Əsas Səhifə > Partiya, Güney Press > “Qadın azadlığı adı ilə əxlaqsızlığı, özbaşınalığı yaymaq yolverilməzdir”

“Qadın azadlığı adı ilə əxlaqsızlığı, özbaşınalığı yaymaq yolverilməzdir”


12-10-2019, 09:03
“Qadın azadlığı adı ilə əxlaqsızlığı, özbaşınalığı yaymaq yolverilməzdir”
ADP sədri Sərdar Cəlaloğlu Azadlıq radiosuna verdiyi müsahibədə qadın hüquqlarından danışarkən qalmaqallı fikirlər səsləndirib.

Onun müsahibəsində “Qadınla kişinin hüququ bərabərdisə, bəs niyə qızları əsgər aparmırlar?”, “Qadın ərə tabe olmalıdır... Bəs kəbin nə üçündür?” kimi səsləndirdiyi fikirlər birmənalı qarşılanmayıb.

S.Cəlaloğlu “Mən niyə cəbhədə ölməliyəm sən yox? Qadınlar bunu fikirləşir? Norveçdə, İsraildə, İngiltərədə qadınları əsgər aparırlar. Bizdə ona görə aparmırlar ki, milli-dini dəyərlərə ziddir.

Qadın azadlığı Dubayda, Türkiyədə xalqı biabır etmək, “Torqovı”da ərəblərə xidmət etmək deyil. Qadının da kişi kimi sağlamlıq, təhsil, seçki hüququ var. Qadın ərinə tabe olmalıdır".

Onun bu fikirlərinə kəskin etirazlar olub, xüsusən ictimai fəal olan qadınlar, sosial şəbəkə aktivistləri S.Cəlaloğlunu tənqid ediblər, dediklərini birmənalı qarşılamayıblar.

Ona görə yenidən ADP sədrinin bu məsələlərə aydınlıq gətirməsini istədik. S.Cəlaloğlunun qadın azadlığı və qadəna zorakılıq mövzusunda “Yeni Müsavat”a müsahibəsini təqdim edirik:

- Sərdar bəy, qadınlar bu müsahibənizə görə sizi tənqid edirlər. Əslində qadın azadlığı harada başlayır, harada bitir?

- Ümumiyyətlə, qadın azadlığı, qadınların hüququ barədə təsəvvürü olmayan adamlar danışırlar. Onların heç xəbəri yoxdur ki, dünyada çox güclü dörd kişi azadlığı hərəkatı var. Qadınlar isə 70-ci illərdə qalıblar, elə bilirlər ki, təkcə feminist hərəkatı var. Qadın azadlığından bəzən kişilərə qarşı istifadə olunur. Məsələn, qadın boşanır ki, kişi ona aliment ödəsin. Mən provokasion şəkildə məsələni qaldırdım ki, qadınlara bütün sahələrdə güzəşt verilib. Qadın hamilədirsə dövlət məzuniyyət verir, qadına ömürlük həbs cəzası verilə bilməz. Yəni, minlərlə belə güzəşt var.

Sadəcə, ailədə kişinin üstünlüyü var. Çünki biz müsəlmanıq, kişi evə baxmalıdır, arvadını qorumalıdır, çörək gətirməlidir.

Kişi deyir filankəslə danışma, yenə danışır, sosial şəbəkəyə girib başqa kişi ilə söhbət eləmə, yenə edir, bu, qadın azadlığı yox, özbaşınalığıdır.

Qadın azadlığını müdafiə edənlərin çoxu heç azadlığın nə olduğunu bilmirlər. Azərbaycan 1918-ci ildə qadına seçmək və seçilmək hüququ verib. Biz anamıza görə özümüzü öldürərik, amma atamıza görə öldürmərik. Biz bacı qeyrəti çəkərik. Bəs, bunlar qadına olan yüksək dəyər deyil?

Qadının işi uşaq tərbiyəsidir, kişi ilə birgə ailə təsərrüfatını idarə etməkdir. Kişi vətəni qorumağa gedirsə, qadın da evə oturub onun namusunu qorumalıdır.

Sadəcə, Azadlıq radiosuna müsahibədən bir çox fikirləri kəsiblər. Mən demişdim ki, qadın xəyanətinə görə boşanmalar artıb.

- Amma qadınların bu problemi aktuallaşdırmasına səbəb son günlər qadına zorakılığın, amansızcasına öldürülməsi faktlarının artmasıdır...

- Qadına zorakılığı heç kim müdafiə etmir. Mən bəyəm deyirəm ki, kişi qadına düz edib şiddət göstərir? Sadəcə, cəmiyyətdə uşağa da, qadına da zorakılıq artıb. Statistikaya baxsaq, kişinin kişiyə zorakılığı, cinayəti daha çoxdur. Cəmiyyətdə bir gərginlik var, aqressiyanın səbəbləri də çoxdur. Heç bir cinsi üstün tutmuram. Ancaq aqressiya artanda qadına da, kişiyə də, uşağa da qarşı artır.

Problemi tək qadına qarşı götürmək olmaz, cəmiyyətdə ümumi zorakılıq artıb. Biz bu məsələni qadın azadlığı problemi kimi yox, milli səviyyədə olan bəla olaraq qaldırmalıyıq.

Çünki qadına qarşı zorakılıqla bərabər intiharlar artıb, dözümsüzlük azalıb. Bunun səbəblərini araşdırmalıyıq.

- Feministlərin qadın azadlığı deyəndə əsas arqumenti 18 yaşa çatan qızın müstəqil olmasıdır. Hesab edirlər ki, intim həyatda, digər addımlarda sərbəst hərəkət etmək hüququ var...

- Heç birimiz milli əxlaqdan, milli dəyərlərdən azad ola bilmərik. Onların dediyi fərdi azadlıqdır. Sən küçəyə lüt çıxa bilərsən? Cəmiyyət sənə nə deyər? Azadlıqdır da, küçəyə də çılpaq çıx, denən ki, şəxsi azadlığımdır.

Və yaxud bulvarda oğlan qızla öpüşəndə polis xəbərdarlıq edir, çünki ictimai yerdir. Cəmiyyətin yazılmamış əxlaq qanunları var. Əxlaq özü də yazılmamış qanundur.

Bəli, hər kəs 18 yaşdan sonra azaddır. Amma sən milli əxlaqa ziyan verə bilməzsən. Məsələn, fahişəlik də insanın şəxsi seçimidir. İndi deyək ki, bu, qadın azadlığıdır? Axı fahişəliyin artması təkcə əxlaqsızlığın çoxalması deyil, həm də xəstəliyin artmasıdır.

İndi əxlaq polisi yaradılır, niyə yaradılır? Ona görə ki, bu məsələ əxlaq normalarını icra edə bilməyən adamlara aiddir. Qadın azadlığı adı ilə əxlaqsızlığı yaymaq yolverilməzdir. Beynəlxalq hüquqda da qadın azadlığı haqda konkret göstərilib. Dünyada və Azərbaycanda insan alverinə qarşı mübarizə aparılır, qadınlar həbs edilir. Onda qadın deyər ki, azadam, özüm bilərəm necə yaşayıram. Bütün bunlara göz yummaq olmaz.

Statistika Komitəsi 10 min ailənin boşandığını açıqlayır. Niyə 10 min ailə dağılmalıdır? Çoxu da qadının xəyanətinə görə dağılır.
“Yeni Müsavat”

Geri qayıt