyik”

S.Novruzov qeyd etdi ki, partiyada dezinfeksiya işləri aparılıb, iclaslar təxirə salınıb: “Amma iqtidar partiyası olaraq bayram günləri işləyəcəyik”.

Vətəndaş Həmrəyli Pariyasının (VHP) sədri, deputat Sabir Rüstəmxanlı da qəzetimizə söylədi ki, artıq 10 gündür qəbullar dayandırılıb:

“İşçilərin bir hissəsini evə buraxmışıq, gündəlik vacib olan işləri görənlər qərargaha gəlirlər. Qəbul vaxtının ləğvini də aprelin 15-nə kimi uzatmışıq, rayon təşkilatları ilə gediş-gəlişi dayandırmışıq”.

Sabir Rüstəmxanlı: “Qəbullar dayandırılıb, dezinfeksiya işləri aparılıb, bu qədər vahimənin yaranması boşuna deyil”

VHP sədri bildirdi ki, partiyanın ofisində bir neçə dəfə dezinfeksiya işləri aparılıb: “Bütün masalar, pəncərələr dezinfeksiya olunub. Hər kəs özünü qorumalıdır.

Bu qədər vahimənin yaranması boşuna deyil. Ancaq qorxmaq yox, tədbirlər görmək lazımdır. İnsanlar küçələrdə çox vaxt keçirməsinlər, təmas azalmalıdır".

Ana Vətən Partiyasının (AVP) sədri, deputat Fəzail Ağamalı da qərargahda tədbirlərin ləğv olunduğunu açıqladı. Onun sözlərinə görə, dezinfeksiya işləri aparılıb, hər kəs tibbi maskada gəzir, gediş-gəliş qadağan olunub, ofisdə işləyənlər gigiyenik qaydalara ciddi şəkildə riayət edirlər, martın 19-da günün ikinci yarısından hər kəs tətilə buraxılacaq.

Fəzail Ağamalı: “Ofisdə hər kəs tibbi maskada gəzir, gediş-gəliş qadağan olunub”

F.Ağamalı Novruz bayramının ilk günlərində Salyan və Neftçalada seçicilərlə görüşlər nəzərdə tutub, lakin koronavirus təhlükəsi ilə əlaqədar təxirə salmalı olub:

“Ümumi vəziyyətə uyğun olaraq, məcbur qalaraq addım atdıq. Təəssüf ki, seçicilərlə görüş alınmadı. Ayın sonuna qədər gedişatı izləyib, ona uyğun addımlar atacağıq”.

Deputat Razi Nurullayevin sədri olduğu yeni AXCP-nin sədr müavini Ehtiram Mehdiyev də bildirmişdi ki, qabaqlayıcı tədbirlər görülür, ofisin girişində dezinfeksiya üçün spirtlər qoyulub.

Onun sözlərinə görə, iclaslar və tədbirlər təxirə salınıb: “Razi Nurullayev millət vəkili kimi İmişlidə sakinlərlə göruşlər keçirir. Amma partiya olaraq hesab edirik ki, qabaqlayıcı tədbirlər lazımdır”.

Bundan əlavə, parlament partiyası olmayan ADP, KXCP, AĞ Partiya və digər təşkilatlar da koronavirusla bağlı önləyici addımlar atıblar.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusla (Covid-19) bağlı son məlumatı açıqlayıb. Təşkilatın martın 18-nə olan məlumatına əsasən, 166 ölkədə virusa yoluxma halı qeydə alınıb.

Ümumi yoluxanların sayı 198 543, yeni yoluxanların sayı 326 nəfərdir. Bildirilib ki, indiyədək yeni koronavirusdan 7 988 nəfər ölüb. Xəstəliyə yoluxanlardan 82 779 nəfər sağalıb ki, onlardan 1100 nəfəri yeni sağalanlardır.

Azərbaycanda indiyədək koronavirusa yerli yoluxma halı qeydə alınmayıb. Bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Cəlal İsayev deyib.

Onun sözlərinə görə, ölkə daxilində bir şəxsdən digər şəxsə koronavirusa yoluxma halı müşahidə edilməyib.

C.İsayev əlavə edib ki, Azərbaycanda indiyədək qeydə alınan yoluxma hallarının hamısı gətirilmə hal olub: “Azərbaycanda koronavirusa yoluxma halları əsasən İrandan gələnlər arasında qeydə alınıb. Koronavirusa yoluxanların hamısının karantin rejimində saxlanılması təmin edilib”.

Koronavirus infeksiyasına yoluxduğu müəyyən edilmiş 4 nəfər xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, hazırda Azərbaycanda 23 nəfər aktiv koronavirus xəstəsi xüsusi rejimli xəstəxanalarda həkim nəzarəti altındadır, onların müalicəsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir.

Qeyd edək ki, hazırda xüsusi rejimli xəstəxanalarda həkim nəzarəti altında olan bütün aktiv koronavirus xəstələrinin müalicəsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir. Azərbaycan koronavirusla mübarizə aparmaq üçün kifayət qədər dərman və tibbi ləvazimat ehtiyatlarına malikdir.

Geri qayıt