Əsas Səhifə > Partiya, Güney Press > Yadigar Sadıqlının Müsavat başqanlığına namizədliyi aranı qatdı
Yadigar Sadıqlının Müsavat başqanlığına namizədliyi aranı qatdı3-08-2019, 08:42 |
Müsavat Partiyası mühacirlərə saxta arayışlar verdiyi barədə iddiaların ardından indi də daxilindən çalxalanır. Partiyanın qurultayı yaxınlaşdıqca gərginlik artır. Divan üzvü Yadigar Sadıqlının başqanlığa namizəd olacağını bəyan etdikdən sonra partiya daxilində qarşıdurmalar yaşanır. Narazılıq o həddə çatıb ki, Müsavat Divanı son iclasında Y.Sadıqlı başda olmaqla Yafəz Həsənov, Könül Şamilqızı və Nemət Kərimliyə xəbərdarlıq edib. Bununla bağlı başqanlığa namizəd status paylaşaraq qərara bu cür mövqe sərgiləyib: “Müsavat Partiyasının növbədənkənar Divanı keçirilib. Lənkəranda olduğum üçün iştirak edə bilmədiyim iclasda partiya Nizamnaməsinə zidd qərar qəbul edilib. Müsavat Partiyasının Nizamnaməsindən: 1.8. Partiya üzvünün aşağıdakı hüquqları vardır: - partiya seçkili orqanlarına namizəd göstərmək, seçmək və seçilmək; - partiyanın siyasəti və əməli fəaliyyəti məsələlərini partiya yığıncaqlarında, mətbuat səhifələrində azad müzakirə və tənqid etmək, təklif və rəylər vermək; - hər bir partiya orqanını və vəzifəsindən asılı olmayaraq istənilən partiya üzvünü tənqid etmək; - bütün partiya orqanlarına müraciət etmək və cavab tələb etmək; - mənsub olduğu partiya qurumunun bütün tədbirlərində prosesin gedişinə qarışmadan müşahidə etmək və qeydlər aparmaq. Partiya üzvünə partiyadaxili və ictimai müzakirələr zamanı söylədiyi nitqlərə görə intizam tədbiri tətbiq edilə bilməz. Qəbul edilən qərar: Divan partiya rəhbərliyini və partiya üzvlərini nüfuzdan salan publik (ictimai) müzakirələrə son qoyulmasını, partiyadaxili müzakirələrin ictimailəşdirilməsinin partiyanın nüfuzuna xələl gətirdiyi və Müsavata qarşı olan qüvvələrin bu açıqlamalardan partiyaya qarşı istifadə etdiyi üçün belə halların yolverilməz olduğunun partiya üzvləri Yafəs Həsənovun, Könül Şamilqızının, Nemət Kərimlinin, Yadigar Sadıqlının diqqətinə çatdırılması barədə qərar qəbul edib. Bu mənim namizədliyimə qarşı administrativ resursdan istifadədən başqa bir şey deyil. Əslində həmin qərar daha çox məni dəstəkləyəcək, müdafiə edəcək şəxsləri çəkindirməyə hesablanıb. Mən heç zaman Müsavat Partiyasını nüfuzdan salan hərəkətlər etməmişəm. Əksinə, qürur və fəxrlə deyə bilərəm ki, Müsavata ən çox nüfuz qazandıran şəxslərdən biri olmuşam". Y.Sadıqlının son statuslarından biri də budur: “Seçki rəqabəti zamanı qaçılmaz olan tənqidlərə, iradlara normal reaksiya verib partiyanı müsbət mənada gündəmə gətirmək, burada plüralist mühitin, ədalətli rəqabətin olduğunu göstərmək mümkün idi. Bunun əvəzində müşahidə etdiyimiz isterik reaksiya (bunun 95%-i qapalı qrupdadır, çox şeyi ictimaiyyət bilmir), ağızları yummaq cəhdi ya arqument çatışmazlığından doğur, ya da antidemokratik zehniyyətdən. Ya da hər ikisindən”. Müsavat başqanının müavini Səxavət Soltanlının yazdığı bu status xüsusilə diqqət çəkir: “Müsavat Divanının son iclasında iştirak edən Divan üzvləri hamılıqla (yekdilliklə) səs verərək bir siyasi qərar verib. 