Əsas Səhifə > Partiya, Güney Press > 15 iyun həm də cəbhəçilərin qurtuluş günüdür

15 iyun həm də cəbhəçilərin qurtuluş günüdür


12-06-2019, 08:53
15 iyun həm də cəbhəçilərin qurtuluş günüdür
1993-cü il 4 iyun qiyamında Surət Hüseynov, başda prezident Əbülfəz Elçibəy olmaqla, hakimiyyətin yuxarı eşalonunda əyləşənlərin hamısını fiziki cəhətdən məhv edəcəyi xəbərdarlığını etmişdi. Hətta onları asmaq üçün dar ağacı quracağını bəyan eləmişdi. Hakimiyyət qüvvələrinin də Surətin qarşısında aciz duruma düşdüyü məlum idi. Qiyamı beşiyində boğa bilməyən hakimiyyət artıq mövqelərini sürətlə itirməkdəydi. Surət Hüseynovun qüvvələri rayonları ələ keçirə-keçirə Bakıya doğru irəliləyirdilər.

Bu gözü dönmüş dəstənin qarşısında hakimiyyət qüvvələri, demək olar ki, heç bir müqavimət göstərə bilmirdilər. Siyasi iradəsizlik, nazirlər səviyyəsində satqınlıq da bir yandan vəziyyəti hakimiyyətin zərərinə sürətlə dəyişirdi. Bir sıra tarixçilər və siyasi təhlilçilər hesab edir ki, Heydər Əliyev Naxçıvandan Bakıya gəlməsəydi, 15 iyunda Milli Məclisin sədri seçilərək prosesə müdaxilə etməsəydi Surət Hüseynovun qüvvələri paytaxtı ələ keçirəcəkdilər və prezident Əbülfəz Elçibəy də daxil hakimiyyət komandasının fiziki məhvi məsələsi reallaşa bilərdi. Gəncədə hökumət qüvvələrinin komandirini qətlə yetirən, mərkəzdən göndərilmiş hökumət rəsmilərini, baş prokuroru girov götürən qüvvənin buna getməyəcəyinə təminat yox idi. Elçibəy Heydər Əliyevi dəvət etməsəydi hakimiyyət Surətin qüvvələri ilə üz-üzə qalacaqdı və qeyd olunan bu cür dəhşətli hadisələr o zaman yaşanacaqdı. Bu baxımdan Heydər Əliyevin gəlişi əslində həm də AXC hakimiyyətinin başında dayanan bir çox insanları bəlkə də ölümdən qurtarmış oldu.

Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası Beynəlxalq əlaqələr komissiyasının katibi Elman Nəsirov hesab edir ki, 15 iyun xaosun sonu, milli qurtuluşun başlanğıcıdır: “Ümummilli lider Heydər Əliyev 1993-cü ilin 9 iyununda Bakı şəhərinə qədəm qoyarkən Azərbaycanda dövlətçilik itirilmişdi, deməli, heç nə yox idi. Heydər Əliyev ilk növbədə Azərbaycanın itirilmiş dövlətçiliyini bərpa etdi, ölkəni permanent xaos vəziyyətindən çıxardı, vətəndaş müharibəsinin qarşısını aldı, ölkədə milli barışığa nail oldu, bütün sahələrdə dinamik inkişaf tendensiyalarının əsasını qoydu. Azərbaycanda siyasi sabitlik və inkişaf dövrü başlandı. Heydər Əliyevə Azərbaycan xalqı daim minnətdardır”.

AMİP katibi Əli Orucov isə bildirdi ki, nədənsə AXC iqtidarının nümayəndələri 4 iyun hadisələrindən danışarkən, nə qiyama aparan səbəblərdən, nə də özlərinin suçları barədə bir kəlmə də danışmaq istəmirlər: “Halbuki 1 ilə yaxın müddət ərzində yürütdükləri siyasət və gördükləri iş onların hakimiyyətdən gedəcəyini sürətləndirirdi. Surət Hüseynov olmayacaqdı, bir başqası olacaqdı. AXC-nin özü də hakimiyyəti silahla zəbt etmişdi və kommunistlər və cəbhəyə sadiq, cəbhədəki ayrı-ayrı nüfuzlu şəxslərin dost-tanışları, yaxınları yüksək vəzifələrə təyin olunmuşdular. Yaxın vaxtlaradək sabiq dövlət yetkililəri, hətta, vaxtılə mərhum prezident Əbülfəz Elçibəy bildirirdi ki, Gəncədəki hadisələrdən xəbəri yox idi. Amma Pənah Hüseynin məlum məxfi adlandırdığı Dövlət Müdafiə Komitəsinin iclasının stenoqrammından bir daha aydın oldu ki, Surət Hüseynovun Gəncədəki fəaliyyətindən bütün dövlət ərkanının xəbəri olub və onu ya həbs, ya da fiziki məhvi gündəmə gətirilib.

Bir halda ki, iddia etdikləri kimi, AXC-nin hakimiyyətə gəlməsi labüd idisə, xalq etimad göstərib qanı-canı bahasına müstəqilliyinə qovuşdurduğu dövlətini və öz taleyini prezident seçdiyi Əbülfəz Elçibəyə, onun komandasına etibar etmişdisə, səbəbi, sonucu nə olurdusa olsun, bu etimad qorunmalı idi. Prezidentlik vəzifəsi xalqın verdiyi bir əmanətdir. Onu qorumaq lazım idi, Surət Hüseynovun qarşısında acizlik göstərmək və atıb getmək yox. Görün, hakimiyyətləri nə qədər zəif olub ki, bir qondarma polkovnikin məhdud sayda silahlılarının qarşısında aciz duruma düşüblər. Onlar Surət Hüseynovun qarşısını kəsmək yox, onun qəzəbindən xilas olmaq üçün addımlar atırdılar. Bir polkovnikin qarşısına çıxmağa cürət etmədilər. Bir silləyə baş prokuror öz prezidentinin həbs sanksiyasını verdi. Ona görə də düşündülər ki, Heydər Əliyevi dəvət etməsələr Surət bunları məhv edəcək”.
“Yeni Müsavat”

Geri qayıt