Əsas Səhifə > Partiya, Güney Press > Yeni parlamentin yeni müxalifəti

Yeni parlamentin yeni müxalifəti


30-11-2019, 10:25
Yeni parlamentin yeni müxalifəti
“Azərbaycanda çox savadlı, müasir biliklərə yiyələnmiş vətənpərvər hisslərə sahib gənc nəsil formalaşıb. Biz bununla qürur duyuruq”. Bunu jurnalistlərin suallarını cavablandıran YAP-ın sədr müavini-icra katibi Əli Əhmədov deyib.

Əli Əhmədov bildirib ki, bu yanaşmadan çıxış edəndə yeni parlament seçkilərində gənclərdən ibarət YAP deputat korpusunun formalaşması partiyanın diqqət mərkəzində olacaq: “Azərbaycan xalqını parlamentdə təmsil etməyə ən layiq olan insanlardan söhbət gedir. Biz çalışacağıq bu gəncləri irəliyə çəkək, onları təşviq edək ki, YAP-ı parlamentdə təmsil etsinlər”.

Hakim partiyanın rəhbərliyinin bu mövqeyi onu deməyə əsas verir ki, hakimiyyət parlamentin xeyli dərəcədə yeni simalardan, yeni qüvvələrdən ibarət tərkibdə formalaşmasını istəyir.

Bu arada artıq xeyli vaxtdır cəmiyyətdə, sosial mediada belə fikirlər daha çox yayılır ki, yeni parlamentdə yeni müxalifət də olacaq. Yeni parlament müxalifətinin isə REAL Partiyası olacağı iddia edilir.

Məsələ ilə bağlı REAL Partiyasının İdarə Heyətinin üzvü Natiq Cəfərli ilə danışdıq. O, “Yeni Müsavat”a bildirdi ki, seçkilərdən ən çox danışan, seçkiləri daim gündəmdə saxlayan partiya həmişə REAL olub və parlament seçkilərində uğur qazanacaqlarına da inamları var: “Biz növbədənkənar parlament seçkiləri ehtimalının çox yüksək olduğunu deyəndə və bununla bağlı may ayından hazırlıqlara başladığımızı elan edəndə çox adamlar buna tənə ilə yanaşırdı. Bir sıra partiya liderləri isə bunun mənasız bir iş olduğunu düşünürdülər. Amma biz növbəti dəfə haqlı çıxdıq. Biz bu baxımdan seçki hazırlıqlarına çoxdan start vermişdik. Həm namizədlərin müəyyən olunması, həm müşahidəçilər qruplarının formalaşması, onlara treninqlərin keçirilməsi işlərinə çoxdan başlamışıq. Ona görə də biz çoxlarından fərqli olaraq seçkilərə hazırlıqsız yaxalanmadıq. Seçki ilə bağlı REAL Partiyasının məsələni tez-tez gündəmə gətirməsi və partiyanın ölkədə dəyişikliklərə seçki ilə nail olunmasının vacibliyi ilə bağlı çıxışlarımız cəmiyyətdə müəyyən bir gözlənti yaradıb. Cəmiyyətdə belə gözlənti yaranıb ki, REAL seçkiyə ciddi yanaşırsa, hazırlaşırsa, müəyyən uğur qazanması və parlament partiyasına çevrilməsi mümkündür”.

N.Cəfərlinin sözlərinə görə, növbədənkənar parlament seçkilərinə gedilməsi onu deməyə əsas verir ki, indiki müti, heç bir aktivliyi olmayan parlament buraxılırsa növbəti parlamentin buna bənzəməsi, deputat korpusunun indiki korpusa bənzəməsi mümkün deyil: “Ona görə də düşünürəm ki, növbəti seçkilərdə müxtəlif siyasi görüşləri, baxışları olan insanların və təşkilatların parlamentə seçilmə şansı daha yüksəkdir. Çünki həm də cəmiyyətdə belə bir gözlənti var. Cəmiyyət siyasətdə yeni bir düzənin formalaşmasını istəyir. Biz əlimizdən gələni edəcəyik ki, partiyamız seçkilərdə uğur qazansın. Səslərimizi də qorumağa çalışacağıq və qalibiyyətimizi də sübut etməyə qanun çərçivəsində nə varsa edəcəyik”.
“Yeni Müsavat”

Geri qayıt