Əsas Səhifə > Partiya, Güney Press > “İqtidarla müxalifət bir araya gəlməli və ortaq məxrəc tapılmalıdır”

“İqtidarla müxalifət bir araya gəlməli və ortaq məxrəc tapılmalıdır”


26-09-2019, 08:26
 “İqtidarla müxalifət bir araya gəlməli və ortaq məxrəc tapılmalıdır”
“Qarabağ münaqişəsinə dair danışıqlar 20 ildən çoxdur davam etsə də, sıfır nöqtəsindən irəli getməyib. Əksinə, Ermənistan tərəfi daha da aqressivlik göstərir və azğınlaşıb”.

Bu sözləri Reyting.az-a açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, xalq şairi Sabir Rüstəmxanlı deyib.

S. Rüstəmxanlı bildirib ki, ötən gün təsadüfən televiziya kanalında erməni politoloqun çıxışını dinləyib: “Açığı, politoloqun adını da bilmədim, çünki proqrama yarıdan baxdım. Son vaxtlar məni yaralayan belə söz olmamışdı. Erməni politoloqun sözü məni dəhşətli dərəcədə yaraladı. Deyir ki, biz azərbaycanlı “qardaşlarımıza” kömək edə bilərik, gedib özlərinə Monqolustanda bir yer tapsınlar.

Bilirsinizmi, bu nə qədər ağır sözdür? Təbii ki, ermənilər yüzlərlə belə yalan deyirlər, amma məsələ bundadır ki, bu yalanlara biz özümüz zəmin hazırlamışıq.

Bizim tarixçilərimiz yazanda ki, buralara XI əsrdə Səlcuqlarla gəlmişik və buranın qədim türk torpağı olduğunu demədiyimiz üçün ermənilərin dili uzanır. Biz İrəvanın, Zəngəzurun, Göyçənin tarixən Azərbaycan torpaqları olduğunu yazıb, bu həqiqəti xarici dillərə tərcümə edib yaymadıqca, ermənilərin dili daha çox uzanır. Ən azı son 70 ilə qədər bizə çox şey unutdurublar”.

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqlara da diqqət çəkən S. Rüstəmxanlı hesab edir ki, nəticəsi olmayan danışıqlara milləti inandırmaq və bu cür yaşamaq ağırdır: “Nəyi gözləyirlər? ATƏT-in Minsk qrupu gözləyir ki, bir milyon qaçqın, köçkün ölüb getsin və Qarabağı xatrlayan adam qalmasın? Zəngəzuru unutdurduqları kimi Qarabağıda unutdursunlar? Bu, mümkün deyil! Söhbət müstəqil bir dövlətin ərazisindən gedir. SSRİ deyil ki, müttəfiq respublikaları bir əldə idarə edən Moskva bunu unutdura bilsin. Bu müstəqil dövlətin ərazisidir və problem həll edilməlidir. Beynəlxalq təşkilatlar məsələni ciddi şəkildə qoymalıdır. Xarici işlər nazirlərinin görüşü, vasitəçilərin “tərəflər razılığa gəlsin, biz də sözümüzü deyək”, - yanaşması var. Əgər sən işğalçıya “işğalçı” demirsənsə, işğalçıya “işğal etdiyin ərazidən çıx”,- demirsənsə, BMT-nin qəbul etdiyi sənədlərin arxasında durmursansa, sonu nə olacaq? Bu mənada danışıqların nəticəsizliyi təzə məsələ deyil. Danışıqlar başlandığı tarixdən nəticəsiz qalıb”.

S. Rüstəmxanlının fikrincə, millət və xalq bir yumurağa dönməli, iqtidar-müxalifət bir araya gəlməli, ortaq məxrəc tapılmalıdır: “Bunun əvəzinə biz bütün düşərgələrdə söyüş yarışının getdiyini görürük. Qarabağ unudulub, qalıb bir kənarda. Ölkə iqtisadiyyatı, sənayesi, siyasəti də bir tərəfdə qalıb. Ancaq xırda məsələlərlə, kiminsə söyüş söyməsi, kiminsə söyüşünə haqq qazandırmaq kimi şeylər gündəmi əhatə edib. Qarabağ isə yaddan çıxıb”.

Geri qayıt