Əsas Səhifə > Partiya, Güney Press > "Naxçıvandakı vəziyyətlə bağlı fikirlər fərqlidir"
"Naxçıvandakı vəziyyətlə bağlı fikirlər fərqlidir"23-02-2019, 09:44 |
BAXCP sədri, Milli Məclisin deputatı Qüdrət Həsənquliyev azpolitika.az saytına müsahibəsində Vasif Talıbovdan da danışıb. O bildirib ki, Ali Məclis sədri Naxçıvanın rəhbəri ola bilməz: “Kimsənin demokratiya barədə anlayışından asılı olmayaraq, mənim hansısa məsələyə münasibətimdə məqsədim "bəy tərifi" demək və ya tənqid etmək deyil. Həmişə hansısa problemdən, xüsusilə regionlarımızın, o cümlədən Naxçıvanın dərdlərindən danışanda obyektiv olmağa çalışmışam. Yadınızdadırsa, bir dəfə mən parlamentdə məsələ qaldırmışdım ki, Naxçıvan MR Konstitusiyası Azərbaycan Konstitusiyası ilə ziddiyyət təşkil edir. Çünki Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi Naxçıvan MR Ali Məclisinin sədridir. Dolayısıyla, həm icra, həm də qanunvericilik funksiyasını yerinə yetirir. Bu da Konstitusiya ilə təsbit olunmuş hakimiyyət bölgüsü prinsipinə uyğun deyil. Mən bu məsələni qaldıranda Ziyafət Əsgərov cavab verdi ki, guya mən bu çıxışla Naxçıvanda separatizmi stimullaşdırmaq istəyirəm... Naxçıvan Muxtar Respublikadır. Respublikadırsa, onun başçısı da var. Türkiyədə buna cümhurbaşkanı deyirlər. Mən bu anlaşılmazlığı aradan qaldırmaq üçün parlamentdə məsələ qaldırmışdım. Demişdim ki, gəlin, Rusiya təcrübəsindən biz də yararlanaq. Bilirsiniz ki, Rusiyada da muxtar respublikalar var və başçıları prezident adlanırdı. Sonradan bu milli muxtar respublikaların başçıları qubernator adlandırıldı. Biz də muxtar respublikanın başçısını qubernator adlandıra bilərik. Yaxud sadəcə muxtar respublikanın başçısı deyə bilərik. Necə ki, rayon icra hakimiyyətinin rəhbərlərini başçı adlandırırıq. Adını nə qoyuruqsa qoyaq, Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi Ali Məclisin sədri ola bilməz. Yəni orda hakimiyyət bölgüsü prinsipinə əməl olunmalıdır. Bunu ölkənin konstitusiyası tələb edir. Konstitusiyada yazılır ki, Azərbaycanda dövlət hakimiyyəti hakimiyyətlərin bölgüsü prinsipi əsasında həyata keçirilir. Bu, imperativ bir normadır. Bu normaya əməl olunmalıdır". “Yeni Müsavat”a danışan naxçıvanlı deputat Fazil Mustafa bildirib ki, Naxçıvanın muxtariyyəti məsələsini, siyasi xarakterli muxtariyyət kimi qəbul edir: “Ona görə də burada hüquqi detallara varmağı fərqli şərh edərdim. Düşünürəm ki, siyasi muxtariyyət əslində Naxçıvanın təhlükəsizliyini qorumaq və buna təminat olan dövlətlərin, xüsusilə də Türkiyənin məsələdə həssaslığını saxlaması baxımından vacibdir. Hüquqi detallar isə formal xarakter daşıyır. Hansı formada olması bir o qədər də böyük əhəmiyyət kəsb etmir. Əsas odur ki, blokada şəraitində olan Naxçıvanın müəyyən təhlükəsizliyi təmin edilsin. Naxçıvan əslində eyni etnik birliyə sahib olan Azərbaycanla hansısa fərqli olmayan topluluq yaşayır. Bu baxımdan muxtariyyət də etnik xarakter daşımır ki, orada hansısa formada hüquqi düzənləmənin uyğunlaşdırılmasına daha çox diqqət edilsin. Təbii ki, konstitusiya ilə üst-üstə düşməyən məqamlar ola bilər. Ancaq siyasi muxtariyyət xarakterli, blokada şəraitində olduğuna görə və müəyyən dərəcədə təhlükəsizliklə bağlı problem yaşandığı üçün məsələnin gündəmdə tutulmasını məqsədəuyğun hesab etmirəm”. F.Mustafa Naxçıvanın hazırkı vəziyyəti barəsində də danışıb: “Naxçıvandakı vəziyyətlə bağlı fikirlər fərqlidir. Məsələ budur ki, hansı prizmadan yanaşırsan. Mən, təhlükəsizlik prizmasından yanaşmanın daha çox tərəfdarıyam. Sosial prizmadan yanaşan zaman təbii ki, blokada şəraitində olan Naxçıvanda əhalinin ancaq İran və Türkiyə ilə yolları açıqdır. Həmçinin Naxçıvanın yaşam şərtləri Azərbaycanın digər bölgələrindən fərqli olaraq obyektiv çətinliklərlə bağlıdır. Təhlükəsizlik baxımından isə Naxçıvanın ən azından hərbi qüvvələri kifayət qədər hazırlıqlı vəziyyətdədir. Son zamanlar bunun konkret nəticələrini də görürük. Hesab edirəm ki, bütün bunlar yüksək səviyyədədir. Ancaq bütövlükdə düşünürəm ki, hər zaman Naxçıvanı diqqətdə saxlamaq lazımdır. Əhalinin rifahını artırmaq üçün Naxçıvana daha çox vəsait ayrılmalıdır. Çünki başqa bölgələrlə oranı müqayisə etmək olmaz. Blokada şəraitində olduğu üçün bu bölgənin qorunması bizim üçün həyati əhəmiyyət daşıyır. Ona görə də oradakı həyat şəraitinin yaxşılığı, ordumuzun orada güclü olması hamımızın məqsədidir. Bu baxımdan Naxçıvanla bağlı bütövlükdə hökumətin də daha həssas davranmasının tərəfdarıyam. Daha çox orada məqsədyönlü işlərin görülməsi, xüsusilə də iş yerlərinin açılmasını vacib sayıram”. Geri qayıt |