Əsas Səhifə > Partiya, Güney Press > “Ona komanda verilə bilər ki, sən bu cür danışmalısan”

“Ona komanda verilə bilər ki, sən bu cür danışmalısan”


19-03-2019, 10:03
“Ona komanda verilə bilər ki, sən bu cür danışmalısan”
Prezident İlham Əliyevin 431 məhbusu əhatə edən, 50-dən çox siyasi məhbusun azad olunduğu sərəncamı alqışlanmaqdadır. Təsadüfi deyil ki, müxalif kəsimin tam əksəriyyəti də Novruz əfvini müsbət dəyərləndirdi.

Amma bununla belə, bir nüans diqqəti daha çox çəkdi. Belə ki əfv barədə AXCP sədri Əli Kərimli və tərəfdarları tamam fərqli mövqe sərgiləyirlər. Halbuki AXCP sədrinin bu sərəncamla iki müavini-Gözəl Bayramlı və Fuad Qəhrəmanlı azad olunub. Doğrudur, Ə.Kərimli əfvə münasibətini ifadə edən ilk feysbuq statusunda sərəncamı müsbət qarşıladığını bəyan etdi. Amma ardınca tamam fərqli mövqe sərgiləməyə başladı. Xüsusilə azadlığa buraxılan siyasiləri ziyarət edərkən AXCP lideri əfv əleyhinə daha sərt mövqe nümayiş etdirdi.

Bütün bunlar da haqlı olaraq bəzi iddialara yol açıb. AXCP sədrinin iqtidar-müxalifət münasibətlərində gərginliyin qalmasında maraqlı olduğu bildirilir. Təsadüfi deyil ki, hökumətin son iki ayda atdığı hər bir müsbət addım cəbhəçilər tərəfindən süngü ilə qarşılanıb.

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı bunların təsadüf olmadığını düşünür: “Sizin qəzetinizin ötən sayında əfv sərəncamı ilə bağlı fikirlərimi geniş şəkildə ifadə etmişəm. Ölkə prezidentinin şəxsi xarakterinə və söykənmiş olduğu dəyərlərə, mərhəmətliyə söykənən əfv sərəncamı çoxsaylı ailələrə sevinc gətirdi. Əziz bayramımız ərəfəsində bu addımı atmaq heç şübhəsiz ki, ölkə prezidenti ilə xalqın bir yerdə olduğunun sübutu idi. Bu proses davam edəcək. Başlamış olan islahatlar davamlı olacaq. Ölkəmizdəki problemləri aradan qaldıracaq addımlar bundan sonra da atılacaq. Buna heç kəsin şübhəsi olmasın. Ölkə prezidentinin ötən ilin aprelində prezident seçildikdən sonra islahatları dərinləşdirməsi və cəmiyyətin bütün təbəqələrini əhatə edən addımlar atması xalqımızın mütləq əksəriyyəti tərəfindən müsbət qarşılanıb, yüksək dəyərləndirilib. Bu şəkildə də davam edir.

Hətta müxalifətin ayrı-ayrı qanadlarının bununla bağlı obyektiv fikirləri ortalıqdadır. Təəssüflər olsun ki, əfv sərəncamını iki nəfər obyektiv, doğru və düzgün qiymətləndirmək əvəzinə qərəzli mövqedən çıxış etdilər. Deyərdim ki, ən azından azadlığa qovuşan insanların fikirləri ilə həmrəy olmadılar. Bunlardan biri Əli Kərimli, digəri isə Əli İnsanov oldu. Hər ikisində qərəz, barışmazlıq, radikallıq və açıq şəkildə ifadə olunan barışmaz düşmənçilik özünü göstərdi. Siyasətdə bu qəbul olunmur. Siyasətdə opponentlik, fərqli düşüncələri özündə ifadə edən siyasi mübarizə və onu sivil formada aparmaq qəbul ediləndir. Bütün mənalarda buna hər hansı bir alternativ fikir ola bilməz. Əgər cəmiyyətdə gedən müsbət dəyişiklikləri, atılmış olan müsbət addımları, bütövlükdə dövlətimizin və xalqımızın güclənməsinə, vətəndaş cəmiyyətinin daha dayanıqlı olmasına, əhalinin həyat səviyyəsinin yüksəlməsinə xidmət edən addımlar təqdir olunmursa, bu, artıq birmənalı şəkildə həmin şəxslərin Azərbaycan xalqından, onun düşüncələrindən kənarda qaldığını nümayiş etdirir. O insanlar çox məhdud bir dairədə azsaylı insanlarla birlikdə fəaliyyət göstərirlər və onların cəmiyyətdə yerləri və rolları son dərəcə məhduddur.

Bu cür açıqlamalar tam əminəm ki, xalqımız tərəfindən çox pis qarşılanır. Əslində bu siyasətçinin böyük faciəsidir. O, özünün daxilindəki qərəzi, nifrəti açıq şəkildə büruzə verirsə, yaxud xalqın düşündüklərini önə çəkib onun aradan qaldırılması ilə bağlı fikirlərini ifadə etmirsə, belə insanlar cəmiyyət tərəfindən heç vaxt qəbul oluna bilməzlər. İqtidar bu addımları atırsa, bu addımların xalqın və dövlətin mənafelərinə xidmət etdiyi birmənalıdırsa, xalq bunu dəstəkləyirsə, bunlara qarşı olan qüvvələr özlərini xalqımızın iradəsinə qarşı qoymuş olurlar. Bu həmin siyasətçilərin faciəsidir, eyni zamanda Əli Kərimlinin”.

Deputat AXCP sədrinin əfv statusuna da toxundu: “Onun əfvlə bağlı ilk mövqe ilə tanış oldum. Tam olmasa da, onun mövqeyində müəyyən qədər pozitiv münasibət özünü ifadə etdi. Bunu nədən Əli Kərimli davam etdirmədi? Bu mənə çox təəccüblü gəlir. Çıxardığım nəticə ondan ibarətdir ki, Əli Kərimlinin dedikləri iradəsinin ifadəsi deyil. Görünən odur ki, ona komanda verilə bilər ki, sən bu cür danışmalısan, yəni pozitiv fikirlərdən uzaq ol, daha radikal mövqe nümayiş etdir, əvvəlki mövqeyində dayan, sərt, barışmaz, qərəzli mövqe nümayiş etdir. Hər kəs istər-istəməz bu cür nəticə çıxarar. Çünki onun ilk açıqlaması ilə sonrakılar arasında ciddi fərqlər açıq şəkildə özünü göstərdi. Buna, sadəcə, təəssüf edirəm. Cəmiyyətin mütləq əksəriyyəti prezidentin aparmış olduğu islahatları yüksək qiymətləndirir”.
“Yeni Müsavat”

Geri qayıt