Əsas Səhifə > Partiya, Güney Press > Maliyyə hesabatı verməyən partiyaları nə gözləyir?

Maliyyə hesabatı verməyən partiyaları nə gözləyir?


8-03-2019, 09:32
Maliyyə hesabatı verməyən partiyaları nə gözləyir?
Mərkəzi Seçki Komissiyasına (MSK) 2018-ci il üzrə maliyyə hesabatı təqdim edən siyasi partiyaların adları məlum olub. ONA-nın məlumatına görə, bu ilin əvvəlindən indiyədək 16 siyasi partiya illik maliyyə hesabatını MSK-ya təqdim edib.

Bunlar YAP, AXDP, “Birlik” Partiyası, ANAP, ALP, BQP, ADMP, ASDP, ARP, ALDP, MDHP, Yurddaş Partiyası, Azərbaycan Kommunist Partiyası, “Azərbaycan Mübarizləri” Partiyası, KXCP, VHP-dir.

Qeyd edək ki, MSK aprelin 1-dək illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir.

Hələ də MSK-ya hesabat təqdim etməyən partiyaların qeydiyyat taleyinin necə olacağı suallar doğurub.

AĞ Partiya başqanı Tural Abbaslı gələn həftə hesabatı təqdim edəcəklərini bildirdi: “Biz hər il qanunvericiliyə uyğun şəkildə partiyanın maliyyə hesabatını MSK-ya təqdim edirik. Bu hesabatlar sonradan MSK-nın rəsmi veb səhifələrində yerləşdirilir. Bu dəfə də hər il olduğu kimi illik maliyyə hesabatımızı təqdim edəcəyik. Çox güman ki, gələn həftə artıq AĞ Partiyanın hesabatı MSK-ya göndəriləcək. Zatən bizim gizlətməli və ya hesabatını verə bilməyəcəyimiz maliyyəmiz yoxdur. Təəssüflə qeyd etməliyəm ki, partiyaların dövlət tərəfindən maliyyələşməsi barədəki hazırkı qanun çox ədalətsiz və siyasi tələbatlara cavab verməyən bir qanundur. Bu qanuna əsasən siyasi partiyaların böyük əksəriyyəti maliyyəşmir və siyasi fəaliyyətlərində çətinliklər yaranır.

Hətta bu səbəbdən bəzi partiyalar, ümumiyyətlə, fəaliyyətlərini dayandırıblar. Hökumət bu məsələ ətrafında düşünsə və reallıqlara cavab verən yeni qanun qəbul etsə yaxşı olar. Təbii ki, maliyyə hesabatlarını təqdim etməyən partiyaların qeydiyyatı ləğv edilə bilər. Ən azından partiyalar haqda hazırkı qanunda bu hal nəzərdə tutulub. Ancaq ümumilikdə götürsək XXI əsrdə partiyaların qeydiyyatının ləğvi məsələsi çox ibtidai bir addım kimi görünür. Zatən Azərbaycanın beynəlxalq aləmdəki demokratik imici qənaətbəxş deyil, bu halın üzərinə partiya qeydiyyatlarının ləğvi məsələsini də gəlsək, dövlət olaraq heç də yaxşı duruma düşmərik. Çalışmaq lazımdır ki, milli birlik mühiti yaradılsın, yoxsa hər belə texniki məsələlərə görə onsuz da gərgin olan siyasi münasibətləri daha da gərginləşdirməyə, radikallaşdırmağa heç bir əsas yoxdur”.

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev problem yaşayacaqlarını düşünmür: “Yubanmasının texniki səbəbi var. Audit hesabat hazırdır. Yəqin ki, həftənin əvvəlində təqdim edəcəyik. İnanmıram hər hansı problem olsun. Yubanma bu prosedura əsas ola bilməz. Ümumilikdə isə bildiyim qədər hesabat verməyən partiyalar belə var. Bu illər ərzində qanunun tələbini iqnor etməyi düzgün saymıram”.

Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev hesabat üçün zamanlarının olduğunu qeyd etdi: “Gələn həftə hesabatı verəcəyik. Aprelin 1-nə qədər vaxtımız var. Vaxtında hesabat təqdim olunmasa xəbərdarlıq edə bilərlər. Hesabat MSK-ya verilir. MSK-nın da ləğv etmə səlahiyyəti yoxdur, Ədliyyə Nazirliyinə məlumat verə bilər. Ümumiyyətlə, hakimiyyətin siyasəti nəticəsində müxalif siyasi partiyaların normal fəaliyyəti, maliyyə hərəkətləri olmadığı üçün gəlirin olmadığı göstərilir. Bir növ, sadəcə, formal prosedur həyata keçirilir. Siyasi partiyaların mövcudluğu isə daha çox hakimiyyətə sərf edir, beynəlxalq təşkilatlara hesabat vermək üçün”.

Ümid Partiyasının sədr müavini Tamilla Qulami aprelin 1-nə qədər hesabatı MSK-ya təqdim edəcəklərini söylədi.

AMİP-in katibi Əli Orucov: “Bildiyiniz kimi, «Siyasi partiyalar haqqında» Qanuna görə, rəsmi dövlət qeydiyyatından keçən partiyalar hər il aprel ayının 1-dək audit rəyi ilə birlikdə maliyyə hesabatını Mərkəzi Seçki Komissiyasına təqdim etməlidir. AMİP qanunun bu tələbinə uyğun olaraq hər il müvafiq hesabatını MSK-ya təqdim edir. Həmin hesabatlar komissiyanın internet resurslarında da yerləşdirilib. Hesabatın vaxtına hələ bir aya yaxın müddət var və bu müddət ərzində hesabat veriləcək”.
“Yeni Müsavat”

Geri qayıt