Əsas Səhifə > Partiya, Güney Press > Sosial şəbəkənin “qalib” namizədləri: onlar kimi aldadır?
Sosial şəbəkənin “qalib” namizədləri: onlar kimi aldadır?30-01-2020, 08:24 |
Parlament seçkisi ərəfəsində sosial şəbəkələrdə, bəzi saytlarda virtual səsvermələr təşkil edilir. Həmin səsvermələrdə yaşadığı ərazidən asılı olmayaraq hər kəs iştirak edib, istədiyi namizədə səs verə bilir. Məlumatlara görə, virtual səsvermədə bir sıra namizədlər müxtəlif proqramlardan istifadə edərək, öz səslərini saxta yolla 90 faizdən yuxarı qaldırıb, rəqibinə “qalib” gəldiklərini göstərirlər. Ekspertlər bildirirlər ki, onlar həm özlərini, həm də ətraflarını aldadırlar. Bu və ya digər məsələlərlə bağlı “Yeni Müsavat”a danışan ekspert Sənan Nəcəfov bildirib ki, virtual sorğu edənlər bir çox məsələləri qarışıq salıblar: “Əvvəla nəzərə almaq lazımdır ki, seçkilər dairələr üzrə keçirilir. Yəni ölkə üzrə seçkidən söhbət getmir. Bizdə isə bunu bir-birinə qarışdırıblar. Bəzi insanlar düşünürlər ki, bu, prezident seçkiləri kimi bütün dairələrdə aparılır. Saytların dairə üzrə seçki keçirmək imkanı olsaydı, bu, tamam başqa bir məsələ olardı. Bəzi saytların ümumi İP-i bu sorğuda iştirak edənlərin, səs verənlərin sayından dəfələrlə aşağıdır. Bunun özü faktı aşkar edir. Müəyyən olunur ki, hansısa texniki imkanlardan istifadə edilir. İkinci bir məsələ də budur ki, namizədlərin çoxu fikirlərini səhv istiqamətdə yönəldirlər. Düşünürlər ki, kütlə ilə işləyirlər və eyni zamanda virtual seçkilərə də diqqət ayırmaq lazımdır. Bu, sadəcə olaraq, enerjinin boş yerə xərclənməsidir. Buna diqqət çəkmək lazım deyil. Bizdə bir problem də ictimai rəy sorğusunun aparılması ilə bağlıdır. Bu, özü böyük bir elmdir. Min nəfərə anket verib cavab almaqla iş bitmir. Ciddi araşdırmalar aparılmalıdır. Orada müəyyən komponentlər var ki, onlar əsaslandırılmalıdır. Hətta sualın qoyuluşu belə adi formada ola bilməz. Sosioloji sorğu müvafiq qaydalara uyğun təşkil edilməlidir. ”Kimə səs verirsən", “Niyə filankəsə səs verirsən” kimi olmalı deyil. Baxırsan ki, kimsə əlində kamera küçədə camaatdan soruşur ki, filan namizədi tanıyırsan? Göstərmir ki, bu sorğunu hansı ərazidə keçirir. Bəlkə mən metronun “Azadlıq” stansiyasının yanındayam, ancaq başqa bir ərazidə yaşayıram və siyasi məlumatsız adamam. Soruşurlar ki, filan namizədi tanıyırsanmı? Təbii ki, tanımadığımı söyləyəcəm. O dəqiqə də sorğu keçirən bunu montaj edib, yayacaq. Bu, tamamilə subyektivdir. Burada, sadəcə olaraq, ictimai rəyin çaşdırılmasıdır. Həm qanunlara ziddir, həm də siyasi mədəniyyətsizlikdir". Nəcəfov real kampaniya aparanlar haqqında da danışıb: “Bu seçkilərdə diqqətlə izlədiyim, yeniliklərin olduğu kampaniyalar gördüm. Məsələn, Rauf Arifoğlunun keçirdiyi kütləvi mitinqi son zamanlar görməmişəm. 