Əsas Səhifə > Partiya, Güney Press > “Bu, erməni xalqını reallığı dərk etməyə vadar edəcək”

“Bu, erməni xalqını reallığı dərk etməyə vadar edəcək”


8-06-2019, 09:55
“Bu, erməni xalqını reallığı dərk etməyə vadar edəcək”
Son günlər sərt ritorikaya üstünlük verən Ermənistan hakimiyyətinin yenidən Rusiyaya yaxınlaşmaq istiqamətində cəhdləri müşahidə olunmaqdadır. Bəzi müşahidəçilər hesab edir ki, sülh danışıqlarının nəticəsiz qaldığı bir dönəmdə Paşinyan hökuməti Azərbaycanın hərbi əməliyyatlara başlayacağından ehtiyatlandığı üçün Putinə sığınmağa qərar verib. Milli Məclisin Regional məsələlər komitəsinin sədri, YAP-çı deputat Arif Rəhimzadə Qarabağ məsələsi ətrafındakı vəziyyətlə bağlı “Yeni Müsavat”ın əməkdaşının suallarını cavablandırıb.

- Arif müəllim, necə bilirsiniz, Azərbaycan Qarabağı işğaldan azad etməyə qərar versə, Rusiya proseslərə müdaxilə edəcəkmi? İndiki situasiya sizə nə deyir?

- Hazırki vəziyyətdə Rusiya bu məsələnin müsbət həllində çox da maraqlı deyil. Ancaq münasibət dəyişə bilər və dəyişir. Artıq erməni xalqı da vəziyyətin mümkünsüzlüyünü başa düşür və müxtəlif yollar axtarır. Ermənistanın baş naziri Paşinyanın hakimiyyətə gəlişi də bu fikirlərin nəticəsində mümkün olub.

Ermənistan cəmiyyətində NATO-ya, digər Avropa təşkilatlarına üzv olmaq niyyəti də formalaşmaqdadır. Düşünürəm ki, bu meyllər gücləndikcə, Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq normalar əsasında tənzimlənməsinə marağını artıra bilər.

- Deputat həmkarınız Qüdrət Həsənquliyev hesab edir ki, Qarabağla bağlı danışıqların Ermənistanla aparılmasının mənası yoxdur və danışıqlar Rusiya ilə aparılmalıdır. Razılaşırsınızmı?

- Həmkarım Qüdrət Həsənquliyevin fikrinə çox hörmətlə yanaşıram. Əlbəttə, Rusiya ilə də, Minsk Qrupunun digər üzvləri ilə də danışıqlar aparılmalı və onların konkret addımlar atmalarına nail olmalıyıq. Dağlıq Qarabağda son 25 ildə yeni nəsil əmələ gəlib. Nəzərə almalıyıq ki, bunların Azərbaycanın tərkibində yaşamaları üçün qorxu hissləri olmamalıdır. Qeyri millətlərdən olan vətəndaşlarımıza olduğu kimi biz onlara da yaxşı münasibət göstərəcəyimizi nümayış etdirməliyik. Kütləvi informasiya vasitələrindəki çıxışlarımızda erməni xalqının hamısını bir rəngdə qaralamamalıyıq. Erməni xalqı azərbaycanlılarla uzun illər birgə yaşayıb. Ermənilərlə azərbaycanlılar arasında yaxşı dostluq münasibətləri və səmimiyyət az olmayıb. Bu vəziyyət ermənilərin içərisində olan, özlərini ziyalı adlandıran bəzi üzdəniraq ünsürlərin və hakimiyyət hərislərinin günahları ucbatından yaranmışdır.

- Qarşı tərəfdən fərqli olaraq, Azərbaycan tərəf daim xoş məram nümayiş etdirir...

- Dövlət səviyyəsində də, mətbuatda da, insanlar arasında da gərək bu məsələləri həmişə diqqət mərkəzində saxlayaq. Erməni xalqı istedadlı, bacarıqlı və işgüzar xalqdır. Azərbaycanlılarla uzun illər dostluq ediblər. İndinin özündə də ermənilərin heç də hamısı bizə qarşı aparılan aqressiv millətçilik siyasətini dəstəkləmir.

- Amma bu məsələdə birtərəfli qaydada iş aparmaqla nəyəsə nail olmaq mümkün deyil. Erməni tərəfi eyni mövqeni sərgiləmirsə, onda necə?

- Eybi yoxdur, qoy elə eləsinlər. Ermənilərin bədbəxtliyi ondan irəli gəlir ki, bunlar millətçilik xəstəliyinə tutulublar. Özü də özbaşına yox, millətçilik siyasətini cəmiyyətə sırıyan təşkilatlar insanları bu mövqedə olmağa məcbur edirlər.

- Deyirsiniz yəni biz onları sağalda biləcəyik?

- İndi sağalda bilməsək də, biz gərək danışığımızda, münasibətimizdə onların sağalmasına çalışaq və hamısına düşmən kimi baxmayaq.

- Paşinyan deyir ki, rəsmi Bakı Qarabağ erməniləri ilə danışıq aparsın. Sizcə, buna getmək olarmı?

- Yuxarıda qeyd etdiyim kimi, danışıqların formatı beynəlxalq səviyyədə təsdiq edilmiş sənədlərdə öz əksini tapıb və Paşinyanın bu istəyinin heç bir hüquqi əsası yoxdur.

- Hərbi əməliyyatların başlanmasını real sayırsınız?

- Danışıq yolu ilə münaqişə həll olunmasa, torpaqlarımızı hərbi yolla azad etməyə bizim hüququmuz da, müsbət təcrübəmiz də var. Naxçıvanda aparılan uğurlu əməliyyatların vaxtaşırı təkrarlanması da məsələnin həllinə təsir göstərəcək. Bu, erməni xalqını reallığı dərk etməyə vadar edəcək.

Geri qayıt