Əsas Səhifə > Partiya, Güney Press > "Bunların öz iradələri deyildi, maşa rolunda çıxış etdilər"

"Bunların öz iradələri deyildi, maşa rolunda çıxış etdilər"


21-10-2019, 09:05
"Bunların öz iradələri deyildi, maşa rolunda çıxış etdilər"
Milli Şura 19 oktyabrda “28 May” metrostansiyasının qarşısında icazəsiz aksiya keçirməyə cəhd edib.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev aksiyanı sərt şəkildə pislədi: “Hər hansı bir partiyanın hakimiyyət uğrunda fəaliyyət göstərməsi, mübarizə aparması normal bir şeydir. 55 partiyadan biri mitinq etmək istəyirdi. Kimsə özünü bütövlükdə müxalifət lideri hesab edə bilməz. Dəfələrlə parlamentdə məsələ qaldırmışam ki, xaricdə formalaşdırılan, təlimatlandırılan birliklər barədə Azərbaycanda dərhal tədqiqat aparılmalı və həmin qurumlar cəzalandırılmalıdır. Amma bu təşkilatlara meydan verilir. Milli Şuranın Moskvada yaradılması heç kimə sirr deyil. Hətta buna görə Müsavat Partiyası və digərləri oranı tərk etdilər. Belə təşkilata meydan vermək olmaz. Normal şəkildə mitinqə icazə verilmişdi. Belə olan halda mütləq qarşıdurma yaratmaq üçün icazə verilən yerdə deyil, icazəsiz yerdə aksiya təyin etməyin nə məntiqi var? Bu, onu göstərir ki, 19 yanvarda keçirilən mitinqdə insanları kütləvi şəkildə aksiyalara çağıran o insanların dediyi hələ azıq, yürüşləri etməyək, sonra buna baxarıq kimi sözləri təsadüfi deyilmiş. Sifariş verənlərə söz verilib. Bu da əvəzsiz olmur. Ölkədə qarşıdurma yaratmağa çalışırlar. Polis bu aksiyada son dərəcədə səliqəli davrandı. Hətta bir videoda polisi biri itələyir, sonra su içmək istəyəndə həmin polis aparıb ona su verir.

Polislər çox mədəni idilər. Amma unutmaq olmaz ki, polisin vəzifəsi qanunsuz hərəkətlərin qarşısını almaqdır. Ölkənin imicinə xələl gətirən adamlar ölkə rəhbərliyinə iddialı ola bilməzlər. Belə şəxslər hakimiyyətdə olsalar da, olmasalar da, məsuliyyətlərini hiss etməlidirlər. Bunların öz iradələri deyildi. Maşa rolunda çıxış etdilər. Onların iradəsi millətin iradəsi sayıla bilməz. Ora 300-400 adam çıxıb etiraz edirdi. Onların tələblərinə baxın? Tibbi sığorta ilə bağlı tələb qoyublar ki, bununla bağlı parlamentdə ciddi qərar qəbul etmişik. Son mitinqdə bir qrup adama yazığın gəlir, çünki onlar aldanılıblar. Boş-boş səs-küy saldılar. Hüquq-mühafizə orqanlarımızın, dövlətimizin imicinə zərbə vurmağa çalışan xarici qüvvələr ondan istifadə etməyə başlayacaqlar. Eyni zamanda, iqtidar və müxalifətin masa ətrafında məsələləri birlikdə müzakirə etmək məqamına da müəyyən qədər kölgə salmağa cəhd oldu. Bu, çox pis bir haldır. Xarici maraqları burada ifadə etməyə çalışanlara meydan vermək olmaz”.

