Əsas Səhifə > Partiya, Güney Press > Sabiq nazirin partiyası siyasi diskussiyalar başlatdı
Sabiq nazirin partiyası siyasi diskussiyalar başlatdı7-05-2019, 08:36 |
Azərbaycan Xalq Partiyasının sədri, sabiq baş nazir Pənah Hüseynin öz facebook profilində paylaşdığı status bir sıra müzakirələrə səbəb olub. P.Hüseyn AXP-nin Siyasi Şurasının iclasında qurum daxilində siyasi diskussiyaların başladıldığını bildirib. Statusu olduğu kimi təqdim edirik: “Azərbaycan Xalq Partiyasının Siyasi Şurasında partiyanın siyasi kursu üçün mühüm əhəmiyyətə malik ola biləcək müzakirələr aparıldı. Gözlənilməz olaraq Siyasi Şura üzvlərinin xeyli hissəsinin hərəkat formasında təşkilatlanmaya, müxalifətdəki tərəfdaşlarla siyasi bloklaşmaya və ittifaqlara yox, AXP-nin təşkilat olaraq güclənməsinə və AXP sədrinin siyasi nüfuzuna stavka edilməsi taktikasına üstünlük verdikləri və bu iddia ilə publik çıxışdan çəkinməməyi təklif və tələb etdikləri məlum oldu. AXP sədrinin son dövrdə irəli sürdüyü ”müxalifətdəki, iqtidardakı və bunlardan kənarda olan geniş kütlələr içərisindəki milli, vətənpərvər və demokratik şəxslərin vahid qüvvə halında inqilabi islahatlar vasitəsilə iqtidar dəyişikliyi, Qarabağ və Azadlıq naminə kütləvi hərəkatı" ideyası bir qrup Siyasi Şura üzvü tərəfindən müdafiə olunsa da, bu ideyanın mücərrəd, mübahisəli və utopik olması yönündə də fikirlər səsləndi. Xüsusilə AXP sədrinin “rejim dəyişikliyi imperativ olaraq, mütləq vəzifələr dəyişikliyi kimi başa düşülməməlidir” tezisinin müxalifətçi kütlə arasında çaşqınlığa və AXP-yə qarşı hücumlara əsas verə biləcəyi vurğulandı. AXP sədrinin təklifi ilə bu məsələlər ətrafında partiya üzvləri arasında diskussiyanın başladılması məqsədəuyğun sayıldı və bu barədə qərar qəbul olundu". Bu statusun ardından siyasi düşərgədə yeni bir birliyin yaradıla biləcəyi yönündə müxtəlif söz-söhbətlər meydana çıxıb. P.Hüseyn statusunun davamı kimi “Yeni Müsavat”a bunları dedi: “Statusda qeyd olunan məsələlər ətrafında diskussiyaların aparılması barədə Siyasi Şura qərar qəbul etdi. Şöbələrdə partiya üzvləri ilə bu müzakirələri keçirəcəyik. Mənim özümün də mövqeyim var. Amma müzakirələrdən sonra mövqeyimizi şəxsim və partiya olaraq elan edəcəyik. Bu baxımdan hələ ki açıqlanan məzmunla kifayətlənmişik. Ortada yalnız diskussiyaların keçirilməsi barədə qərar var. Bu, uzun müddət çəkməyəcək. Uzağı bir və ya iki aydan sonra suallara konkret şəkildə cavab verməli olacağıq. İndiki halda orada göstərildiyi kimi istər hərəkatların, istər siyasi blokların yaradılması, istərsə də hakimiyyət dəyişikliyinin mahiyyəti barədə məsələlərə dair fikirlərim və buna partiya daxilindəki opponent tərəfin mövqeləri əks olunub. Əlbəttə, mənim mövqeyimə tərəf çıxan hissə də partiya daxilində var. Bunun hansının çox və ya az olduğunu indiki halda demək doğru olmaz. Bu, diskussiyanın gedişinə təsir edə bilər”. P.Hüseyn belə diskussiyaların açılmasına nə ehtiyacın olduğu barədə sualımızı bu cür cavabladı: “Partiyanın Siyasi Şurası Ali Şuradan sonra özünə müvafiq qərarverici və icraedici orqandır. Son dövrdə ictimai-siyasi proseslərin fəallaşmasından sonra Azərbaycan Xalq Partiyasının mövqeyi sədr, yəni tərəfimdən müəyyən olunur. Müəyyən açıqlamalar, bəyanatlar verilir. Bir sıra işlər də görməyə çalışırıq. İstər partiyanın təşkilati maraqları, istər partiyanın sonuncu qurultayının qərarları, istərsə də bütövlükdə ölkənin ictimai-siyasi proseslərinə adekvat cavab baxımından müxtəliffikirliliyin daxildə olduğu məlum oldu. Biz də diskussiyaların indiki halda olmasını doğru saydıq. Düşündük ki, AXP-nin bu proseslərdə iştirakı faydalı ola bilər”. Geri qayıt |