Əsas Səhifə > Partiya, Güney Press > Müxalifətin payız gözləntisi alınmadı, ümid qışa qaldı

Müxalifətin payız gözləntisi alınmadı, ümid qışa qaldı


26-07-2019, 09:04
Müxalifətin payız gözləntisi alınmadı, ümid qışa qaldı
Yayda və ya payızda növbədənkənar parlament seçkilərinin olacağı barədə iddialar belə görünür ki, gerçəkləşmədi. Müxalifət düşərgəsində bir çoxları hətta buna köklənmişdi və hazırlıqlara başlamışdı. Artıq əminliklə söyləmək olarmı növbədənkənar seçki olmayacaq? Müxalifətin bu il üçün hədəfi qışda-dekabrın sonunda keçiriləcək bələdiyyə seçkiləri olmalıdırmı?

AĞ Partiyanın sədri Tural Abbaslı “Yeni Müsavat”a bildirdi ki, əslində hazırda Azərbaycanda çox mürəkkəb siyasi proseslər davam edir. Bunu sezməmək mümkün deyil. Ölkə seçkiyə bu vəziyyətdə gedir: “Yəni vəziyyətin ilk baxışdan göründüyü kimi sadə olduğunu qətiyyən düşünmürəm. Mən hələ növbədənkənar parlament seçkilərinin olmayacağına əmin deyiləm. Bu iqtidarın idarə metoduna və siyasi xarakterinə bələd olan biri kimi deyə bilərəm ki, istənilən an istənilən qərar verilə bilər. Müxalifət isə öz fəaliyyətini iqtidarın atacağı addımlara görə planlamamalı və qurmamalıdır. Biz AĞ Partiya olaraq siyasi fəaliyyət proqramımızı özümüz hakimiyyətin addımlarından asılı olmadan qururuq və həyata keçirməyə çalışırıq. Ancaq eyni zamanda təbii ki, iqtidarın da addımlarını diqqətlə izləyir, analiz edir və nəzərə alırıq. Seçki elə bir məsələdir ki, hər bir partiya hər an seçkiyə hazır olmağa çalışmalıdır. Çünki seçkilər hakimiyyətə gəlməyin yeganə sivil yoludur və partiyaların ümumən işləri də seçkidə iştirak edib nəticə əldə etməkdir. Odur ki, məncə, hələlik bu mövzular barədə tələsik qərarlar vermək doğru deyil.

Ən azından bizim yaxın keçmişdə müşahidə etdiyimiz növbədənkənar prezident seçkiləri və buna aparan proseslər var. O zaman da təqribən indiki kimi müxtəlif zamanlarda müxtəlif şayiələr, dedi-qodular, təkziblər və sair vardı. Hətta prezident seçkilərinin standart keçirilmə zamanına uyğun olaraq MSK işə də başlamışdı. Ancaq seçki zamanına 6 ay qalmış növbədənkənar seçkilər keçirildi. Odur ki, hər an hər şeyə hazır olmaq lazımdır. O ki qaldı ilin sonunda keçiriləcək bələdiyyə seçkilərinə, burada vəziyyət nisbətən fərqlidir. Çünki faktiki olaraq Azərbaycanda bələdiyyələr nüfuzsuz, təsir imkanları olmayan formal bir seçkili orqandır. Bələdiyyələrin Azərbaycanın istər siyasi, iqtisadi, mədəni istərsə də sosial həyatına real bir təsiri yoxdur. Ancaq buna baxmayaraq, bələdiyyə seçkilərində iştirak üçün hüquqi tələblər kifayət qədər ağır və bürokratik çətinliklərlə doludur. Ona görə də inanmıram ki, hansısa siyasi partiya bu seçkiləri ciddiyə alsın və aktiv şəkildə iştirak etsin”.

