Əsas Səhifə > Partiya, Güney Press > "Əli Kərimli üçün müxalifətin birliyi önəmli olsaydı..."

"Əli Kərimli üçün müxalifətin birliyi önəmli olsaydı..."


21-08-2019, 10:00
"Əli Kərimli üçün müxalifətin birliyi önəmli olsaydı..."
“Yurd” sədri Əli Kərimli yay mövsümünü sosial şəbəkələrdəki paylaşım və “Youtube” kanallarında bir-birini təkrarlayan çıxışlarla başa vurmaqla gününü keçirmir, həm də özünün "mübarizə obyektləri"ni seçib söydürür, agent adalnadırır.

Bəs mübarizə obyektləri kimdir?

İsa Qəmbər, İlqar Məmmədov, Razi Nurullayev, Pənah Hüseyn, Arif Hacılı və başqa müxalifətçilər. "Müxalifət naziri" statusu üçün bütün oyunların peşində olan Kərimli müxtəlif planlar qurur və hikkəsinin əsiri olmaqda davam edir. Müxalifətin rəqibi sayılan iqtidar qalıb kənarda Kərimlinin trolları sosial şəbəkələrdə ancaq müxalifəti ittiham edir. Məqsəd dediyimiz kimi "müxalifət naziri" olmaq və "Qaynana" filmindəki Əli demişkən pulları "çin-çin" etməkdir. Əgər Kərimli üçün müxalifətin birliyi önəmli olsaydı, onda sosial şəbəkə trollarına hədəf olaraq müxalifətçiləri yox, status baxımından (hərgah Əli Kərimli heç kimin rəqiqbi deyil - müəllif) rəqib olan qüvvəni nişan verər və enerjini onlara tərəf istiqamətləndirərdi. Fəqət, 1995-ci ildən üzübəri Əli Kərimlinin rəqibi hər zaman müxalifət olub, iqtidar yox...

Müxalif qüvvələrin parçalanaraq ayrılıqda fəaliyyət göstərməsi, hətta ən yaxşısı fəaliyyətsiz qalması üçün bacardığı bütün oyunlardan çıxan, onlarla xalq arasında uçurum yaratmaq istəyən “Yurd” sədri özünü cəmiyyətdən gələn ciddi təpkilər fonunda narahat hiss edir. Buna görə də müxalif cameədəki istənilən hərəkətlilik onu narahat edir.

Son 20 illik fəaliyyətindəki bütün uğursuzluqlara baxmayaraq, tənqid etdiyi məmurlardan fərqli örnək ortaya qoya bilməyən və xaraktercə iqtidarın ən pis məmuru ilə müqayisə oluna bilən "Yurd" sədri "müxalifət naziri" kürsüsü hər yerdən daha təhlükəsizdir. Burada ondan hesabat tələb edilmir, gördüyü işlərin xalqın rifahına təsiri dəyərləndirilmir, alınan vəsaitlərin nə mənbəyi, nə mənşəyi, nə də xərcləri soruşulur.

Məhz bu hesabatsızlıq Kərimlini bundan sonra daha neçə illər həmin kürsüsünü zəbt etməyə şirnikləndirir. Onun indi dayandığı yerdə ancaq söz söyləmək, tənqid etmək, bunlar işə yaramayanda təhqir maşınını işə salmaq, trolları meydana buraxmaqdır. Deyilən sözün məsuliyyətini daşımamaq “Yurd” sədri və onun nəzarətində olanlar üçün adi həyat tərzidir. Buna görə də ancaq və ancaq keçmişdən, bu gündən danışır, gələcəklə bağlı heç bir proqram ortaya qoymur. Çünki məqsədi hakimiyyətə gəlib indi tənqid etdiyi sahələrdəki problemləri aradan qaldırmaq deyil. Məqsədi əbədi müxalifətdə qalaraq ölkədə hər hansı dəyişikliyin qarşısına daş yuvarlamaq, xalqın müxalifətə olan inamını sonuna qədər məhv etmək, beləliklə təlimat aldığı dairələrin “əlinə işləmək”dir.

Belə olmasaydı, tənqidi sağa-sola səpələdiyi məsələlərdən heç olmasa biri ilə bağlı konkret həll variantı irəli sürər, təklif səsləndirər, normal ölkələrdəki normal müxalifət kimi proqblemləri ictimai müzakirəyə çıxarmağa cəhd göstərərdi. Amma Kərimli özü də bilir ki, istənilən problemli sahə ilə bağlı ictimai müzakirə təşkil etsə belə, ətrafında bu məsələni hərtərəfli təhlil edib həll variantı göstərə biləcək bircə mütəxəssis də görməyəcək. Zamanında bütün nüfuzlu şəxsləri, ekspertləri, öz sahəsinin mütəxəssisi olanları oyunlarla kənarlaşdıran, müxalifəti beləliklə “tərksilah” edən Əli Kərimli üçün meydanda ancaq özünün qalması vacib idi ki, “bazarlıq” daha asan olsun, əldə etmək istədiklərinə çatmaq üçün yolunda heç bir maneə qalmasın. İstədiyini əldə etdi, “Yurd” sədrinin müxalifətçiliyinin iqtidara qarşı yox, müxaliflərə qarşı olması dəfələrlə təsdiqləndikdən sonra “təkbaşına siyasi mübarizə” mərhələsi başladı və beləliklə planın ikinci hissəsi-xalqın inamının məhv edilməsi planı icraya yönəldildi.

İndi, siyasi fəaliyyətinin növbəti “sezonunda” ölkə siyasətinə, xalqa, dövlətçiliyə, müxalifətə vurduğu ziyanın miqyası hesaba gəlməyən “Yurd” sədrinin "payız hikkəsi" də əvvəlkilərdən heç nə ilə fərqlənməyəcək. Kərimlinin getdiyi yol ancaq intriqaya, parçalanmağa, inamsızlığa apardığından, bu yolda özü və ətrafındakı bir neçə nəfərdən başqa kimsə gözə dəymir.

Halbuki zamanında təkcə indi adına iddia etdiyi AXCP-də nə qədər nüfuzlu siyasətçi, hərəkatçı, döyüşçü, ekspert toplaşmışdı. Müxalifətin əsas bazasını təşkil edən bu insanlar real təsiredici qüvvə idi, zamanında hökumət də onlarla hesablaşır, qüvvəni dəyərləndirir, addımlarını bütün mümkün etirazları nəzərə alaraq atırdı. Kərimlinin təkcə müxlaifətə yox, həm da xalqa “xidməti” ancaq bu gücü parçalamaqdan ibarət oldu. Ziyanını isə bütün xalq çəkir.
Cebhe.info

Geri qayıt