Əsas Səhifə > Partiya, Güney Press > “Təhqirlə başlayan hər hansı gərginliyin qarşısını vaxtında almaq lazımdır”
“Təhqirlə başlayan hər hansı gərginliyin qarşısını vaxtında almaq lazımdır”11-07-2019, 08:43 |
Artıq bir neçə gündür ki, Gürcüstanda “Rustavi 2" telekanalının aparıcısının Rusiya prezidenti Vladimr Putini təhqir etməsi ilə bağlı məsələ hər iki ölkə mətbuatında ciddi müzakirə olunmaqdadır. Qeyd edək ki, baş verən olaydan sonra telekanalın binasının qarşısında etiraz aksiyası keçirilib və yayımının dayandırılması tələb edilib. Aksiya səbəbi ilə baş direktor Nika Qvaramia yayımın dayandırıldığını bəyan edib. Daha sonra telekanal yayımını bərpa edib. Aparıcı Giorgi Qabunianın 2 ay müddətinə kanalın efirindən uzaqlaşdırılmasına qərar verilib. Bundan başqa, aparıcının telekanalın efirində yayımlanan istənilən proqramda iştirakı da qadağan edilib. Aparıcı barədə cinayət işinin açılması ilə bağlı fikirlər də səsləndirilib. Məsələyə Rusiya prezidenti Vladimir Putinin də cavabı gecikməyib. Prezident “Hər hansı cinayət işi başlamaq onun üçün böyük şərəf olar. Qoy, o, bundan sonra da işləsin”, - deyə reaksiya verib. Maraqlıdır, Azərbaycan siyasətçiləri eynilə Putinin vəziyyəti ilə qarşılaşsaydılar, yəni jurnalist təhqiri ilə üzləşsəydilər, reaksiyaları necə olardı? Mövzu ilə bağlı “Yeni Müsavat” tanınmış bir neçə siyasətçi arasında sorğu keçirib. Deputat Aydın Mirzəzadə sorğumuza bu cür cavab verdi: “Mən də eynilə Putinin qarşılaşdığı vəziyyətdə olsaydım, yəqin ki, sakit və təmkinli münasibət sərgiləyərdim. Təhqir, küçə ifadələri etikadan kənar münasibət Azərbaycan cəmiyyətinə xas olan məsələ deyil. Lakin ara-sıra kimsə bu cür davranış nümayiş etdirirsə, bu, artıq onun xarakterinin, mədəniyyətinin göstəricisidr. Onun səviyyəsinə enmək, polemikaya girmək düzgün olmazdı. Və yaxud ona cəza tətbiq edilməsini tələb etməyin də özü düzgün olmazdı. Hesab edirəm ki, siyasətçi, ziyalı, cəmiyyətdə üzdə olan şəxslər həmişə təmkinli olmalıdır. Bu baxımdan təhqirlə başlayan hər hansı gərginliyin qarşısını vaxtında almaq lazımdır. Bunun da yeganə yolu təmkinli olmaqdır”. Aydın Mirzəzadə jurnalist təhqiri ilə qarşılaşdığını da qeyd etdi: “Çox təəssüf ki, belə hallar olub və bu günlərdə də qarşılaşmışam. Belə ki, facebook səhifəmdə, eləcə də profilimdə ara-sıra bu cür təhqirlər, heç bir mədəniyyətə sığmayan yazılar olur. Mən, sadəcə, onları silirəm və hesab edirəm ki, millət vəkili hər zaman səbirli və təmkinli olmalıdır". Deputat Fəzail Ağamalı isə istənilən bir situasiyada, vəziyyətdə təhqiri çox pis qarşıladığını bildirdi: “Təhqir acizlik əlaməti, səviyyəsizliyin göstəricisidir. Gürcüstan jurnalistinin Rusiya prezidenti Vladimir Putini təhqir etməsini qətiyyətlə pisləyirəm və düşünürəm ki, jurnalist bunu etməməli idi. Putin də öz səviyyəsini saxlayaraq, jurnalistə cinayət işinin açılmasını məqbul hesab etmədi və düşünürəm ki, bu onun dövlət xadimi kimi böyüklüyünün ifadəsidir. Bu cür hallar Azərbaycanda da var. Çox təəssüf ki, mətbuatda biz bunun şahidi olmuşuq. Dəfələrlə olub ki, bizdə də millət vəkilləri, o cümlədən yüksək vəzifə tutan məmurlar bu cür halla qarşılaşıb, lakin böyük nümayiş etdirərək, bu məsələyə əhəmiyyət verməyiblər. Şəxsən mənim özüm uzun illər boyu ən müxtəlif şəkildə təhqirlərə məruz qalmışam. Lakin buna qarşı təmkinlik nümayiş etdirmişəm”. ADP sədri Sərdar Cəlaloğlunun məsələyə münasibəti bu cür oldu: “Düşünürəm ki, həmin gürcü aparıcı jurnalist kimi deyil, vətəndaş kimi çıxış edib. Məlum məsələdir ki, Rusiya bu ölkənin ərazisini işğal edib və sairə. Ona görə də düşünürəm ki, aparıcı bir vətəndaş münasibəti ortalığa qoyub. Hər bir işğalçı da bilməlidir ki, işğal etdiyi ölkənin vətəndaşı ona hörmət etməz. Putin də bunu anladığı üçün qeyd edib ki, ”şərhə ehtiyac yoxdur". Yəni Putin də başa düşür ki, jurnalist məhkəməyə verilərsə, o da Rusiyanın işğalçı ölkə olması ilə bağlı proseslərə başlaya bilər. Ona görə də ağıllı siyasət yürüdərək bu məsələnin üstündən keçəcək". Sərdar Cəlaloğlu heç bir zaman jurnalist təhqiri ilə rastlaşmadığını bildirdi. Öz növbəsində AĞ Partiyanın sədri Tural Abbaslı da hər zaman təhqirin əleyhinə olduğunu dedi: “Əvvəla onu qeyd edim ki, istər siyasətdə, istər məişətdə, istərsə də digər ictimai sferalarda, ümumiyyətlə, təhqirin əleyhinəyəm. Bu məsələ həm əxlaqi, həm də hüquqi baxımdan qətiyyən qəbuledilən deyil. Şükür ki, hələ mənim şəxsimə qarşı Azərbaycanda fəaliyyət göstərən hər hansı bir jurnalist təhqiramiz ifadə və ya fikir işlətməyib. Belə bir hərəkətə şərait yarada biləcək addımlarımın da olduğunu düşünmürəm. Ancaq nəzərə alsaq ki, biz siyasətçilər ictimai xadimlərik, o zaman belə münasibətlə hər an üzləşə bilərik. Mənə qarşı belə bir münasibət sərgilənərsə, təbii ki, ilk növbədə həmin jurnalistlə bu məsələyə səmimi ortamda şəxsən aydınlıq gətirməyə çalışaram. Daha sonra isə gərək olarsa qanunların verdiyi hüquqlarımdan istifadə edərəm. Ümumiyyətlə isə belə xoşagəlməz halların baş verməsini arzulamıram. Həmçinin belə bir deyimimiz də var ki, təhqir cavabsız qaldıqda sahibinə aid olur”. Geri qayıt |