Əsas Səhifə > Partiya, Güney Press > "İndi bu fəsildən olanların rəhmətlik İlyas Ərnəfəslik dövrüdür"

"İndi bu fəsildən olanların rəhmətlik İlyas Ərnəfəslik dövrüdür"


26-08-2019, 09:20
"İndi bu fəsildən olanların rəhmətlik İlyas Ərnəfəslik dövrüdür"
REAL Təhlil və İnformasiya Mərkəzində Mir Şahinin vaxtıdır.

Bizim işimiz təkcə informasiya və təhlil fəaliyyəti deyil, həm də siyasi cəhalətlə, siyasi savadsızlıqla, siyasi avamlıq və qara güruhçuluqla mübarizədir. Bu gün də istisna olmayacaq. Gözünüzün qabağındaca neçə-neçə ağ, qara,qırmızı, hətta mavi yalanların belə təkzibinin şahidi olacaqsız.

Əvvəla “Gəncə işi” adlandırılan məhkəmə prosesi haqqında: Xaricdə mənzillənən internet diversantlarının bütün mane olmaq cəhdlərinə baxmayaraq 2018-ci ilin iyul ayında ölkənin ikinci şəhərində törədilmiş seriyalı teraktların məhkəməsi aparılır. Elə bu həftə həmin iş üzrə günahlandırılan məhbuslardan biri məhkəmə zalından azad edildi. Bəzi məhbusların cəza möhləti dəfələrlə qısaldıldı. Bu halı kimin necə qiymətləndirməsindən asılı olmayaraq ortada maraqlı bir mənzərə var. Deməli, mən kifayət qədər məlumatlı bir jurnalist efirə çıxıb, əldə etdiyim dəqiq məlumatları tamaşaçılara çatdırıram, Gəncə İcra hakimiyyəti qarşısındakı aksiyada ya fəal, ya da bacardığı qədər iştirak etmiş müxtəlif vətəndaşları iş başında, ya ayağında göstərirəm, o saat internet diversantları bütün vücudlarıyla bir jurnalistin araşdırmalarının üzərinə şığıyırlar, bəndənizi hətta Baş Prokurorluğun, Dövlət Təhlükəsizlik Xidmətinin mətbuat xidmətinin işini icra etməkdə günahlandırırlar. Hətta hansısa hörmətli ana bəyan edir ki, mən işin detallarını proses başa çatmamış açıqlayıram, axı belə olmaz və s.vəil axır. Amma mənə əlimdəki dəqiq faktları nümayiş etdirməyi irad tutan anamız və ya analarımız nədənsə unudurlar, bəlkə qəsdən yada salmırlar ki, axı əslində onların proses bitməmiş öz yaxınlarının heç bir günah sahibi olmadığını deməsi, araşdırma başa çatmamış müttəhimlərin dərhal azad edilməsini, onlara təcili bəraət verilməsini tələb etməsi qanunsuzluqdur, məhkəməyə təsir, aksiyaların mahiyyətini nəzərə alsaq təzyiqdir. Xarakterimə bələd olanlar bilir ki, qızğın adamam, emosiyalarımı gizlətməyi sevmirəm, amma hamı şahiddir ki, iyul ayının 18-də, burada bəlkə də jurnalist fəaliyyətimin ən sakit Mir Şahini işləyirdi. Yenə də həmin hüzurdayam. “Yaxşı birdən mənim övladımı məhkəmə azad etsə onda Mir Şahin neyləyəcək sualını verən analara cavabım olduqca sadədir. Əgər dövlət övladınızı bağışlayacaqsa, dediyiniz kimi elə məhkəmə zalındanca azadlığa buraxılacaqsa. Bax elə buradan mən sizi də, azadlıqla mükafatlandırılmış yaxınınızı da təbrik edəcəm. Bilirsiz niyə? Ona görə ki, müstəntiqin, dövlət ittihamçısının, hakimin, appelyasiya məhkəməsinin, və təbii ki jurnalistin öz azadlıqları var və hər birimiz bu azadlıqlar çərçivəsində hərəkət edirik.

