Əsas Səhifə > Partiya, Güney Press > Müxalifətin sonunu gətirən il: 2013, Milli Şura...
Müxalifətin sonunu gətirən il: 2013, Milli Şura...11-10-2019, 09:13 |
2013-cü ilin prezident seçkilərindən 6 il ötdü. Keçən müddət ərzində hər ilin bu günlərində ən çox müzakirə edilən mövzu ölkə müxalifətinin böyük kəsiminin bir araya gəldiyi və Rusiya “projesi” hesab edilən Milli Şuranın yaradılması ilə bağlıdır. Bu yöndə kifayət qədər tənqidi notlar var. Milli problemlərimizin yaranmasında əsas rol oynayan bir dövlətin planında yer almağın necə mümkün olduğu barədə tənqidlər havada uçuşur. Eyni zamanda, məhz Milli Şuranın yaradılmasından və 6 il öncəki seçkilərdə fiaskosundan sonra demokratik cameəyə ciddi zərbə dəydiyi qeyd olunur. Bir növ bu qurumun müxalifətin sonunu gətirdiyi vurğulanır. 2013-cü ilin prezident seçkilərində Milli Şuranın vahid namizədi Cəmil Həsənlinin vəkillərindən biri olan, AĞ Partiya başqanı Tural Abbaslı “Yeni Müsavat”a bunları dedi: “Təbii ki, bu gündən 2013-cü ildəki proseslərə baxdıqda tam ayrı səhnə görünür, nəinki həmin günlərdə hadisələrin içərisindən. Odur ki, mən adətən keçmiş hadisələrə qiymət verməkdə ehtiyatlı mövqe tuturam. Artıq, bu heç kim tərəfindən inkar edilmir ki, 2013-cü ildəki proseslərə Rusiya birbaşa müdaxilə edirdi. Rusiyada yaradılmış ”Milyarderlər İttifaqı" adlandırılan qurumun fəaliyyəti, Rusiya prezidenti Vladimir Putinin o zamankı müşaviri Söyün Sadıqovun və uzun illərdir orada yaşayan Abbas Abbasovun müsahibələri və bunun kimi digər hallar dediyimizi bariz şəkildə nümayiş etdirir. Ən başlıcası da Milli Şuranın prezidentliyə vahid namizədinin Rüstəm İbrahimbəyov qismində Rusiya vətəndaşının olmasını da deyə bilərik. Doğrudur, sonradan onun ölkəyə gəlməkdən imtina etməsindən sonra vahid namizəd Cəmil Həsənli elan edilmişdi". T.Abbaslı onu da bildirdi ki, Milli Şuranın yaradılmasını yalnız Rusiyadan gələn siyasi sifarişin nəticəsi kimi dəyərləndirmək doğru olmaz: “Yəni indi oturub demək ki, o zaman Milli Şura tam Rusiyanın nəzarətində idi və orada baş verən hadisələr oradan idarə olunurdu, bu tam haqsızlıq olardı. Bəli, Milli Şuranın tərkibində Rusiya meylli siyasilər və təşkilatlar da vardı. Ancaq eyni zamanda bunun əksinə olan qüvvələr və siyasi fiqurlar da az deyildi. Milli Şuranın yaranmasını biz siyasi yanlış kimi qəbul etsək, o zaman bu səhv xalqın yox, bu qurumun təsisinə razılıq verən və bu prosesdə aktiv iştirak siyasi liderlərin və partiyalarındır. 2013-cü ilin yanvar ayında Müsavat öz namizədini elan etmişdi və bu istiqamətdə iş aparırdı. AXCP isə Müsavatı vahid namizəd prosesinə zərbə vurmaqda ittiham edirdi. İctimaiyyət isə müxalifətdən vahid namizəd tələb edirdi. Belə bir zamanda bu iki partiya öz aralarında konsensusa gələrək vahid namizədlə çıxış edə bilmədiyi üçün Rusiyanın namizədini dəstəklədi. Əslində burada da düşündürücü bir çox məqamlar ortaya çıxır ki, necə olur hər zaman xalqın maraqlarını düşündüklərini iddia edənlər xalq naminə öz ambisiyalarından bir-birlərinə qarşı güzəştə gedə bilmirlər, ancaq, Rusiya vətəndaşına vahid namizəd kimi güzəşt edirlər? Bu bir daha onu göstərir ki, onların fəaliyyətində səmimiyyət yoxdur. Düşünmürəm ki, əgər müxalifət Milli Şuranı qurmasaydı, indi daha güclü olardı. Çünki insanlar, onların düşüncələri, yanaşma tərzləri, xarakterləri dəyişmirsə, nəticə də dəyişməz qalacaq. Odur ki, o zaman qərarın nə olmasından asılı olmayaraq müxalifətin durumunun indikindən fərqli olacağını düşünmürəm. Müxalifətin güclənməsini istəyiriksə, insanlar və qafalar dəyişməlidir. Hələliksə, onlarda belə bir istək görünmür”. Geri qayıt |