2005-ci ildə Azay Quliyev Şirvan şəhərindən namizədliyini verən zaman görüşə 20 min adam gəlmişdi. Orada biz ciddi kampaniya aparmışdıq, vaxtımız da çox idi. Biz bir neçə təbliğat vasitəsindən istifadə etmişdik və buna görə də kütlə görüşə gəlmişdi. Onlardan biri qapı-qapı proqramı, digəri telefon zəngləri, üçüncüsü isə dəvət idi. Rauf Arifoğlunun təbliğatından tam məlumatlı deyiləm. Ancaq şəxsən dostlardan birinə Rauf Arifoğlunun özünün mobil telefonundan mesaj gəldiyini gördüm. Bu, kampaniyadır, işdir. Belə işi bir neçə nəfər də aparır və onları da izləyirəm. Kampaniya seçicilərə yönəlik olmalıdır. Bizim bəzi namizədlər düşünürlər ki, saytlardakı rəy sorğusunda qalib gəliblərsə, deməli, deputat seçiliblər. Sonra da real seçkidə səs yığmayanda başlayırlar hay-həşir salmağa ki, deputat olmağıma imkan vermədilər. Burada iki psixoloji məsələ var. “Bəzi saytların ümumi İP-i belə sorğularda orada iştirak edən, səs verənlərin sayından dəfələrlə aşağıdır” Bunlardan biri ”dunning-kruger" effektidir. Bu, o deməkdir ki, insanlar öz güclərini xəyali olaraq artırırlar. Elə zənn edirlər ki, onların rəqibləri yoxdur və bu adamların etdiklərini kimsə bacarmır. İkincisi isə yalnız konsensus effektidir. Məsələn, təsəvvür edin ki, kimsə sosial şəbəkədə bir müddət maraqlı statuslar yazıb və xeyli əhatə toplayıb. Digər effektləri nəzərə almır və real nəticələr ortaya çıxan zaman düşünür ki, seçkidə saxtakarlıq olub. Bunu daha da aydınlaşdırmaq üçün bir misal da deyim. Məsələn, xarici ölkədə hansısa iki şəxs arasında seçki mübarizəsi gedir. Bunlardan biri düşünür ki, sosial şəbəkədə yazdıqlarını hər kəs dəstəkləyir, o, liberaldır və qalib gələcək. Seçki günü isə rəqibi qalib gəlir və başlayır yazmağa ki, burada saxtakarlıq edilib. Düşünür ki, yazdığını dəstəkləyən çoxdursa, deməli, elə ən doğrunu bu edir. Əslində isə belə deyil. Seçki tamamilə başqadır. Seçici qutunun başında qərarı ideologiyaya görə deyil, ideyaya verir. Bir qədər də anlaşılan desək, xəstəni həkimin yazdığı resept yox, sağalması maraqlandırır. Seçkidə də elədir. Seçici insanın özünə deyil, onu inandıra bilən, gözləntilərinə səs verir". Sənan Nəcəfov bildirib ki, seçkilərə çoxsaylı namizədlərin qatılması əslində müsbət haldır: “İlk dəfədir ki, bu qədər insan seçkiyə qatılıb. Bu, seçki üçün yaradılan gözəl mühitin nəticəsidir. İnsanlar var ki, hər zaman iddialı danışıblar. İndi isə danışdığını göstərmən üçün meydan yaranıb. Buyur, meydanda özünü göstər. Şəxsi qənaətimə görə, bu proseslərin nəticəsi yaxşı olacaq. Beynəlxalq təşkilatlar və müşahidə missiyaları bu halı çox yüksək qiymətləndirirlər. Yaranan haldan sui-istifadə edənlər, bazarlığa gedənlər də var. Ancaq elə insanlar da var ki, onların seçilməyə haqları çatır və bu işi də görə biləcək gücdədirlər. Onlara isə uğurlar arzulayıram”. “Yeni Müsavat” Geri qayıt |