Məsələn bir instansiyada 6 ildən çox cəzaya layiq görülən Elvin Əliyevi başqa bir məhkəmə elə zaldan azad edir. Bəs nə oldu, axı mən Prezident Adminstrasiyasının tələbini yerinə yetirirdim, Baş Prokurorluğun, Dövlət Təhlükəsizlik Xidmətinin mətbuat katibinin funksiyalarını həyata keçirirdim?( İnternet diversantlarının, Osmanqızı, Əli Kərimli və başqalarının iddialarına görə Gəncə işində adı keçən hər bir məhbus, mənim təbirimcə desək, iş başında olan hər bir günahkar, şübhəli və nə bilim daha hansı statusun sahibi içəri atılmalıydı. Niyə bu baş vermədi? Ona görə yox ki, özünə pasport almağa gücü çatmayan, dağıdıcılığa, terrora meylli, amma bunu etməyə cəsarəti çatmayan, sadəcə xırda xuliqanlılarla kifayətlənən ictimai asayiş pozğunu Əli Kərimli, yaxud xarici xüsusi xidmət orqanlarının qeyri-rəsmi gəlini adını öz üzərinə götürmüş Osmanqızı saat quşu kimi başını çıxartdı bup-bun, bup-bun dedi və Azərbaycanın Məhkəmə sistemi də o saat geri çəkildi. Yox əlbəttə. Bu ona görə baş vermədi ki, kimlərinsə dördgözlə özünü korluğa vurmasına baxmayaraq Azərbaycanda məhkəmə islahatları gedir və qəbul olunmuş qərarlar və ya verilmiş hökmlər yeni dövrün reallığıdır. Müstəqil məhkəmə qərarı. Təxminən belə. Cinaət işini açan müstəntiq də, dövlət ittihamçısı da, hakim də, appelyasiya məhkəməsi də, jurnalist də öz iradə və qərarlarına azaddır. Belədir. Bundan sonra da belə olacaq. Bilirəm, biz Gəncədə axıdılmış qanı göstərəndə hirslənən, qıcıqlanan olur. Amma bu qan ona görə əsəbiləşdirir ki, müttəhimlər kürsüsündə oturanlar arasında o qana barmağı batanlar da var və qanı görməyi buna görə arzulamırlar. Əli Kərimli, Osmanqızı, Orduxan, Qənimət Zahid, Tural Sadiqli və başqaları Gəncə işində adı keçənləri həm də özlərini müdafiə etmək məqsədilə müdafiə edir. Axı onlar ilk gündən Yunis Səfərova qəhrəman deyiblər, az qala Yunisi internet inqilabının rəmzinə çeviriblər. İndi işıqlar yanır, qaranlıqlar qalxır, Kərimli Əlisi də, Qənimət Vəlisi də, Osmanqızı Pirrvəlisi də görür ki, yox e, o boyda Yunisi çuvalda gizlətmək olmaz. Ona görə də əslində bütün bir hadisə olan Gəncə işində Makarovlu Yunisi qılınclı Rəşad Böyükkişiyevdən ayırmağa, ictimai rəyi çaşdırmağa çalışırlar. Məntiqlə onlar bunu etməlidirlər. Özlərini müdafiə etməlidirlər. Əks təqdirdə, yəni Yunis və Rəşadın hərəkətlərinin, onları meydanda şüarlarla müdafiə edərək barmaqlıqlar arasına düşən gənclərin addımlarını terror və ya ona dəstək kimi tanısalar, o zaman özlərini də terrora dəstək verməkdə iştiraklarını etiraf etmiş olurlar. Hər şey bu qədər sadə. Kərimli başda olmaqla qaragüruhun fəallığını ikinci səbəbi də ciddidir. 1993-cü ilin iyununda hakimiyyətdən elə Gəncə qiyamı vasitəsilə qovulmuş demokrat çöküntüləri revanşı da elə Gəncəylə almaq istəyirdilər. Biz Kərimli başda olmaqla qara güruhun indiyədək müxtəlif vaxtlarda neçə inqilab yamsıladığının şahidi olmuşuq. Gah Gürcüstanın Qızılgül inqilabını, gah Ukraynanın narıncı inqilabını təqlid edib və uzağbaşı o inqilabları da gözdən salıblar. Bu dəfə isə ev tapşırığı Gəncə idi. Araşdırmalar aparıram. Yaxın gələcəkdə sizə maraqlı video müraciətlər təqdim edəcəm. Görəcəksiniz ki, Yunis Səfərovun polis ovuna çıxması, qısa vaxt ərzində iki polis əməkdaşını güllələməsi təsadüfi deyildi. Elə Rəşad da məhz polis ovuna çıxmışdı. Ölkənin bütün iri şəhərlərində Yunis Səfərov bu addımların atılmasına start vermişdi. 1993-cü ilin iyununda olduğu kimi. Bütün ölkə boyu rayonların icra hakimiyyətlərini zorla ələ keçirmək lazım idi. Buna görə də hakimiyyətin Yunis demişkən sağ əli polis əməkdaşları məhv edilməliydi. Yəni Əli Kərimli və Osmanqızı, onların əlaltıları, qulaqdubiləri artıq ifşa olunduqlarını anlayırlar, başa düşürlər. Ona görə də özlərini müdafiənin bu yolunu seçiblər. Sizin balalarınızın günahı yoxdur deyəndə altdan-altdan özlərini nəzərdə tuturlar... Kərimlinin son çıxışlarından birində belə bir fikir də var idi. Deməli adam deyir: “Məni ona görə həbs etmirlər ki, bütün dünya məni tanıyır, qorxularından tutmurlar!” Təsəvvür edirsiz. Bütün dünya Kərimlini tanıyırmış. Bu fikiri niyə misal gətirdim: ona görə ki, Kərimli siyasi iflasın çoxdan baş verdiyini, baş tutduğunu anlamayacaq qədər axmaq deyil. Sadəcə ətrafındakı güruhun başını daha bir müddət özü ilə qatmaqda olmalı olduğunun fərqindədir. Yeri gəlmişkən, son Prezident seçkilərindən 3-6 ay sonra hakimiyyətin dəyişiləciyini artıq portfellərin yeni sahibləri barədə ciddi müzakirələr aparıldığını deyən bu bəyik və gəlinciklərə təqvimi göstərmək lazımdır. Həyətdə bu gün sabah 2010-ci il olacaq. 2025-ci ilin Prezident seçkilərinə nə vaxt hazırlaşacaqlar görəsən? Bu yaxınlarda siyasi fəal Tofiq Yaqublu Prokurorluğa çağrılıb və ona xəbərdarlıq edilib ki, ifadələrində ehtiyatlı olsun. Tofiq Yaqublu bu gözlənilməz dəvəti başqa səpkidə təqdim edib və özünün Prokurorluqdakl izahatının mətnini tam təhrif edərək az qala qəhrəman kimi oranı tərk etdiyini elan edib. Amma mənim əlimdə başqa mətn var. Sadəcə onu indi oxumayacam. Vaxtına var. Bircə onu qeyd etmək istəyirəm ki, müxalifətdə olmaq toxunulmazlıq hüququ əldə etmək deyil. Dövlət çevrilişinə, zoraklığa çağıran Tofiq Yaqublu və onun kimilərin müxalifətçilərdir deyə, immunitetləri ola bilməz axı.Bu yaxınlarda sosial şəbəkədə bir maraqlı araşdırmaya rast gəldim. Müəllifinə minnətdarlıq hissilə paylaşıram.