ALDP sədri Fuad Əliyev isə bildirdi ki, bu il növbədənkənar parlament seçkilərinin olmayacağını artıq əminliklə söyləmək mümkündür: “Artıq bələdiyyə seçkilərinə az vaxt qalıb. Dekabrda keçiriləcək bələdiyyə seçkiləri kampaniyasına oktyabrda start verilməlidir. Oktyabra isə az vaxt qalıb. Hesab edirəm ki, növbədənkənar parlament seçkiləri gələn ilin mayında keçirilə bilər. Hər bir halda biz müxalifət olaraq payız və qışın ilk ayını parlament seçkiləri deyil, bələdiyyə seçkilərinə yönəlik prosesləri müşahidə edəcəyik. Çox az ehtimal olsa da bələdiyyə seçkiləri ilə eyni gündə parlament seçkiləri qərarı verilməsini də tamamilə istisna etmək olmaz. Bələdiyyələrin funksiyalari, qanunla verilən səlahiyyətlərinin çoxunun həyata keçirilmədiyinin şahidiyik. Bələdiyyələr müstəqil deyil. Dolayısı ilə icra hakimiyyətinin bir strukturu kimi fəaliyyət göstərir. Odur ki, biz ALDP olaraq bələdiyyə seçkilərində iştirakı məqsədəuyğun hesab etmirik. Bələdiyyə seçkiləri kampaniyasının verəcəyi az-çox ictimai aktivliyi biz növbəti parlament seçkilərinə hazırlıq üçün istifadə etməyi məqsədəuyğun sayırıq. İlk bələdiyyə seçkilərində - 1999-cu ildə 600 ALDP üzvü bələdiyyə üzvü seçilmişdi. İkinci və üçüncü dəfə keçirilən bələdiyyə seçkilərində isə bir nəfərin də seçilməyinə imkan verilmədi. Həm də buna görə bu il keçiriləcək bələdiyyə seçkilərinə qatılmağı düşünmürük və bələdiyyə seçkiləri üçün hazırlaşmırıq. Partiya üzvləri sərbəstdirlər seçimlərində. Kimlərsə iştirak edə bilər, amma partiya onlara dəstək verməyəcək”.

AMİP katibi Əli Orucov qeyd etdi ki, ölkədə növbədənkənar seçkilərin bu ilin sonunadək keçirilməsi məqsəduyğun olardı. Növbədənkənar seçkilərin keçirilməsi üçün müəyyən şərtlər olmalıdır. Ya prezident ona verilən müstəsna səlahiyyətdən istifadə edərək parlamenti buraxmalıdır, ya da parlament özü-özünü buraxmalıdır. Bunların heç biri də aktual deyil. Çünki parlamentin növbədənkənar keçirilməsinə cəmiyyətin özündə və ictimai-siyasi proseslərin gedişində təsirli basqılar, yaxud da tələbat hiss edilmir: “Yəni indiki parlament belə görünür ki, prezidenti, ali hakimiyyətin başında duran şəxsi də, cəmiyyəti də qane edir. Halbuki dərinliklərdə indiki parlament onun səlahiyyətləri, fəaliyyəti dövrün tələblərinə cavab vermir. Üstəlik də ictimai narazılığı hakimiyyətə qarşı körükləyən bir quruma çevrilib. Ayrı-ayrı parlament üzvlərinin hər hansı bir sözü və səsləndirdiyi fikirlər belə cəmiyyətdə kəskin qıcıq yaradır. Parlament seçkilərinin erkən keçirilməsi ilə bağlı deyilənlərə inamım olmasa da, hər halda, buna inanalar indi də var. Məncə, müxalifət seçkilərin ilk etabı olaraq bələdiyyə seçkilərinə ciddi hazırlaşmalı, cəmiyyəti də bu ruhda hazırlamalıdr. Baxmayaraq ki, bələdiyyələrə və bələdiyyə seçkilərinə inam və etimad qalmayıb. Cəmiyyət bələdiyyələrə bir vacib institut kimi yanaşmır. Bizim də əsas məqsəd və fəaliyyətimiz uzun illər formalaşdırılımış bu stereotipləri dağıtmaq, insanları yerli özünü idarəyə həvəsləndirməkdən ibarət olmalıdr. Yerli sakinlər anlasa ki, özləri öz problemlərini həll etmək, yerli idarəçiliklə çox şeylərə nail olmaq mümkündür, o zaman davamlı olaraq digər seçkili qurumlara da maraq artacaq”.
“Yeni Müsavat”

Geri qayıt