Əsas Səhifə > Partiya, Güney Press > “Hadisələrin bundan sonrakı inkişafına görə ən böyük məsuliyyət vasitəçilərin üzərinə düşür...”

“Hadisələrin bundan sonrakı inkişafına görə ən böyük məsuliyyət vasitəçilərin üzərinə düşür...”


15-06-2019, 10:09
“Hadisələrin bundan sonrakı inkişafına görə ən böyük məsuliyyət vasitəçilərin üzərinə düşür...”
Azərbaycan prezidenti İlham Əliyevlə erməni baş nazir Nikol Paşinyan arasında ötən ilin sentyabrında Düşənbə şəhərində görüş zamanı cəbhə xəttində atəşkəsə əməl olunması barədə razılaşmanı Ermənistan tərəfi artıq tamamilə pozub. Təkcə son 10 gündə baş verənlər bunun sübutudur.

Azərbaycan ordusunun mayor rütbəli tabor komandirinin snayperlə vurulması, cəmi bir neçə gün sonra ordumuzun əsgərinin şəhid edilməsi, Ermənistan müdafiə nazirinin azərbaycanlı əsgərin öldürülməsi əmrini şəxsən verdiyini bəyan edərək bu cinayəti həyata keçirən ermənini təltif etməsi, iki gün öncə Füzuli rayonu istiqamətində uçuş manevri eləyən Azərbaycan hərbi təyyarəsini ermənilərin raketlə vurmağa cəhd eləməsi son gündə baş verən hadisələrdir. Siyasi, hərbi ekspertlər hesab edir ki, Ermənistanın bu addımları iki ölkənin rəhbərləri arasında əldə edilmiş razılaşmanın, ümumiyyətlə isə uzun illərdir formal da olsa mövcud olan atəşkəs rejiminin aradan qalxması sayıla bilər.

Ermənistan tərəfi atəşkəs razılaşmalarını pozmaqla sülh danışıqlarının əhəmiyyətsiz olduğunu bir daha nümayiş etdirir, Minsk Qrupu və digər beynəlxalq qurumların bəyanatlarını da saya salmadığını göstərir.

Son 10 gündə Dağlıq Qarabağda digər ölkələrin daxilindəki separatçı qondarma respublikaların da iştirak etdiyi “Conİfa-2019" futbol yarışlarının keçirilməsi də münaqişənin sülh yolu ilə həll edilməyəcəyinə əyani sübut idi. Ermənilər Qarabağı qaytarmaq fikirlərinin olmadığını bu hadisə ilə bir daha sübut etdilər. Siyasi ekspertlər hesab edir ki, erməni rəhbərliyinin təxribat xarakterli davranışları haqqında ATƏT-in Minsk Qrupu başda olmaqla, bütün beynəlxalq təşkilatlara xəbərdarlıq edilməli və baş verənlər rəhbər tutularaq separatçı rejimə qarşı hərbi əməliyyatlara başlanmalıdır. Ermənistan tərəfinin Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllinə heç bir imkan yeri qoymadığı bəyan edilməlidir.

Milli Məclisin deputat Elman Nəsirov qeyd etdi ki, Ermənistan tərəfinin atəşkəs barədə razılaşmaları pozmasının arxasında müəyyən məqamlar dayanır: “Belə ki, Köçəryan-Sərkisyan bloku Nikol Paşinyanı münaqişənin həlli prosesində açıq xəyanətdə ittiham edərək söyləyirlər ki, o, yaxın zamanlarda münaqişənin həlli ilə bağlı Azərbaycanın xeyrinə addımlar atıb torpaqların Azərbaycana qaytarılmasına çalışır. Belə bir vəziyyətdə Paşinyan radikallaşır və kompromissiz siyasətçi olması ilə bağlı fon yaratmaq üçün münaqişənin həlli prosesində heç bir güzəştə getməyəcəyini bəyan edir. Paşinyan ona qarşı ünvanlanan əks çıxışları haqsız çıxarmaq üçün qoşunların təmas xəttində gərginliyin süni şəkildə artırılması ilə bağlı tapşırıqlar verib. Vəziyyətin gərginləşməsi bununla bağlıdır”.

E.Nəsirov hesab edir ki, vəziyyətin gərginləşməsində xarici amillərin də rolu var: “Bu məsələdə həmsədrlərin üzərinə çox böyük məsuliyyət düşür. Ermənistanın təxribatları ard-arda davam edir. Lakin həmsədrlər belə bir vəziyyətə adekvat münasibət ortaya qoymurlar. İşğalçının əməllərini kəskin tənqid edən, eyni zamanda onun üzərinə məsuliyyət qoyan davranış göstərmirlər. Ona görə də bu gün Nikol Paşinyan da Serj Sərkisyanın yolunu tutub. Erməni baş nazir törətdiyi cinayətlərə görə cəzasız qalacağını düşünür. Bu səbəbdən də məsuliyyətsiz və vəziyyəti gərginləşdirə biləcək addımlar atır. Nə qədər ki, vəziyyət daha da ağırlaşmayıb, Minsk Qrupu son dərəcə qətiyyətli və kəsərli mövqe ortaya qoymalıdır. Dağlıq Qarabağla bağlı yaranmış gərginlik müharibə riskini artırıb. Müharibə riski hər zaman var və daha da artmaqdadır. Bu gün hadisələrin inkişaf tendensiyasını təhlil etsək, bu qənaətə gəlmək olar ki, bir qığılcım müharibənin başlamasını real edə bilər. Hadisələrin bundan sonrakı inkişafına görə ən böyük məsuliyyət Ermənistanın, münaqişənin həlli missiyasını üzərinə götürən və heç bir real addım atmaq qabiliyyətinə malik omayan ATƏT-in Minsk Qrupunun üzərinə düşür”.

Bu arada Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında növbəti görüşün tarixi və yeri məlum olub. Azərbaycan XİN-in mətbuat xidməti idarəsindən Musavat.com-a bildirilib ki, nazirlər iyunun 20-də ABŞ-ın paytaxtı Vaşinqtonda görüşəcəklər. Danışıqlar ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə baş tutacaq. Danışıqların əsas müzakirə mövzusunun son günlər təmas xəttində gərginliyin yaranması olacağını güman etmək olar. Lakin analitikləri fikrincə, nazirlərin keçirəcəyi görüşün də prosesə ciddi müsbət təsir edəcəyi ehtimalı çox azdır. Ermənistan dövlət başçılarının razılaşmasını pozursa, nazirlərin əldə edəcəyi hansısa razılaşmanın da təsirinin olmayacağı, qısa zamanda pozulacağı şübhəsizdir.
“Yeni Müsavat”

Geri qayıt