Tofiq Yaqublu və onu müdafiə edənlər hələ də “facebook”da yazdıqlarına görə məsuliyyət daşıdıqlarını anlamaq iqtidarında deyillərsə buyurub tanış olsunlar: öyrənmək heç vaxt gec deyil.

1. İsveçin Jönköping şəhərində yaşayan 65 yaşlı bir qadın sosial media hesabındakı irqçi statusuna görə 3 ay həbs cəzasına məhkum olunub.

2. Ukraynada 2015-ci ildən 2017-ci ilədək “facebook”da yazdığı dövlət çevrilişinə təhrik statuslarına görə 15 nəfər həbs olunub, 1 ildən 4 ilədək şərti iş alıb.

3. 2017-ci ildə İngiltərədə “facebook” hesabının parolunu polisə verməyən 24 yaşlı oğlan həbs olunub.

4. Kanadada 19 yaşlı Castin Karter “facebook”da cinayət xarakterli statusuna görə həbs olunub.

5. Britaniyada 19 yaşlı Metyu Vuds “facebook”da itkin düşmüş uşaqlarla bağlı zarafat xarakterli statusuna görə 3 aylıq həbs olunub.

6. İngiltərədə 20 yaşlı Cordan Blekşou və 22 yaşlı Perri Satkliff-Kinan “facebook”da kütləvi aksiyaların keçirilməsi üçün elan yerləşdirdikləri üçün 4 il azadlıqdan məhrum ediliblər.