REAL-ın icraçı katibi Natiq Cəfərli: “Sərbəst toplaşmaq hüququ Azərbaycanda insanların konstitusion hüququdur. Bu hüquq insanların istifadə edə biləcəkləri hüquqa çevrilməlidir. Hökumət addımlar atmalıdır. Həm insanların hüquqları bərpa olunmalı, həm də şəhər iflic olmamalıdır. İqtidar mitinq üçün normal yerlərin ayrılması üçün ciddi işlər görülməlidir. İnsanlar harada istəyirlərsə, mitinq etməlidirlər, təbii ki, təhlükəsizlikləri qorunmaq şərti ilə. Son mitinqdə baş verənlərə gəlincə, deyə bilərəm ki, heç kim belə vəziyyətin bir daha yaranmasını istəmir. Aksiya keçirənlər bunu da nəzərə almalıdırlar ki, insanlar normal şəkildə öz həyatlarını da yaşamalıdırlar. Müxalifətin liderlərindən birinə qarşı sərgilənən davranış, həbslərin olması da doğru deyil. Qeyd edim ki, prezidentin çox vacib çıxışları oldu. Azərbaycanda çox vacib addımların atılacağının anonsları verildi. Gələcəkdə bu addımlara qiymət verərkən dərin islahatların olub-olmayacağını görəcəyik. Amma ən azından ilk dəfə idi ki, dəyişikliklərlə bağlı çox ciddi bəyanat səsləndirildi. Bu fonda Azərbaycanın yenidən dünya mediasına ancaq mitinqlərlə, yaxud müxalifət liderlərindən birinə qarşı olan basqılarla bağlı gündəmə gəlməsi heç də xoş hal deyil. Bütün dünya Azərbaycanda prezidentin son bəyanatlarını müzakirə etməli idi ki, nələr gözlənilir, hansı ciddi addımlar atılacaq. Görünür prezidentin son bəyanatından narahat olan hakimiyyətdaxili qüvvələr var. Onlar da maraqlıdır ki, Azərbaycanın gündəliyi, gündəmin müzakirəsi belə neqativ məsələlər olsun, nəinki ciddi dəyişikliklərlə bağlı müzakirələr getsin”.

Yeni Azərbaycan Partiyası (YAP) oktyabr ayının 19-da baş verənlərlə bağlı bəyanat yayıb.

YAP mətbuat xidmətindən verilən məlumata görə, oktyabr ayının 19-da bəzi destruktiv qruplar Bakı şəhərində razılaşdırılmamış küçə yürüşləri keçirməyə və asayişi kobud şəkildə pozmağa cəhd göstərib: “Ölkə daxilindəki destruktiv qruplar və xaricdə sığınacaq tapmış anti-Azərbaycan elementləri küçə yürüşünə cəhd zamanı və yürüşün qarşısı alındıqdan sonra sosial şəbəkələrdən istifadə edərək konstitusiyaya zidd çağırışlar edib, Azərbaycanın qanunlarını kobud surətdə pozmaq hallarına yol veriblər. Yeni Azərbaycan Partiyası həm razılaşdırılmamış küçə yürüşlərinə cəhd göstərilməsini, həm də qanuni hakimiyyətin devrilməsinə dair çağırışları ölkənin konstitusion quruluşuna qəsd kimi qiymətləndirir və qətiyyətlə pisləyir”.

Bəyanatda qeyd edilib ki, destruktiv və xaricdən qızışdırılan qrupların məqsədi Azərbaycanı xaosa sürükləməkdən ibarətdir: “Azərbaycanın inkişafından, dünyadakı rolunun artmasından narahat olan dairələrin ölkəmizə qarşı müxtəlif təxribatlar təşkil etməklə inkişafımızın qarşısını almağa, sabitliyi, əmin-amanlığı və insanların rahatlığını pozmağa cəhdlər göstərməsi əvvəldən məlumdur. Dünənki təxribatlar və çağırışlar Azərbaycan Xalq Cəbhəsi Partiyasının, onun rəhbərliyinin bütünlüklə destruktiv qrupa çevrildiyini, hüquq müstəvisindən kənara çıxdığını və anti-Azərbaycan dairələrin əlində təhlükəli vasitəyə çevrildiyini bir daha göstərir. Məmnunluq hissi ilə qeyd etmək yerinə düşər ki, Bakı sakinlərinin və ölkənin əhalisinin təxribatçıların qanunsuz hərəkətlərinə və çağırışlarına etinasızlığı destruktiv qrupların xalq arasında dayağının olmamasından, bu cür təxribatları dəstəkləmədiyindən və qətiyyətlə pisləməsindən xəbər verir”.
“Yeni Müsavat”

Geri qayıt