Əsas Səhifə > Partiya, Güney Press > Prezident onlara “köməkçilərim” deyirsə…
Prezident onlara “köməkçilərim” deyirsə…18-10-2019, 08:56 |
Prezident ölkəmizdə həyata keçirilən və bütün sahələri əhatə edən ardıcıl islahatların uğurlu nəticələr verdiyini bildirərək, Azərbaycanın “Doing Business” hesabatında 20 ən islahatçı ölkə sırasında yer aldığını xüsusi vurğuladı. Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Hikmət Babaoğlu oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında keçirilən iqtisadi müşavirəni təhlil edərkən deyib. O bildirib ki, dövlət başçısı həmçinin ölkəmizin daha yüksək inkişafına mane olan məsələləri, nöqsanları diqqətə çatdıraraq, müvafiq tapşırıqlar verdi: “Müşavirədə Prezident İlham Əliyev qeyd etdi ki, bu gün iqtidarda olan bəziləri aparılan islahatlara qarşı çıxış edirlər. Bu islahatlar həmin şəxslərin şəxsi maraqlarına toxunduğu üçün onlar hər vəchlə ümumi işə, komandanın uğurlu fəaliyyətinə əngəl törətmək istəyirlər. Bu zaman isə ən müxtəlif üsullara əl atırlar ki, bunlardan biri də cənab Prezident tərəfindən yüksək etimad göstərilərək vəzifəyə təyin olunan və ötən müddət ərzində effektiv, sədaqətlə fəaliyyət göstərən yenilikçi, islahatlara meyilli və bu islahatları müvəffəqiyyətlə həyata keçirmək potensialına və iradəsinə malik kadrlara qarşı aparılan qarayaxma, şantaj kampaniyasıdır. Əlbəttə, eyni komandada təmsil olunan bir məmurun digərinə qarşı bu cür davranışı yolverilməzdir. Vəzifəsindən asılı olmayaraq, hər bir məmur Prezident tərəfindən onun qarşısına qoyulan tapşırıqları yerinə yetirmək məcburiyyətindədir. Prezident isə hər bir məmurdan vicdanla, ləyaqətlə xalqa xidmət tələb edir. Ümid edirik ki, sözügedən şəxslər ölkə başçısının xəbərdarlığından düzgün nəticə çıxararaq, bu cür qəbuledilməz davranışlarından əl çəkəcəklər. Çünki Prezidentin də vurğuladığı kimi, islahatlara alternativ yoxdur və siyasi hakimiyyətdə bu islahatları ən yüksək səviyyədə davam etdirmək üçün güclü iradə mövcuddur. Heç kim, heç bir qüvvə bu prosesə mane ola bilməyəcək”. Millət vəkili bildirib ki, Azərbaycan mediasının mütləq əksəriyyəti də bu islahatların daha uğurlu nəticələr verməsi, geniş auditoriyada təbliğ olunması istiqamətində üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməyə, prosesin informasiya, ideoloji bazası rolunu oynamağa çalışır: “Tam qətiyyətlə deyə bilərik ki, Azərbaycan mediası ictimai institut kimi, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən və Azərbaycanın uğurlu inkişafını təmin edən islahatları dəstəkləyir. Təsadüfi deyil ki, İlham Əliyev Azərbaycan mediasının fəaliyyətinə həmişə yüksək qiymət verib və mediamızın sərbəst fəaliyyəti üçün münbit şərait yaradılıb. Prezident İlham Əliyevin “Jurnalistlər bəlkə də özləri də bilmədən mənim köməkçilərimdir” fikri Azərbaycan mətbuatının fəaliyyətinə göstərilən etimadın, jurnalistlərin əməyinə verilən yüksək qiymətin ifadəsidir. Lakin görünür, hələ də bəziləri köhnə vərdişlərindən əl çəkə, mediada çirkin fəaliyyət üsulunu davam etdirmək arzularını cilovlaya bilmirlər. Əlbəttə, mətbuat orqanının bu cür çirkin şantaj kampaniyasında yer alması, ona vasitə olması yolverilməzdir”. Geri qayıt |