7. Banqladeşli gənc Məhəmməd Amin Ruhul Xandaker “facebook”da baş nazirin ölümünü arzuladığı üçün 1 il müddətinə həbs edilib.

8. ABŞ-da Erik Kroqan adlı gənc "facebook" statusu ilə "kütləvi həyəcan" yaratdığına görə həbs edilib...

Belə. Bu yaxınlarda Xalq Cəbhəsinin 4 üzvünün saxlanmasına da elə qeyri normal müxalifət immuniteti tərəfindən yanaşanların düşüncəsi ətrafında gəzişərkən bir-iki maraqlı fakta rast gəldim. Deməli, fikir verirsinizsə bütün xırda xuliqanlar cəbhədən çıxır. Orada yeniyetmələrin, gənclərin zombiləşdirilməsi elevatoru işləyir. Təsəvvür edirsiz: küt və qara bir güruh var. Onun işi gücü yalnız qarayaxmaq, böhtan atmaq, yalan danışmaqdan ibarətdir. Yalnız və yalnız. Və hər yalan abzasının sonunda da istefa və azadlıq kimi mahiyyəti qeyri-müəyyən şüarlar! Tofiq Yaqublu, Qubad İbadoğlu, Əli Kərimli, Gültəkin Hacıbəyli, adlarını çəkmədiyim daha bir neçə güruhbaşı marginalın Azəbaycan dövlətinin üzərinə gedərkən yol verdiyi tərbiyəsizliklər mənim yadıma bilirsiz nəyi saldı? Bir müddət əvvəl belə bir fikir söyləmişdim e burdan: Azərbaycan demokratik dövlət olmasaydı, ictimai etinasızlıq kimi bir mənəvi vəziyyətə layiq görərdim bu qaragüruhu, çağırardım ki, cəmiyyət şəxsiyyət vəsiqələri olsa belə onları qüvvədən düşmüş hesab etsin, və sair... O zaman qara güruh içində məni kimsə hətta faşist də adlandırmışdı. Amma bu həftə maraqlı bir hadisə baş verdi. İctimai lənət və etinasızlıq aktı kimi. Təlim-məşq zamanı həlak olan Rəşad Atakişiyevin qaynatası, tanınmış Siyasətçi, Qabil Hüseynli müxtəlif siyasi partiyalardan pilotun dəfn mərasiminə qatılmamağı xahiş etməsindən danışmaq istəyirəm. Sosial şəbəkələrdəki qaragüruhçuluq və virtual gəvəzələrin fəallığı səbəbindən bu müraciət demək olar ki, layiqli şərhini almadı. İş o yerə gəlib çatdı ki, hətta Qabil Hüseynlinin dövlət müşaviri vəzifəsindən çıxarılma səbəbinə də gedib çıxıldı. Əziz adamının tabutu qarşısında rəhmət qəbul edən Qabil müəllimə hətta lənət oxuyan eybəcərlər belə tapıldı. Düşünürəm ki, hörmətli Millət vəkili Aydın Mirzəzadə belə qaragüruhun virtual üfunəti qarısında bir az karıxdı, hətta belə mövqeni bölücülük də adlandırdı. Əslində isə baş verən halı diqqətlə araşdırmağa ehtiyac var. Qabil Hüseynlinin çağırışını mən ona görə çox gözəl anlayıram ki, biz artıq bir neçə dəfə müxalifətin qara güruhunun qatılmaq istədiyi təziyə və anım mərasimlərində yaratdıqları mənəvi zibilliklərin şahidi olmuşuq. Ana abidəsinin, Şəhidlər xiyabanının ziyarəti zamanı qara güruhun sərgilədiyi fərdi həyasız və ictimai tərbiyəsiz mənzərələr unudulmayıb. Heç kim öz yasını, hansısa güruh tör-töküntüsünün firqə hikkəsinin ayırd yerinə çevrilməsini istəməz. Belə bir misal var: ölsəm üstümə gəlmə. Məncə Qabil Hüseynlinin bu jesti elə mənəvi dəyərlərimizə uyğundur. Əksinə, müxalifət düşünməlidir ki, niyə axı, onları artıq camaat xeyirdə-şərdə görmək istəmir?! Bu çox