Əsas Səhifə > Partiya, Güney Press > Müxalifət ənənəvi siyasi xəttini dəyişməlidirmi?

Müxalifət ənənəvi siyasi xəttini dəyişməlidirmi?


7-12-2019, 10:18
Müxalifət ənənəvi siyasi xəttini dəyişməlidirmi?
Ölkə müxalifətinin son 26 ildəki uğursuzluğunun kökündə duran səbəblərdən biri kimi düşərgənin tutduğu siyasi xətt göstərilir. Siyasi ekspertlərə görə, bu xətt dəyişmədikcə camiə uğursuzluq zolağından çıxa bilməyəcək.

AĞ Partiya başqanı Tural Abbaslı nələrisə dəyişməyin tərəfdarıdır: “Ümumiyyətlə, müxalifət və iqtidar bu və ya digər formada bir-birindən asılıdır. Yəni müxalifətin mübarizə taktikasının və tutduğu xəttin formalaşmasında iqtidarın təsiri danılmazdır, eyni ilə də iqtidarın da yürütdüyü siyasətə müxalifət təsir imkanlarına malikdir. Əgər iqtidar artıq 26 ildir ki, hakimiyyətdədirsə, demək, müxalifətin tutduğu xətdə nəsə yanlışlıq var. Biz iddia da etsək ki, bu metodda hər şey qaydasındadır, o zaman ortaya sual çıxır ki, bəs niyə hakimiyyətə gəlinmir? Təbii ki, belə uğursuzluq və nəticəsizlik yalnız müxalifətin yürütdüyü yanlış siyasətin nəticəsi deyil.

Bu məsələdə iqtidarın da yürütdüyü sərt və aqressiv siyasətin də rolu böyükdür. Yəni bütün günahı müxalifətdə görmək ədalətsizlik olardı. Çünki YAP dünyada qəbul olunmuş demokratik standartlara uyğun idarəçilik metoduna əməl etmir.

Tural Abbaslı: “Ortaya sual çıxır ki, bəs onda niyə hakimiyyətə gəlinmir?”

Müxalifət də müasir mübarizə metodlarından kifayət qədər effektiv istifadə edə bilmir. Müxalifətin mübarizə taktikası və siyasi xətti hələ də 90-cı illərin siyasi mübarizə metodunun təsirlərindən tam qurtula bilməyib. Təbii ki, müxalifət müasir şərait və şərtləri nəzərə alaraq zamanına uyğun mübarizə taktikası və texnologiyası müəyyənləşdirməlidir. Ümumiyyətlə, bu məsələdə nə qədər çox çeviklik olsa, bir o qədər effektli olar. Əgər hansısa siyasi xətt və mübarizə taktikası bir seçkidə effekt vermədisə, ondan imtina etmək lazımdır. Bütövlükdə xətlər və metodların effektivliyi onun nəticələri ilə ölçülməlidir, ”mənəvi qələbələr"lə yox. Biz AĞ Partiya olaraq çalışırıq ki, maksimum çevik siyasət yürüdək və nəticələrə nail olaq. Ən azından biz partiya kimi hansısa prosesə qoşulduqda ilk hədəfimiz o prosesdən qoşulduğumuzdan daha güclü formada çıxmaqdır. Və hələlik bu prinsip bizə nisbətən də olsa uğur qazandırıb. Sonda onu da qeyd etməliyəm ki, mənim başqalarına yol göstərmək, ağıl vermək kimi bir niyyətim yoxdur. Siyasət belə bir fəaliyyət növüdür ki, burada hər kəs atdığı addımın müsbətinin və mənfisinin altını özü çəkir. Odur ki, hər kəs istədiyi metod və xətti seçməkdə azaddır deyə düşünürəm".

Əli Orucov: “Düşərgənin ağır durumuna görə daha çox hakimiyyət cavabdehdir”

AMİP katibi Əli Orucov fərqli düşüncəyə sahibdir: “Müxalifətin indiki ağır duruma salınmasını müxalifətin tutduğu siyasi xəttində deyil, hakimiyyətin uzun illər yürütdüyü siyasətində və siyasi rəqiblərinə qarşı olan baxışlarında daha çox axtarmaq lazımdır. Təkcə müxalifət düşərgəsi sıradan çıxarılmayıb, özünü hakim partiya hesab edən YAP və onun peyk partiyaları da ölkənin ictimai-siyasi həyatındakı rolunu itirib. Halbuki mərhum prezidentin dönəmində az-çox düşərgələr arası rəqabət və mübarizə vardı. YAP cəmiyyətin həyatında nüfuz sahibi idi. İndi isə bunun tam əksidir. Müxalif siyasi partiyalar daima təzyiq altında saxlanılıb, fəaliyyət meydanı daraldılıb, maliyyə qaynaqları qapadılıb, cəmiyyətə çıxma imkanları məhdudlaşdırılıb. Bir sözlə, tam tədric vəziyyətə salınıb. Mövcud şərtlər daxilində müxalif düşərgənin hansısa uğur qazanması tam bir möcüzə olardı. Hələ ayaqda durub mövcudluğunu saxlaya bilibsə, elə bunun özü böyük nailiyyətdir. Təbii ki, fəaliyyət olan yerdə qüsurlar, səhvlər də ola bilər. Müxalifət düşərgəsi də zaman-zaman ciddi səhvlərə yol veriblər, taktiki addımlarında və mübarizə metodlarında yanlışlıqlar olub. Reallıqları bəzən düzgün qiymətləndirə bilməyib və xarici faktora daha çox ümid bağlayıblar. Azərbaycan müxalifətinin böyük hissəsi ölkənin spesifik xüsusiyyətlərini və hakimiyyətə olan münasibəti nəzərə alınmayıb. Yəni Ukraynaya, Gürcüstana və digər ölkələrə Qərbin Azərbaycana fərqli yanaşmaların reallığını düzgün analiz edə bilməyiblər. Daxili intriqalar, çəkişmələr, lazımsız ambisiyalar, iddiaları da bura əlavə etsək yerinə düşər.

Təəssüflər olsun ki, bəzi siyasi qüvvələrdə köhnədənqalma streotiplər, qəlblənmiş dəsti-xətt bu gün də qalır. Bəzən yeniliyi, dəyişikliyi qəbul etmək çətin görünür. Liderlərin ilahiləşdirilməsi və toxunulmazlığı kimi tendensiyalar qalmaqdadır. Hara yozsaq da yenə bunu yaradan səbəb dolayısı ilə hakimiyyətin siyasətinin üzərinə gəlib çıxır. Hakimiyyətin özü də belə halın davam etməsində maraqlıdır. Çünki bu müxalifəti hərtərəfli tanıdığından onunla hansı dildə və necə danışacağının asan yolunu bilir. Düzgün istiqamətin götürülməsi üçün ilk növbədə düzgün təhlillər aparmaq, reallığı olduğu kimi qiymətləndirmək, buraxılan səhvləri etiraf etmək və bir daha eyni səhvləri təkrar etməmək kimi addımların atılması lazımdır".
“Yeni Müsavat”

Geri qayıt