Əsas Səhifə > Partiya, Güney Press > Əli Kərimli mitinq keçirməkdən niyə imtina etdi?

Əli Kərimli mitinq keçirməkdən niyə imtina etdi?


28-09-2019, 08:42
Əli Kərimli mitinq keçirməkdən niyə imtina etdi?
AXCP sədri Əli Kərimli günlərdir ki, anonsunu verdiyi, çağırışlar etdiyi mitinqi keçirməkdən imtina edib. Belə ki, sentybarın 26-da Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın sentyabrın 28-nə təyin etdiyi mitinqin keçirilməsinə icazə verib.

Məlumatda bildirilir ki, Milli Şuranın mitinqlə bağlı müraciətinə baxılıb və mitinqin Lökbatan qəsəbəsi, 28 may küçəsi, Neftçi idman klubunun Qaradağ təlim idman bazasında keçirilməsinə razılıq verilib. Milli Şura isə Bakı Şəhər İcra Hakimiyyətinin icazə verdiyi yerdə mitinq keçirməkdən imtina edib. AXCP sədri Əli Kərimli bildirib ki, mitinq keçirməyəcəklər: “Həm Milli Şurada, həm də AXCP Rəyasət Heyətində bu variantı əvvəlcədən müzakirə etmişdik. Lökbatanda və ya şəhərdən kənar hər hansı qəsəbədə mitinq keçirməyəcəyik”.

BŞİH-in qərarında qeyd olunub ki, mitinq təşkilatçılarının təklif etdiyi “Nəriman Nərimanov” metro stansiyasının qarşısındakı parkda toplanmaq ictimai təhlükəsizliyin təmin edilməsi baxımından mümkün deyil: “Sizin mitinq keçirilməsi üçün qeyd etdiyiniz ərazilərin nəqliyyat vasitələrinin intensiv hərəkət etdiyi, həmçinin əhalinin daha sıx fəaliyyətdə olduğu metro çıxışları yaxınlığında olması toplantıda iştirak etməyən digər insanların sərbəst hərəkətinə problem yaradacağı, eyni zamanda həmin ərazilərdəki ticarət-iaşə, xidmət obyektlərinin iş ahənginə ciddi maneələr törədəcəyinə görə təhlükəsizliyin təmin edilməsində çətinlik yaradacaq”.

REAL Partiyasının İdarə Heyətinin üzvü Natiq Cəfərli “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, əslində mitinqə icazə anlayışı qanunda yoxdur: “Azərbaycan Konstitusiyasına görə, insanların sərbəst toplaşmaq hüququ tamamilə təmin olunmalıdır. İnsanlar asayişi pozmadan, şəhərin daxilindəki nəqliyyat axınına mane olmadan, dinc şəkildə öz etirazlarını istənilən yerdə bildirə bilərlər. Bizdə ”mitinqə icazə" ifadəsi yayılıb. Əslində bu, konstitusiyada yoxdur. Qanunda “razılaşdırma” ifadəsi var. Yəni mitinq müvafiq icra strukturu ilə razılaşdırılmış şəkildə keçirilməlidir. Söhbət icazədən getmir. Bir çox ölkələrdə bu, online qaydada baş verir. Yəni şəhərin bəlli yerlərində mitinqlərin, nümayişlərin keçirilməsi ilə bağlı yerlər ayrılır. Siyasi, ictimai təşkilatlar online qaydada sayta daxil olub, yeri, günü, saatı seçirlər. Bu zaman bildiriş gəlir ki, sizin təhlükəsizliklə bağlı məsələni dövlət orqanları öz üzərinə götürür və ərazidə mitinq keçirə bilərsiniz. Bizdə yer və sayla bağlı uzun illərdir ki, ciddi müzakirələr gedir".

Cəfərli dedi ki, kütləvi aksiyalarda əsas müzakirə edilən məsələ yer deyil, mövzu olmalıdır: “Mövzunun özü önəmli olmalıdır ki, insanları cəlb etsin. İnsanları maraqlandıran, onların tələblərinə cavab verən mövzu olarsa, nə yerin, nə də saatın, nə də sayın əhəmiyyəti yoxdur. Azərbaycanın tamamında və Bakı şəhərində uzun illərdir etiraz aksiyaları, mitinqlər ancaq say və yer üzərindən müzakirə edilib. Həm iqtidar, həm də ənənəvi müxalifət nümayəndələri ancaq yer və sayla bağlı müzakirə edirlər. Mövzu isə təəssüf ki, heç zaman ciddi müzakirə obyektinə çevrilməyib. Ona görə də ilkin olaraq bu məsələlər meydana çıxan kimi həm iqtidar, həm də ənənəvi müxalifət tərəfindən eyni reaksiyanın şahidi oluruq. Yer və sayla bağlı hər zaman diskussiya açılır. Əslində isə ölkə üçün yararlı olan mövzu ilə bağlı diskussiyadır. Belə çıxır ki, insanları maraqlandıran mövzular açılmalıdır ki, yer və say məsələsi ikinci plana keçsin. İnsanlar həmin mövzulara uyğun olaraq dinc şəkildə etirazlarını bildirmək üçün yerindən asılı olmayaraq, siyasi partiyaların çağırışına reaksiya versinlər. Belə olmursa, deməli, Azərbaycanda etiraz mədəniyyəti hələ də Avropa standartlarına uyğun şəkildə formalaşmayıb”.

Son zamanlar belə fikirlər də var ki, mitinqlərin zamanı keçib və təkrar şüarlarla toplanmağın adı yoxdur. Bu məsələyə Natiq Cəfərli də münasibət bildirdi: “Sərbəst toplaşmaq hüququ vacibdir. Gələn il Azərbaycanda seçkilər gözlənilir. Bəs seçki prosesini mitinqsiz, yürüşsüz, kütləvi aksiyasız necə təsəvvür etmək olar? Dünyanın hər yerində belədir. Sadəcə, orada da mövzu daha önəmlidir. Seçki, təbliğat, insanlara toxunan mövzular daha çox önəmlidir ki, həm hakimiyyətə, həm də cəmiyyətə mesaj olur. Bizdə isə cəmiyyətə mesaj hissəsi, ümumiyyətlə, müzakirə olunmur. Sanki hökumət və ənənəvi müxalifətin mitinq üzərindən başqa diskussiyası yaranır. Əslində isə həm müxalifətin, həm də hakimiyyətin mesajlarının son ünvanı cəmiyyət, xalqdır. Yəni burada mesajlar daha çox önəmlidir. Mən də razıyam ki, mitinqlərdə səsləndirilən bəzi şüarlar köhnəlib. Məsələn, ”Azadlıq" şüarını səsləndirirlər. Ancaq bu şüar 1980-ci illərin sonunda Azərbaycanın müstəqilliyi ilə bağlı səslənən şüar idi. İndi isə müstəqil dövlətik və ölkənin daxilində də kifayət qədər problemlər var. Bunu ya iqtidar həll etməli, ya da normal seçkilər vasitəsilə problemlərin həllini öz üzərinə götürən siyasi qüvvələr xalqı inandırıb, səs qazanıb, məsələni həll etməlidirlər. Əsas məsələ budur. Ona görə də mitinq və aksiyaların köhnəlməsi ilə bağlı fikirlərə qatılmıram. Əvvəla bu, konstitusion hüquqdur, ikincisi də seçki dönəmində çox effektivdir. Mitinq artıq məlumatlandırma deyil, mövzulara diqqət istiqamətində olmalıdır. Bu yöndən yanaşsaq, mitinqlər hələ də aktuallığını saxlayır".

Geri qayıt