ciddi hadisədir. İctimai məzəmmət və ictimai qınağın ilk faktlarından biri kimi diqqətə layiqdir. Şəxsən mən də ölsəm, istəmərəm ki qara güruh gəlib oranı öz düşük siyasi ambisiyaları ilə mənim tabutumun ətrafını, təsiyə masamın arxasını zibilləsin. Qara güruh Rəşadın fəda olduğu dövlətə düşməndirsə, onun yasına necə qatıla bilər, necə cəsarət edə bilər bunu? Bir tərəfdə Müdafiə Nazirliyinin Qara qutusnun şifrələnməsindən sonra elan etdiyi nəticələri lağa qoy, quş mövzusunda quşla, guya öz aləmində müdrik-müdrik düşüklə, o tərəfdən də gəl otur yas süfrəsinin başında. Əcəbdi! Baxmayaraq ki, quşla toqquşan təyyarələrin, qırıcılı-qırıcısız hava maşınlarının bütöv bir videotekasını tapmaq olar. Sadəcə bir axtarış kifayətdir. Pilotun həlak olması ətrafında qara bazar aç, Müdafiə nazirinin hansısa təcrübəsiz jurnalistin, lap elə olsun ki REAL-ın əməkdaşının yersiz sualına susmaqla cavab verən nazirin yanaşmasına düşmən kimi bax, sonra da guya dərdə şərik olmağa gəlirsən. Mən şəxsən əminəm ki, Paşinyanın hərcayı bəyanatının cavabı Müdafiə nazirinin susması olmalıdır. Çünki adətən belə hallarda nazirimiz yox, silah danışır və hər dəfə də belə olur. Qarabağı təslim edən siyasi diletantların bu gün çəpər mıxında oturub Azərbaycan ordusunu, onun rəhbərliyini dişsizlikdə günahlandırması və Rəşadın yasına dəvət olunmağı gözləməkdir e riyakarlıq! Siyasi riyakarlıq, ictimai riyakarlıq, fərdi riyakarlıq. Hansı növünü istəyirsizsə o növ riyakarlıq. Əlbəttə, anlayıram, sosial şəbəkələr vətəndaş məsuliyyətini arxa plana keçirib. Burda Vidadi, Osmanqızı, Kərimli, Tural, Orduxan kimi virtual törəmələrin yaratdığı appelyasiyasız qərarların, cavabdehlik daşımadan irəli sürülən fikirlərin tirajlanma mühiti sosial şəbəkələrə söz azadlığı yox, çərənləmək tribunası görünüşü verib. Əlində çəkiliş etmək, ən azı videomesaj yollamaq, sosial şəbəkədə birbaşa yayım açmaq imkanı qazanan istənilən Osmanqızı elə anlayır ki, vəssəlam, o artıq televiziya sahibidir. Burada prioritetləri ucuz zövq müəyyənləşdirir. Ermənistan ordusunun əsgəri Azərbaycana pənah gətirir. Qarşı tərəfin özünün izə verdiyi belə baş xəbər arxaya keçirilir. Çünki sosial şəbəkələrdə meydan sulayan aşağı kateqoriyalı daşıyıcılar, Elmar Məmmədyarovun oğlunun evlənməsi barədə xəbəri mübtədaya çevirirlər. Niyə ona görə ki, məhz bu xəbərdə onlar dövlət məmurunun təhqir edilməsi üçün əlyeri görürlər. Hələ 2018-ci ildə, Prezident islahatlar krusunun növbətini mərhələsini elan edəndə demişdik ki, Azərbaycan yeni düşüncə modelinə keçir. İslahatların ən yüksək səviyyəli məqsədi və Prezidentin dövlətin gələcəyini bu prizmadan nə qədər aydın gördüyünü izah etməsi öz yerində, amma islahatları yerlərdə icra edən məmurlardan çox şey asılıdır. Planetin daxil olduğu 4-cü cənaye transformasiyasının tələbləri və Lerik rayonundakı hansısa xırda sahibkarın dərrakəsi ciddi qısa qapanmalara səbəb olur.

