Əsas Səhifə > Partiya, Güney Press > “Çox da uzaq olmayan bir vaxtda biz artıq hər iki tərəfi qane edən sazişin imzalanmasını görəcəyik”
“Çox da uzaq olmayan bir vaxtda biz artıq hər iki tərəfi qane edən sazişin imzalanmasını görəcəyik”31-08-2019, 09:57 |
Azərbaycanla Avropa İttifaqı arasında tərəfdaşlıq sazişi ilə bağlı sənəd hazırlanması üçün aparılan danışıqların sentyabr ayında davam etdiriləcəyi barədə məlumat yayılıb. Avropa Komissiyası isə yaxın iki ayda Azərbaycanla yeni tərəfdaşlıq sazişi bağlamağa ümid edir. Bu barədə “Trend” Avropa Komissiyasındakı mənbələrə istinadən məlumat yayıb. Məlumatda qeyd edilir: “Mənbə noyabrın 1-dək Avropa Komissiyasının səlahiyyət müddətində razılaşmanın mümkün olduğuna dair açıq nikbinlik ifadə edib”. Bildirilir ki, yeni sazişlə bağlı danışıqların növbəti mərhələsi sentyabrda keçiriləcək. Bu arada Azərbaycanla Avropa İttifaqı arasında əhatəli əməkdaşlıq barədə yeni saziş layihəsi üzərində danışıqlarda yaranmış əsas əngəllər məlum olub. Virtualaz.org xəbər verir ki, bu haqda Brüsseldəki diplomatik mənbələr EURACTİV.com portalına məlumatları sızdırıblar. Sayt yazır ki, Yunkerin komissiyası (Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunker) Azərbaycanla yeni ticarət-siyasi razılaşmaya dair danışıqların qarşıdakı iki ay ərzində yekunlaşacağına ümid edir, bir şərtlə ki, Bakı layihənin ticarət hissəsində irəliləsin. Məlumatda deyilir ki, Azərbaycanla Avropa İttifaqı arasında münasibətlər 1999-cu ildən qüvvədə olan tərəfdaşlıq və əməkdaşlıq razılaşmasına əsaslanır. 2017-ci ilin fevralından tərəflər yeni çərçivə razılaşmasına dair danışıqlara başlayıblar. Bu danışıqlar sona yaxınlaşır, amma bəzi həll edilməmiş məsələlər var. Avropa Komissiyasındakı mənbə deyib: “Azərbaycan yeni siyasi-ticarət razılaşmasının imzalanmasında maraqlıdır, amma buna görə qiymət ödəmək istəmir. Top Bakının meydançasındadır və komissiya üzərinə düşən işi yerinə yetirməyə hazırdır. Bir şərtlə ki, Bakı mövqeyinə yenidən baxsın”. Avropa Komissiyasındakı mənbə onu da bildirib ki, Avropa İttifaqının rəhbərliyi azad bazar iqtisadiyyatı qaydalarını xatırladanda Bakı ilə danışıqlarda çətinliklərlə qarşılaşır. Məsələ ilə bağlı hakim Yeni Azərbaycan Partiyası İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə “Yeni Müsavat”a bildirdi ki, Avropa İttifaqı ilə Azərbaycan arasında danışıqların gedişi barədə mətbuatdan xəbər alır: “Danışıqların gedişi barədə Xarici İşlər Nazirliyi daha məlumatlı olar. Yəqin ki, saziş sənədi imzalanması ərəfəsində artıq hansı məsələlərin razılaşdırıldığı barədə məlumat veriləcək. Əsas odur ki, bu gün Avropa İttifaqı və Azərbaycan qarşılıqlı surətdə əməkdaşlıq etmək arzusundadırlar. Bu əməkdaşlığın bütün sahələri əhatə etməsinə, dərinləşməsinə çalışırlar. İndinin özündə də bu beynəlxalq regional təşkilatla Azərbaycan arasında sıx əlaqələr var. Bu əlaqələrin böyüməsinə, geniş sahələri əhatə etməsinə çox böyük ehtiyac var. Azərbaycan özünün dövlətçiliyinin inkişafında Avropa dövlətlərinin də təcrübəsindən istifadə edir. Bu gün Azərbaycanda demokratik inkişaf gedir, insanların hüquq və azadlıqlarının qorunması üçün dövlət daim öz fəaliyyətini daha da təkmilləşdirir, sosial rifahın yaxşılaşması üçün maksimum addımlar atılır, eyni zamanda Azərbaycan torpaqlarının işğaldan azad edilməsi üçün maksimum səylər göstərilir. Hesab edirəm yəqin ki, sözügedən sənəd layihəsində razılaşdırılmamış məqamlar varsa, bu məsələ də həll ediləcək. Çox da uzaq olmayan bir vaxtda biz artıq hər iki tərəfi qane edən sazişin imzalanmasını görəcəyik”. “Belə məlumatlar da yayılır ki, saziş məsələsində Azərbaycana diktə ilə nələrisə qəbul etdirmək istəyirlər. Saziş layihəsinin hələ də tam hazır olmamasında bu amil də rol oynayır. Bu barədə sizin mövqeyiniz necədir?” sualına A.Mirzəzadə belə cavab verdi: “Artıq bütün dünya özü üçün yəqin edib ki, Azərbaycanla diktə ilə danışmaq olmaz. Azərbaycanla ancaq qarşılıqlı surətdə maraqlara hörmət edilməsi, ümumi əməkdaşlıq prinsiplərinin razılaşdırılması ilə danışmaq olar. Azərbaycan müstəqil dövlətdir və müstəqil daxili, xarici siyasət yürütmək bizim üçün ən vacib məsələlərdəndir. Avropa İttifaqı Azərbaycan üçün nə qədər lazımdırsa, Azərbaycan da Avropa İttifaqı üçün o qədər lazımdır. Dünyada artıq diktə dövrü bitib. Kimsə Ermənistan kimi forpost olması ilə razılaşırsa bu, onun daxili işidir. Ancaq Azərbaycanla heç bir zaman zor gücü ilə danışmaq, onun milli maraqlarına, insanlarının maraqlarına zidd olan mövqe qəbul etməsi mümkün olan məsələ deyil”. Qeyd edək ki, Brüssellə müzakirələri aparan azərbaycanlı rəsmilərin dəfələrlə bildirdiyi kimi, Azərbaycanın Aİ ilə danışıqlarda öz strategiyası var. Azərbaycanın Aİ ilə əməkdaşlıq gündəminə iqtisadiyyat, mədəniyyət və digər sahələrdə münasibətlərin dərinləşməsi daxildir. Lakin Bakı regiondakı və dünyadakı bütün amilləri, güc mərkəzlərini nəzərə almaqla bundan sonra da praqmatik siyasət aparacaq. Yəni müstəqil, özünün milli, iqtisadi, siyasi və geosiyasi maraqlarına əsaslanan siyasətini davam etdirəcək. Görünür bu səbəbdən Aİ üçün Bakı ilə danışıqlar aparmaq çətindir. Geri qayıt |