Əsas Səhifə > Partiya, Güney Press > “Cavabı İsgəndər Həmidovun özündən almaq daha yerinə düşərdi”
“Cavabı İsgəndər Həmidovun özündən almaq daha yerinə düşərdi”26-06-2019, 10:14 |
İki hissəyə ayrılan Azərbaycan Xalq Hərəkatı özünün ən passiv dövrünü yaşayır. İki adda fəaliyyət göstərən hərəkatın demək olar ki, adı iclaslardan-iclaslara hallanır. AXH-nin lideri, sabiq daxili işlər naziri İsgəndər Həmidov isə səhhəti ilə əlaqədar Şamaxıdakı bağ evində istirahət edir. Bu da hərəkatın fəaliyyətinin ciddi şəkildə zəifləməsinə səbəb olub. Eyni zamanda İ.Həmidovun adı ətrafında bəzi söz-söhbətlər gəzməkdədir. Onun mayın ortalarından etibarən AXH-yə hücumlar başlayan zaman ölkəni tərk edərək səhhəti ilə əlaqədar Türkiyəyə getməsi və oradan qayıtdıqdan 2-3 gün sonra Şamaxıya getməsi çoxsaylı suallara yol açıb. Müzakirələr sırasında AXH-nin mitinq məsələsi də var. Hərəkat iyulun 20-nə mitinq təyin edib və bunun üçün aidiyyəti orqana müraciətini də ünvanlayıb. AXH-nin İdarə Heyətinin üzvü, GAP sədri Ağasif Şakiroğlu “Yeni Müsavat”a son durumu dəyərləndirdi: “AXH hazırda regionlarda təşkilatlanma işləri görür. Hər bir iş əvvəlki qaydasında aparılır. Sadəcə, əvvəlki dövrdən fərqli olaraq görülən işlərin piarı aparılmır. Məsələnin digər tərəfinə gəldikdə isə nəzərə alınmalıdır ki, hazırda yay ayıdır. Azərbaycanda artıq illərdir ki, yay aylarında siyasi fəallıq hər zaman qismən zəif olub. Bu da əhalinin aktiv kəsiminin Bakını tərk etməsi və vətəndaşların bir qədər istirahətə vaxt ayırması ilə bağlıdır. Bu da normaldır. Bu səbəbdən də hazırda AXH Bakıda deyil, yaranmış vəziyyətlə bağlı regionlarda lazımi işlər aparmaqdadır. AXH yarandığı gündən 1 plan üzrə hərəkət edir. O da ölkənin ən qısa zamanda demokratikləşməsinə nail olmaqdır”. A.Şakiroğlu verdikləri mitinq qərarından da söz açdı: “Mitinqlə bağlı qərarımız var. Bakı meriyasına müraciət də təqdim edilib. AXH İdarə Heyəti və eyni zamanda AXH-nin bütün yerli strukturları da Bakı meriyasının cavabını gözləyir. Yürüş-mitinqə hakimiyyət qorxmayıb da icazə versə, çox möhtəşəm yürüş-mitinq keçirəcəyik. Hazırda meriyanın cavabını gözləyirik”. GAP sədri İ.Həmidovdan xəbərsiz olduğunu da söylədi: “Əlahiddə heç bir xəbərim yoxdur, sizin kimi mən də sonuncu dəfə yayılmış video ilə tanış olmuşam. Bu videoda söylənilənlərdən başqa heç bir məlumatım yoxdur. Düşünmürəm ki, burada nəsə əlahiddə plan var və ya hər hansısa bir qaranlıq məqam olsun. Sadəcə, görünür, yaranmış situasiya cəmiyyətdə və sizlərdə belə rəy yaradıb. Hər halda, bütün bu və digər suallara cavabı İsgəndər Həmidovun özündən almaq daha yerinə düşərdi. Mənim hazırkı şəraitdə onunla kontaktım yoxdur. Belə bir şəraitdə də nəsə deməyim doğru səslənməz”. Geri qayıt |