4 nəfərə- əməlləri konkret göstərilməklə bəzi davranışları ilə “partiyaya zərər vurduqlarını”, onların diqqətinə çatdırmağı, “bu kimi davranışları dayandırmağın lazım olduğunu” bildirməsini nizamnaməyə zidd hesab etmək yalnız bilgisizlik (savadsızlıq) deyil. Bununla yanaşı demokratiya, səsvermə mədəniyyətinin hələ də qavranılmamasının göstəricisidir. Divanın son qərarı hansısa cəza deyil, siyasi uyarıdır. Konkret davranışlara siyasi qiymət verməkdir. Hansısa əmələ, hadisəyə siyasi qiymət vermək üçün hadisənin baş verməsi kifayətdir. Azərbaycan Respublikasının qanunlarını da, partiya nizamnaməsini və proqramını kobud şəkildə pozmaqla insanları təhqir etmək, şər-böhtan səsləndirmək, şəxslərin və partiyanın nüfuzuna zərbə vurmaq kimi əməllərə siyasi qiymət vermək nizamnamə pozuntusuymuş. Bərk bağırmaqla haqlı görsənmək dövrü geridə qalıb. İnsanlar kimin nəyi niyə görə etdiyini, murdar əməllərini duyğu sümrüsü ilə gizlətmək cəhdlərini yaxşı görür. Müsavat Partiyası Azərbaycan siyasi partiyaları arasında dünyada və xalqımız arasında ən sayğı və rəğbətə sahib olan partiyalardan biri, yeganə gizli səsverməsi və daxili müzakirəsi olan demokratik partiya olması, ən güclü regional strukturlara və beynəlxalq əlaqələrə sahib olması yalnız hakimiyyəti narahat etməlidir. Hakimiyyət həmin beynəlxalq təşkilatlar və demokratik dövlətlərdə Müsavat Partiyasını gözdən salmaq üçün başlatdığı kampaniyanı kim fürsət hesab edib bizə hücum etmək istəyirsə, heç kim niyyətinə çatmayacağını da bilsin." Başqan müavininin paylaşdığı daha bir status Müsavat daxilindəki gərginliyin hansı həddə çatdığını açıq göstərir. Həmin statusu təqdim edirik: “Hansısa hərəkətinizi dəstəkləyənlərin arasında murdar adamlar, əvvəllər sizin söydükləriniz, sizi söyənlər çoxluq təşkil edirsə, bir düşünün. Heç olmasa ”Bəlkə səhv edirəm?" deyə özünüzə sual verin. Az sayda normal adamın səmimi aldanaraq sizə dəstək verməsi sizi çaşdırmasın (ürəkləndirməsin). Hərəkətlərimizin doğruluğuna tam əmin olmaq üçün yüzlərlə vicdanlı adamın, əsas hədəf kimi ləyaqətli həyat yaşamağı seçən, yaxından tanıdıqlarımızın münasibəti ilə tənzimləyək". Görünən odur ki, Müsavat qurultayı keçirilənə qədər narazılıqlar artan xətlə gedəcək. 2014-cü ildə baş tutan son qurultay ərəfəsində də bu cür hallar yaşanmışdı. Məhz o zaman başqanlığa namizəd olan Tural Abbaslı Ağ Partiya və Qubad İbadoğlu isə ADR hərəkatını yaradaraq, Müsavatdan getmişdilər. İndi də belə halın yaşanacağını ehtimal etmək olar. “Yeni Müsavat” Geri qayıt |