Əsas Səhifə > Partiya, Güney Press > Partiya sədrləri də prezidentlə görüşmək istəyir?

Partiya sədrləri də prezidentlə görüşmək istəyir?


5-03-2019, 08:37
Partiya sədrləri də prezidentlə görüşmək istəyir?
Azərbaycan prezidenti İlham Əliyev sosial-iqtisadi sferanı əhatə edən sərəncamlar verməklə yanaşı, cəmiyyətin müxtəlif zümrələri ilə görüşlər keçirir. Bu görüşlərdə səmimi söhbətlər edilir, prezident hər kəsi dinləyir. Prezidentin bu cür görüşlər keçirməsi Azərbaycan ictimaiyyəti tərəfindən müsbət qarşılanır.

Bəs siyasi partiyalar da ölkə prezidenti ilə belə bir görüşün keçirilməsini istəyirlərmi?

ADP sədri Sərdar Cəlaloğlu “Yeni Müsavat”a bildirdi ki, prezidentin ictimaiyyətlə görüşlər keçirməyə başlamasını izləyir. Bəzi qüvvələr indiyə qədər xalqla prezident arasına girmişdilər və uçurum olmasında maraqlı idilər. Bu gün prezidentin keçirdiyi görüşlər həmin qüvvələrin niyyətlərinin artıq həyata keçməməsi baxımından müsbətdir: “Prezidentin müxalifət partiyalarının rəhbərləri ilə görüşməsi ölkə üçün lazımdır. Konstitusiyada da qeyd edilir ki, prezident bütün Azərbaycan xalqının prezidentidir. Bir ölkədə iqtidar və müxalifətin görüşlər keçirib müzakirələr aparması həmin ölkədə siyasi mədəniyyətin inkişafının göstəricisidir. Ölkənin kataklizmlərdən uzaq olması üçün də prezidentlə müxalifət təşkilatlarının rəhbərləri arasında görüşlər keçirilməlidir. Bu görüşlər formal xarakterli olmamalıdır. Biz görüş keçirilməsini vacib hesab edirik”.

Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev bildirdi ki, o, siyasi partiyalarla hakimiyyət arasında normal münasibətlərin, dialoqların olmasına müsbət yanaşır: “Biz hesab edirik ki, ölkənin istənilən problemi ilə bağlı siyasi partiya rəhbərləri ilə ölkə rəhbərliyinin birgə müzakirəsinin keçirilməsi nəzərdə tutularsa bu müsbət olar. Məsələn, Qarabağ probleminin birgə müzakirəsini təşkil etmək olar. Demokratiya, insan haqları, siyasi məhbuslar, korrupsiya, iqtisadi-sosial problemlər, seçki məsələləri və sair məsələlər də müzakirəyə çıxarıla bilər. Amma bu müzakirələr o zaman effektli olar ki, ölkə başçısının iştirakı ilə keçirilsin”.

AĞ Partiyanın sədri Tural Abbaslı isə bildirdi ki, əgər siyasi partiyaların sədrləri ilə görüş təşəbbüsü olarsa, bu, siyasi islahatların başlanğıcı kimi qəbul edilə bilər: “Ölkə rəhbərinin hamı tərəfindən gözlənilən və köklü islahatların xəbərçisi ola biləcək addımları göz qabağındadır. Buraya aylardır əziyyət çəkən şəhid ailələrinin kompensasiya məsələsinin həlli, minimum əmək haqlarının, əlillik müavinətlərinin, dövlət işində çalışan texniki işçilərin ödənişlərinin artırılması, yerli telekanala geniş müsahibə verməsi, xalqla birbaşa təmasları, ziyalılar və incəsənət xadimləri ilə keçirilən görüşləri daxil etmək olar. Doğrudur, normal hüquqi və demokratik dövlətlərdə bu sadaladıqlarımız prezidentlərin rutin işi sayılır.

Hələlik prezidentin əsasən sosial-iqtisadi və mədəni sahələrdə dəyişikliklər cəhdinin şahidi oluruq. Əgər bu islahatların əsaslı və effektiv olmasını istəyirlərsə, təbii ki, artıq siyasi sferada da real addımlar atılmalıdır. Bu addımlara siyasi məhbusların azad edilməsi, azad mətbuat rəhbərləri və QHT-lərlə, həmçinin ən başlıcası və önəmlisi real müxalifət partiyaları ilə birbaşa və səmimi görüşün keçirilməsi, ümumi problemlərin birgə müzakirəsi daxildir. Əslində sağlam məntiq də onu deyir ki, son dönəmlərdəki siyasi gedişlərin davamı siyasi partiyalarla prezidentin bir müzakirə masa arxasında toplaşmasıdır. Ancaq bu qərarı biz müxalifət partiyaları deyil, iqtidar verməlidir, bundan irəli gələn addımları da atmalıdır. Biz AĞ Partiya olaraq hər zaman konstruktiv, konkret problemlərin həllinə yönəlmiş, konkret mövzulu və ən əsası şəffaf iqtidar-müxalifət dialoqlarının tərəfdarı olmuşuq. Əgər belə bir təşəbbüs olarsa və AĞ Partiyaya da müxalifət olaraq dəvət gələrsə, biz bu dəvəti məmnuniyyətlə qəbul edərik".

Geri qayıt