Əsas Səhifə > Partiya, Güney Press > Qərb mediası və təşkilatları hakimiyyətlə barışıbmı
Qərb mediası və təşkilatları hakimiyyətlə barışıbmı13-07-2019, 09:48 |
Son aylarda Qərb mediasından və beynəlxalq təşkilatlardan Azərbaycan hakimiyyətinə qarşı “səlib yürüşü” səngiməkdədir. Avropa mətbuatı və insan haqları təşkilatları mütəmadi olaraq iqtidarı sərt tənqid edir, neqativ motivdə hesabatlar yayırdı. Hakimiyyət insan hüquq və azadlıqlarını boğmaqda, medianın müstəqilliyini buxovlamaqda, siyasi həbslər həyata keçirməkdə ittiham edilirdi. Bu ilin yanvarından isə Qərb nəşrləri və təşkilatları tənqidlərə ara veriblər. Halbuki “Amnesty İnternational”, “Human Rights Watch”, “Freedom House” kimi beynəlxalq təşkilatlar Azərbaycandakı ictimai-siyasi vəziyyətlə bağlı mütəmadi tənqidi hesabatlar yayırdı. Müşahidəçilərin fikrincə, hakimiyyətlə Qərb mediası və təşkilatları barışmış kimi görünür. Bu nəticəyə hökumətin yanvardan başladığı müəyyən islahatların, 50-dən çox siyasi məhbusu azad etməsinin təsir göstərdiyi ehtimal edilir. Hətta Avropa İttifaqı rəsmi Bakını əfv fərmanına görə alqışlamışdı. Elə bu günlərdə paytaxtımıza gələn Aİ prezidenti Donald Tuskun prezident İlham Əliyevlə görüşü, Azərbaycan-Aİ əlaqələrinin inkişaf etdiyini söyləməsi göstərdi ki, Qərblə Bakı arasında buzlar xeyli dərəcədə “əriyib”. Həmçinin ABŞ Dövlət Departamenti, Avropa Parlamenti, Avropa Şurası ilə hökumətin münasibətlərinin indi daha mülayim olduğu təsiri bağışlayır. AĞ Partiya başqanı Tural Abbaslı dünyada fəaliyyət göstərən insan haqları təşkilatlarını və nüfuzlu beynəlxalq media orqanlarını müstəqil hesab eləmir. Partiya sədrinin fikrincə, bu təşkilatlar və mətbu orqanları sadə insanların mövqeyindən çıxış etmir: “Guya ayrı-ayrı dövlətlərdə insan haqlarının məhdudlaşdırılması ilə bağlı hesabatlar hazırlayırlar. Əslində həmin təşkilatlar Qərbdəki dövlətlərin maraqlarına xidmət edir. Belə təşkilatların səmimiyyətinə heç zaman inanmamışam”. T.Abbaslının sözlərinə görə, sadəcə, təsir rıçaqlarını və kompromatları təşkil etmək üçün vaxtaşırı hesabatlarla çıxış edirlər: “Avropanın ən böyük məmuru Bakıya gəldi, ölkənin irəlilədiyini fəxrlə bildirdi. Donald Tusk demokratiya, azad seçki, sərbəst toplaşma azadlığı barədə heç nə demədi. Mən ”ümumbəşər dəyərlərin keşikçisi" kimi özünü təqdim edən bu qüvvələrin səmimiyyətinə inanmamağa çağırıram. Hər bir xalq öz müqəddəratını özü həll etməlidir". “Yeni Müsavat” Geri qayıt |