Lerikdə Relaks istirahət mərkəzində baş verən hadisə barədə danışacayıq. Hadisənin təfərrüatları barədə kifayət qədər danışılıb. Fakt ətrafına araşdırmalar aparılır. Bütün bunlar öz yerində. Amma mənə bilirsiz burada nə maraqlı gəldi? Deməli hay-küydü. Kimsə kiməsə söyür, əl qaldırır və bu zaman müntəzəm bir ardıcıllıqla kimsə “Camaatın çörəyinə biis olma!” deyir. Dəfələrlə. Vergi tərbiyəsizliyi, vergi mədəniyyətsizliyi, sərt desək dövlətə qarşı maliyyə qiyamı adlandırmağa hazır olduğum bu hadisə vətəndaşın dövlət savadsızlığının bariz nümunəsidir. Adam başa düşmür ki, oğlunu əsgər göndərmək kimi, vergini də büdcəyə göndərmək borcu var. Şübhə etmirəm ki, bu qurumda çalışanlar arasında öz yaxınlarının təqaüdü, pensiyası, minimum əmək haqqı ilə bağlı narazı olanla rolmayıb və onlar da adlarını sosial şəbəkələrdə fındıqça, qozmalı kimi yazıb bəlkə dövlətə təhqir də yağdırıblar. Amma vergini vermək lazım gələndə çörəyə bais olmaq düşür yada. Və bu istirahət mərkəzinin sahibinin millət vəkili olması da xüsusi məsələdir. Burd ahəm qanunu yazan, həm də qanunu pozan eyni adamdır. Bəlkə də Heydər Əliyevin anım və ad günündə,ən pafoslu çıxış edənlərdən biri də bu adamdır. Amma niyə vergidən yayınır onun ətrafı? Himayədarlıq etdiyi obyekt? İslahatlar mövzusuna qayıdıram. Belə çıxır ki, islahatları dövlətdən daha çox almaq, dövlətə daha az vermək kimi başa düşürük?! Pensiya, maaş, minimum əmək haqqı, demək olar ki, bütün növ pensiualar artmalıdır. Dövləti alicənablıqdan belə nankorcasına istifadə etmək olmaz axı. Dövlət əlahiddə götürülmüş orqanizm deyil. Dövlət həm də Relaks-ın ödəməli olduğu vergidir. İqbal Məmmədov adını mən ilk dəfə Relaksla yanaşı eşitdim. Səmimi deyim ki, bu adamı mən tanımırdım... Yaxşı tanınmışlaşdı. Yeri gəlmişkən, Vergilər nazirliyinin elə REAL TV-nin də efirində gördüyünüz reklam çarxlarına da toxunaq. Məncə, vətəndaşlara vergi mədəniyyəti, vergi ödəmək intizamı daha sadə reklam üsullarıyla izah edilməlidir. Elə dil və tərzdə ki, onu sadə kənd sahibkarı, ucqar rayonun statisik iş adamı da asanlıqla başa düşsün. Nazirlikdəki dostlarım inciməsin, amma vergini vətəndaşdan istəməyə çooooox uzaqdan gəlirik e. Və onu elə istəyirik ki, bəlkə də statistik bölgə sahibkarı bizi başa düşmür. Unutmayaq ki, sosial şəbəkələr deyilən, informasiyadan yox, dedi-qodudan, sadəcə boşboğazlıqdan itələnərək xəbər yayan, daha doğrusu söz gəzdirməklə məşğul olan qara bir virtual güruh var ki, maraqdadır, o ancaq kütləyə işləyən, qarışıqlıq yaratmağa meyllilərin düşərgəsidir. Burada yayılan məlumatların mütləq əksəriyyətinin valideyni və pasportu yoxdur. Elə Osmanqızı və Kərimli kimi. Bunu unutmaq olmaz. Hər bir şayiəyə cavab verilməlidir. Biz onların səviyyəsinə enməli deyilik kimi, qorxaq və əfəllərin, anklav qeyrətlilərin məntiqi burada işləmir. Təsəvvür edin. Bu yaxınlarda sosial şəbəkə törəmələri cəmiyyətə belə bir qara yalan buraxıblar ki, guya Azərbaycan intiharların sayına görə dünyada liderlər sırasındadır. Hardan götürüblər bu xəbəri, niyə götürüblər maraqlı deyil, çünki onların məqsədi etiketli xəbər, sahibli xəbər vermək deyil. Hədəf Azərbaycanın imicinə xələl gətirməkdir. Onlar mənbəyə, fakta nifrət edir. Ona görə ki, istehsal etdikləri yalanın ifşa təhlükəsi var burada.

