Əsas Səhifə > Partiya, Güney Press > “Həmin siyasi dərnək bu günə kimi mitinq keçirməyib, amma finala bir gün qalmış...”

“Həmin siyasi dərnək bu günə kimi mitinq keçirməyib, amma finala bir gün qalmış...”


24-05-2019, 08:24
“Həmin siyasi dərnək bu günə kimi mitinq keçirməyib, amma finala bir gün qalmış...”
REAL Partiyasının lideri İlqar Məmmədov Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) çağırılıb. İ.Məmmədov binadan çıxdıqdan sonra jurnalistlərə bildirib ki, ictimai təhlükəsizlik şöbəsinin rəisi Nurulla Məmmədxanovun qəbulunda olub. Onun sözlərinə görə, görüş zamanı Azərbaycan Xalq Cümhuriyyətinin 101-ci ildönümü münasibətilə REAL-ın mayın 28-nə planlaşdırdığı tədbirlərə toxunulub. İ.Məmmədov qeyd edib ki, yaxın vaxtlarda REAL İdarə Heyəti vəziyyəti müzakirə edəcək və öz qərarını açıqlayacaq.

Bundan öncə partiya Bakının mərkəzində İstiqlaliyyət küçəsində Azərbaycan Xalq Cümhuriyyəti abidəsinin önünə çiçək qoyacaqlarını bildirib.

Partiyanın İdarə Heyətinin üzvü Natiq Cəfərli “Yeni Müsavat”a dedi ki, ictimaiyyətə 28 May tədbirləri ilə bağlı məlumat veriləcək. Sosial şəbəkələrdə konkret çağırışlar olmasa da, bayram günü ilə bağlı ötənilki yürüşün təkrarlanacağı ehtimalı barədə yazanlar var.

Məlumdur ki, bu dəfə Respublika Günü Bakıda Avroliqa finalından bir gün öncəyə təsadüf edir. O zaman şəhərdə minlərlə turist olacaq. Bəzilərinin fikrincə, Britaniya mediasının Azərbaycana qarşı apardığı antitəbliğat kampaniyasını nəzərə aldıqda Bakıda yürüş keçirmək və diqqəti siyasi məsələlərə yönəltmək lüzumsuzdur. Onlar hesab edirlər ki, bayramı yürüş şəklində təşkil etmək və sanksiyalaşdırılmamış aksiyaya çevirmək polislə qarşıdurmaya gətirə bilər. Bu da dünya mediasında final ərəfəsində xoşagəlməz reaksiyalara səbəb ola bilər.

Bu mövzuda “Yeni Müsavat”ın suallarını Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi sədrinin müavini, YAP-çı deputat Aydın Mirzəzadə cavablandırıb. YAP-çı deputat öncə bunları deyib: “Əslində biz öyrəşmişik ki, hər dəfə Azərbaycanda mötəbər bir yarış keçirilərkən radikal müxalifət nümayəndələri provokasiya təşkil etməyə çalışsınlar. Sonradan məlum olur ki, onlara bu təxribatları etmək xaricdən gələn sifarişdir. İl boyu ölkədə heç bir aktivliyi olmayanlar qəfildən peyda olurlar, ətraflarına 5-10 adam toplaşır, əllərində plakatlarla küçəyə çıxaraq diqqət çəkməyə can atırlar. Eləcə də adını çəkdiyiniz həmin siyasi dərnək (REAL Partiyasını nəzərdə tutur - E.S.) bu günə kimi mitinq keçirməyib, amma final yarışına bir gün qalmış İstiqlaliyyət abidəsinə gül qoymaq istəyirlər.

Təbii ki, bu, onların hüququdur və yekunda razılığı Bakı Şəhər İcra Hakimiyyəti verir. Lakin Azərbaycan həmişə beynəlxalq yarışlara, tədbirlərə yüksək səviyyədə hazırlaşıb, bizim təcrübəmiz var və hər bir təxribatın qarşısını almağa hazır olan ayıq-sayıq, peşəkar hüquq-mühafizə orqanlarımız var. Bu nöqteyi-nəzərdən onlar özlərinə partiya, müxalifət yox, “futbola dəstək qüvvəsi” adını qoysunlar".

- Sizcə, burada bir məqsəd, nəyisə qoparmaq niyyəti güdülür?

- İlk növbədə onlar alternativ fikir, tənqidi mövqe qoymaq yerinə provokasiyalara əl atmaqla Azərbaycanın imicini pozmağa səy göstərirlərsə, bununla özlərini nüfuzdan salmış olacaqlar. Şübhəsiz ki, 28 May günü hamıya əziz bayramdır, bütün cəmiyyət tərəfindən qeyd olunur, tədbirlər, konsertlər keçirilir. Sadəcə, müstəqil daxili və xarici siyasət aparan ölkələrə təzyiq göstərmək olmur.

O zaman ölkə daxilində merkantil maraqları olan qruplar tapılır, onlara istiqamət verilir, dezinformasiyalar yayılır. Fikir verin, Azərbaycan Avroliqanın finalının Bakıda keçirilməsi üçün gərgin mübarizədən qalib çıxdı.

Amma indi gah erməni əsilli futbolçunun təhlükəsizliyinə zəmanət olmadığını yazırlar, gah uçuşlarımızın London havasını pozacağı barədə absurd mülahizələr irəli sürürlər, gah da Bakıda hotellərin Londondan baha olduğunu bəhanə edirlər. Əgər Bakıda hotellər bahadırsa, buyursunlar Londondakı ucuz hotellərin qiymətlərini açıqlasınlar.

- Yəni hesab edirsiniz ki, bütün bunlar təzyiq vasitələridir?

- Əlbəttə ki. Azərbaycana siyasi təzyiq göstərməklə müstəqil siyasətindən çəkindirmək cəhdləri var və ölkədəki “5-ci kolon” nümayəndələri də onların sifarişini canfəşanlıqla yerinə yetirməyə hazırdır. Amma onlar bu addımları ilə heç bir nüfuz qazana bilməzlər. Azərbaycan demokratik, hüquqi bir dövlətdir. Əgər hansısa kiçik qruplar qanunu pozacaqlarsa, Bakıda özlərini “sarı jiletli”lər kimi aparmaq istəyəcəklərsə, Azərbaycan dövləti qanuna müvafiq qaydada tədbirlər görəcək.

Ümumiyyətlə, dünyada müstəqil siyasət yürüdən ölkələrdə beynəlxalq yarışlar, tədbirlər keçiriləndə onlara qarşı təzyiq göstərən, kampaniyalar təşkil edən dairələr var.
“Yeni Müsavat”

Geri qayıt