Əsas Səhifə > Partiya, Güney Press > “Ümid edirik ki, onların hamısı azadlığa buraxılacaq”
“Ümid edirik ki, onların hamısı azadlığa buraxılacaq”22-02-2019, 08:22 |
“Avropadan bizə heç kim istinad etməsin deyə siyasi məhbus problemini tamamən həll etməliyik”. Bu sözləri “Yeni Müsavat”a açıqlamasında Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri, İnsan Hüquqları üzrə Birgə İşçi Qrupun üzvü Novella Cəfəroğlu bildirib. Müsahibimiz Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidovla, habelə Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü Azay Quliyevlə və son olaraq da Əfv Komissiyasının üzvü, daxili işlər naziri Ramil Usubovla görüşdüklərini bildirdi: “Amma bu, bizim son görüşümüz deyil. Əfv Komissiyasının nə qədər üzvü varsa, onların hamısı ilə görüşmək istəyirik. Çünki bu gün Avropada bir qrup hüquq müdafiəçisi adı altında gedən insanlar Avropa Şurasına siyahı təqdim ediblər. 128 nəfər. 120 də ola bilər, 160 da. Onlar bunu hansı kriteriya üzrə təyin ediblər, biz onu bilmirik. Sadəcə olaraq, böyük qalmaqalla bu siyahını təqdim edirlər. Azərbaycana qarşı bir növ addımların atılmasını tələb edirlər. Biz siyasi məhbuslarla 30 ildir məşğul olan insanlarıq. Hazırladığımız ilk siyahı deyil. Biz 716 nəfər də buraxdırmışıq, 300 nəfər də. Vaxtaşırı bu siyahılarla işləmişik”. N.Cəfəroğlu dedi ki, Azərbaycana Avropa Şurasından, Avropadan deyilən iradları qəbul edə bilməzlər. Müsahibimiz bu baxımdan da siyasi məhbus məsələsi yekunlaşsın deyə hər yerə müraciət etdiklərini vurğuladı: “İstəyimiz budur ki, Avropadan bizə heç kim istinad etməsin. Siyasi məhbus məsələsi Azərbaycanda tamamən həll olunmalıdır. Biz Azərbaycan dövlətini suveren, Qarabağ torpaqları ilə birlikdə olmaq şərtilə görmək istəyirik. Ona görə də Azərbaycana olan bütün iradları adlamalıyıq ki, sözümüzü deyə bilək”. Hüquq müdafiəçisi Əfv Komissiyasına təqdim olunan siyahıda jurnalistlərin, blogerlərin, NİDA üzvü olan İlkin Rüstəmzadənin, eləcə də Səid Dadaşbəylinin, Nardarandan olan məhbusların adlarının olduğunu dedi. “Ümid edirik ki, onların hamısı çıxacaq” deyən N.Cəfəroğluna görə, sabiq səhiyyə naziri Əli İnsanovun da azadlığa çıxması onların arzuları sırasındadır. Söhbət zamanı N.Cəfəroğlu alternativ əfv siyahıları barədə də danışdı. Dedi ki, özlərinin hazırladığı siyasi məhbus siyahısında kriteriya var: “Amma Leyla Yunusgil kim həbs olunursa, onun adını siyahıya salırlar. Onlar heç bir kriteriya əsasında işləmirlər. Leyla Yunus ömründə siyasi məhbus məsələsi ilə məşğul olmayıb. Əvvəllər o siyahını Səidə Qocamanlı tərtib edib. Səidə gedəndən sonra da Eldar Zeynalov və Əvəz Zeynallı bu siyahını tərtib edib. Heç kim siyasi məhbuslar barədə danışmayanda mənim həmkarlarım həbsxanaya gedir, onları adbaad siyahıya alırdılar. Onda heç kəsdə siyahı yox idi. Siyahını əldə yazırdıq. Elə insan var ki, terrorçudur. Amma Leylanın siyahısında o adamın adı var. Metro partladanın adı da var orada. Məqsəd Azərbaycanı pisləmək, Azərbaycana qarşı addımların atılmasına nail olmaqdır”. Geri qayıt |