Buyurun, Dünya Səhiyyə Təşkilatının son rəsmi açıqlamasından hazırladığımız arayışı təqdim edirəm. Qurumun hesabatına görə son hesablama dövrünə görə dünyada 800 min suisid, yəni intihar halı qeydə alınıb. Əhalinin hər 100 min nəfərinə düşən paya görə liderlik edən dövlətlər bunlardır:

1. Litva-31,9

2. Rusiya Federasiyası-31,0

3. Qayana-29,2

4. Cənubi Koreya-26,2

5. Belarus-26,2

Səhiyyə Təşkilatının hesabatında qeyd olunur ki, Azərbaycanda əhalinin 100000 nəfərinə 2,6 suisid düşür və bu da nəinki bölgədə, bütün dünyada ən aşağı rəqəmlərdəndir. Daha dəqiq desək, Azərbaycan bu göstərici ilə Avropada və keçmiş sovet məkanında sonuncudan ikinci yerdədir. Hazırladığımız arayışın daha ətraflı şəklini təqdim edirik.

Görürsünüz? Artıq neçənci məlumatdır ki veriliş boyu təkzib edirik, özü də soyuqqanlı, sakit. Bilirsiz niyə. Ona görə ki, faktlarla işləyirik. Qara güruhun iflasa uğramasının əsas səbəbi isə faktlara yox, yalanlara istinad etməsidir. 26 ildə yalnız yalanın danışıldığı auditoriyalar dəyişir. Bir qrup gənc və məlumatsız gedir, yerinə yeni gənc və məlumatsız gəlir. Son zamanlar başqa bir təhlükəli tendensiyanın da şahidi oluruq. Təbii ki, tərəfdarları azalmağa məhkum olan güruhbaşılar, məcbur olub öz körpə, hələ beyinləri bərkiməmiş, necə deyərlər ağılları kəsməyən uşaqlarını siyasi proseslərə çəkir. Biz bəzən dindarlara tövsiyə edirik ki azyaşlıları xüsusilə aşura günlərində məscidə aparmasınlar. Amma eyni tövsiyə körpə uşaqlarını hansısa siyasi məzmunlu tədbirlərə aparan, onların hələ formalaşmamış şüurlarnın dərk etmədiyi şüarlarla meydanlara səsləyənlərə də edilməlidir. Öz uşaqlarını qara güruhda əridib, dövlət üçün pis vətəndaş hazırlayanlar, ən əziz varlıqlarını sadəcə bədbəxtə çevirənlərin məsuliyyəti barədə düşünmək lazımdır... Mən hər şeyi başa düşürəm. Hakimiyyətə gəlmək arzusunu da. İddiasını da. Bu hədəf üçün seçdiyin yolu da. Amma arzu və imkan, sənin o arzuya çatmaq gücün başqa başqa məsələlərdir.

Məsələn, bir istedadlı yazıçı var idi. İlyas Ərnəfəs. 1991-ci ildə müsahibə vermişdi və söz vermişdi oxuculara ki, Nobel mükafatını o gətirəcək Azərbaycan ədəbiyyatına. Amma nə oldu: Azərbaycan Nəşriyyatının qabağında səfil-sərgərdan kimi, dilənçi kökündə öldü. İndi Kərimlinin, Osmanqızı və başqa bu fəsildən olanların rəhmətlik İlyas Ərnəfəslik dövrüdür. Sadəcə bir fərq var. İlyas öz şüuraltı böhranının altını tək özü çəkirdi. Öz xəstəliyinin qurbanı da özü oldu. Qaragüruhun düçar olduğu Napolen sindromu isə başqaları üçün də təhdiddir. Fikir verin: Qara güruh nəyə sevinir? Ölən və ya özünü öldürən azərbaycanlımıza. Bəs dövlət: Dövlət isə hər doğulana, hər körpəyə sevinir. Məsələn, 10 milyonuncu azərbaycanlımızın-Mehriban Həsənovanın ailəsinə bu il aprel ayının 9-da Prezident və Birinci xanım baş çəkmişdi. Aprelin 6-da doğulmuş körpəni təbrik etmək üçün. Bu gün isə 10 miyonuncu azərbaycanlı- kiçik Mehribanın ailəsi onun doğuluşundan şad olan birinci xanım Böyük Mehribanın ad gününə eyni səmimiyyətlə sevinir. Bir ailə kimi. Dövlət isə ailənin böyük modelidir. Ailəmizi və dövlətimizi və ya dövlətimizi və ailəmizi qoruyaq. Prinsipcə hər ikisi eyni mənanı verir.




Geri qayıt