Əsas Səhifə > Partiya, Güney Press > “Yaşı 70-in üstündə olan icra başçıları, 10 ildən çox nazir işləyənlər də yola salınmalıdır”
“Yaşı 70-in üstündə olan icra başçıları, 10 ildən çox nazir işləyənlər də yola salınmalıdır”23-10-2019, 08:36 |
Məlum olduğu kimi, prezident baş nazirin müavini Hacıbala Abutalıbovun istefa ərizəsini qəbul edən zaman, onun bu addımını yüksək qiymətləndirdiyini bildirib və iqtidarda təmsil olunan, yaşı 70-i ötən şəxslərin də onun bu addımından nümunə götürməsinin arzuedilən olduğunu vurğulayıb. Ölkə başçısı qeyd edib ki, yaşlı nəslin nümayəndələrinin bu addımı gənc nəslə yol vermək baxımından da mühüm əhəmiyyətə malikdir. Maraqlıdır, ölkəmizdə yüksək vəzifələrdə təmsil olunan və yaşı 70-i keçən şəxslərin vəzifədən öz xoşları ilə ayrılacaqları ehtimalı varmı? Həqiqətənmi Hacıbala Abutalıbovun məlum addımı digər məmurlar tərəfindən təkrarlana bilər? Moderator.az-a açıqlama verən siyasi elmlər doktoru, politoloq Cümşüd Nuriyev bu ehtimalın kiayət qədər zəif olduğunu bildirdi: “Azərbaycan üçün bu, bir qədər qeyri-adi səslənir. Çünki bizdə vəzifədən sadəcə ikiəlli deyil, həm də ikiayaqlı yapışırlar. Bu, yəqin ki, Şərq psixologiyasıdnan doğan bir şeydir. Amma bütün hallarda nəsil dəyişikliyi mütləq olmalıdır. Dünyada da bu proses gedir. Məncə bu, sadəcə, 70 yaşın üstündə olan insanlara aid olmalı deyil. Dünyada adətən nazirlər bir və ya iki seçki dövrü üçün vəzifədə olurlar. Yəni bu göstərici 8-10 ildən artıq olmur. Bu müddətədn sonra onların heç biri yerində qalmır. Düşünürəm ki, istefa məsələsi 10 ildən artıq nazir olan şəxslərə də şamil olunmalıdır. Yaşları 70-in altında olsalar belə, onlar da istefa verməlidir. Yəni istefa mədəniyyəti formalaşmalıdır. Birdən-birə bütün yaşlı nəslin dəyişilməsinin əleyhinəyəm. Çünki gənc nəsil kifayət qədər təcrübə toplaya bilmirlər. Buna görə də onlar bir müddət yaşlı nəslin nümayəndələri ilə bir yerdə işləsələr yaxşı olar. Əgər nazir cavandırsa, onun müavinlərindən biri və ya ikisi bir qədər yaşlı adam olmalıdır. Çünki gənc nəsil özünü doğrultmur. Azərbaycanda bunun bəzi nümunələri var. Düzdür, bizdəki bəzi gənc nazirlər işləmək istəyir. Lakin onlar işin meneceri kimi çıxış edirlər. Halbuki, menecer həm də bu sahənin yaxşı bilicisi olmalıdır. Ola bilər ki, nazir cavan olsun, o zaman onun müavinlərindən kimsə bu sahənin bilicisi olmalıdır. Rotasiya parlamentə də, yerli icra hakimiyyəti orqanlarına şamil olunmalıdır. Cənab prezident öz mövqeyini ortaya qoysa da, inanmıram ki, hazırda yaşı 70-nin üstündə olan icra başçıları, hansı ki, onların sayı 10-dan çoxdur, onlarda bu addımı atmağa təpər olsun. Bunu onlardan gözləmirəm. Amma onları yola salmaq lazımdır. Çünki rayonlarda ciddi problemlər yaradırlar. Bizdə məmurlar həddindən artıq narazılıq yaradır. 19 oktyabr mitinqində də çoxu Əli Kərimlini dəstəkləməyə yox, məmurlardan olan şikayətini bildirmək üçün gəlmişdilər. Bu insanları hər yerdə dışlayırlar, onlar məcbur olub belə addım atırlar. Bu mənada millətini və dövlətini sevən insanların hakimiyyətə cəlb olunması yaxşıdır. Bunlar dövlətin mənafeyinə xidmət edir. Gənclərin bu prosesə cəlb edilməsi həm idarəetmənin səmərəliliyini artırır, həm idarəetmə prinsiplərinə yenilik gətirir və s. Lakin müasirlik həm də keçmiş ənənələrə söykənməlidir. Avropa dövlətlərini bizə nümunə gətirməsinlər. Çünki onların hamısının 200-300 illik təcrübəsi var. Məsələn, İngiltərədə əgər nazir dəyişirsə, yeni nazirin müavinləri və heyəti dəyişməyə ixtiyarı yoxdur. Birinci müavin daima qalır. Türkiyədə də əvvəl belə idi. Fransada da, Almaniyada da belədir. Nazir siyasi vəzifədir. Amma onun məmurları peşəkarlardır. Bizdə isə nazir gələn kimi bütün qohum-əqrabasını, dostunu yığır yanına. Dövlət yaddan çıxır. Buna görə də prezidentin bu təklifi gözəl bir şeydir. Hesab edirəm ki, bu, hamıya şamil olunsa daha faydalı olar”. Geri qayıt |