Əsas Səhifə > Partiya, Güney Press > “İsa Qəmbər Əli Kərimlinin dağıdıcı planını önlədi

“İsa Qəmbər Əli Kərimlinin dağıdıcı planını önlədi


11-10-2019, 10:45
“İsa Qəmbər Əli Kərimlinin dağıdıcı planını önlədi
Müsavat Partiyasının 9-cu qurultayının vaxtı dəyişdirilərək oktyabrın 12-dən 13-nə keçirilib. Qurultay oktyabrın 13-ü Bakı 7-ci mikrorayondakı “Büllur” sarayında keçiriləcək. Bakı Şəhər İcra Hakimiyyəti və “Büllur” sarayın nümayəndələri ilə danışıqlarda belə razılaşma əldə olunub.

Belə ki, partiya qurultayı oktyabrın 12-də keçirməyi planlaşdırmışdı. Həmin günə “Büllur” sarayına başqa bir mərasim təyin olunduğu üçün Müsavat günü dəyişməyə qərar verib.

Müsavat başqanı Arif Hacılı sentyabr ayında Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova rəsmi müraciət edərək partiyanın qurultayına yer ayrılmasını istəmiş, 400-500 nəfərlik bu tədbir üçün Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının və ya Abbas Mirzə Şərifzadə adına Mədəniyyət Evinin daha münasib olduğunu bildirmişdi. Sonradan partiya mərkəzi qərargahına yaxın olan “Büllur” sarayında da qurultay keçirməyə hazır olduğunu bəyan etmişdi.

Bakı Şəhər İcra Hakimiyyəti Müsavatın müraciətini oktyabrın 7-də cavablandırıb sahibi ilə müvafiq razılıq əldə ediləcəyi təqdirdə qurultayın “Büllur” sarayında keçirilməsini məsləhət bilmişdi. Ancaq Bakı Şəhər İcra Hakimiyyətinin rəsmi cavabı açıqlanandan az sonra “Büllur”un müsavatçılara yer ayırmaqdan imtina etdiyi üzə çıxmışdı. Yenidən BŞİH-ə müraciət edən Müsavat Partiyası qurultaya yer ayrılmasında təkid edib və aparılan danışıqlarda “Büllur”un rəhbərliyi əvvəlki mövqeyindən geri çəkilib.

9-cu qurultayda Müsavat Partiyasına başqan, Məclisin sərbəst üzvləri və Mərkəzi Nəzarət-Təftiş Komissiyası seçiləcək. Başqan vəzifəsinə indiki başqan Arif Hacılı, Divan üzvləri Tofiq Yaqublu ilə Yadigar Sadıqlı namizəddirlər.

Sərbəst Məclis üzvlüyünə isə 70-dən yuxarı namizədin olduğu bildirilir.

Oktyabrın 9-da isə Müsavatın və ümumiyyətlə, Azərbaycandakı bütün siyasi partiyaların tarixində yeniliyə imza atılıb. Müsavat başqanlığına namizədlərin debatı keçirilib. Debat internet üzərindən canlı yayınlanıb. Arif Hacılı, eyni zamanda Tofiq Yaqublu və Yadigar Sadıqlı öncə moderatorun, sonra isə jurnalistlərin suallarını cavablayıb. Namizədlər bir-birinə də suallar ünvanlayıblar. Debat ümumən sakit şəraitdə keçib.

Başqanlığa namizədlərin yerlərdə müsavatçılarla görüşləri isə dünən davam edib. Müsavatın yaydığı xəbərə görə, Beyləqan rayonunda yerli müsavatçılarla görüş üçün nəzərdə tutulan ərazini bir qrup qadın mühasirəyə alıb və görüşün orada keçirilməsinə imkan verməyiblər. Nəticədə görüş kənar bir yerdə açıq havada keçirilib.

Müsavatın sabiq başqanı İsa Qəmbərin Arif Hacılının namizədliyini dəstəklədiyini elan edib müsavatçılara çağırış etməsi isə digər namizədlərin tərəfdarları tərəfindən birmənalı qarşılanmayıb. Sosial şəbəkədə İsa Qəmbərin seçki öncəsi bu cür mövqe ortalığa qoymasının düzgün olmadığını yazıblar.

Başqanlığa namizəd Tofiq Yaqublu isə bildirib ki, İsa Qəmbərin Arif Hacılını dəstəklənməsində qəbahətli heç nə yoxdur: “Ancaq İsa Qəmbərin Arif Hacılıya dəstək verəcəyi ilə bağlı yazısında qeyri-səmimi olduğu məqamlar da vardı. İsa Qəmbər hiss etdi ki, vəziyyət arzulanan kimi olmaya bilər, ona görə bu dəstəyi verdi. Arif Hacılıya səs verməsi, onu seçməsi İsa Qəmbərin hüququdur. Əksinə, bu mənə daha da güc verdi”.

Arif Hacılı isə deyib ki, İsa Qəmbərin onun haqqında yazdıqlarını çox yüksək qiymətləndirib: “Hesab edirəm ki, İsa Qəmbərin bu addımı tarixi hadisədir. Tək mən yox, rəqiblərim də bu seçkilərin nəticələrinin necə olacağını bilirlər”.

Cəbhə.info saytı isə İsa Qəmbərin Arif Hacılıya açıq dəstəyini və müsavataçılara çağırışını “İsa Qəmbər Əli Kərimlinin dağıdıcı planını önlədi -”Yurd" neytrallaşdırıldı" başlıqlı yazı ilə şərh edib. Yazıda bildirilir ki, qurultay ərəfəsində Müsavat Partiyasının başqanlığa namizədləri haqqında müxtəlif iddialar səslənir. Müsavatçıların narahatlığına səbəb olan əsas məsələ Əli Kərimlinin qurultayda başqan seçkilərinə müdaxilə edəcəyi ilə bağlıdır. İddia olunur ki, Müsavat Partiyasında başqanlığa namizəd olan Tofiq Yaqublu prosesə, yəni başqanlıq yarışına Əli Kərimlinin xeyir-duası və dəstəyi ilə qoşulub. Hətta Milli Şura rəhbərliyində təmsil olunan şəxslərdən də Tofiq Yaqubluya açıq dəstək gəlir. Hətta Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli də Tofiq Yaqubluya dəstək məqsədli status paylaşıb.

Yazıda hımçinin deyilir ki, bütün bunlar, o cümlədən Tofiq Yaqublunun hələ də Milli Şuranın rəhbərliyində təmsil olunması faktı onun Əli Kərimli tərəfindən dəstəkləndiyinə inamı artırır.

Hesab olunur ki, İsa Qəmbərin bu gedişi məhz Əli Kərimlinin planına qarşı atılmış addımdır. İsa Qəmbər bu məsələyə birbaşa toxunmasa da, dolayısı yolla bu dəstəyi məhz Müsavatı gözlənilən təhlükələrdən qorunmaq üçün verdiyini bildirib. Görünən odur ki, Müsavat Partiyasını gözləyən təhlükə artdıqca, sabiq başqan İsa Qəmbər məsələyə müdaxilə etmək məcburiyyətində qalıb.
“Yeni Müsavat”

Geri qayıt