Əsas Səhifə > Partiya, Güney Press > “Bəziləri göstərmək istəyir ki, guya ən radikal onlardır”
“Bəziləri göstərmək istəyir ki, guya ən radikal onlardır”20-02-2019, 09:21 |
Qarabağ Komitəsində ötən həftə baş verən istefalar qurumun daxilində gərginlik yaradıb. Qarşılıqlı ittihamlarla müşahidə olunan prosesə sabiq daxili işlər naziri İsgəndər Həmidovun təşəbbüsü ilə yaranan Azərbaycan Xalq Hərəkatı daxilində Qarabağ Komitəsinin yaradılması əlavə gərginlik gətirib. Artıq Azərbaycan Xalq Hərəkatında təmsil olunan bəzi partiya sədrləri Qarabağ Komitəsində fəaliyyət göstərən bir qrupu hakimiyyətin istəyi ilə hərəkət etməkdə suçlamağa başlayıb. Baş verənlərlə bağlı Qarabağ Komitəsinin İdarə Heyətinin üzvü, Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı ilə danışdıq. - Akif bəy, Qarabağ Komitəsində son zamanlar nə baş verir? - Doğrusu, mən də Qarabağ Komitəsi daxilində nə baş verdiyini anlamağa çalışıram. Amma hələ dəqiq bir şey deyə bilmərəm. Müəyyən versiyalarım var. Görünən odur ki, Qarabağ Komitəsi kimlərəsə mane olur, onu aradan qaldırmağa çalışırlar. Digər tərəfdən, kimlərsə ya sifarişlə, ya da öz təşəbbüsü ilə Qarabağ Komitəsində nəzarəti ələ keçirmək istəyir. - Qurumun daxilində baş verənlərdə, istefalarda kənar qüvvənin əli ola bilərmi? - Qarabağ Komitəsində baş verənlərdə kənar əlin rolunun olması versiyası da mümkündür. Faktlarım olmadığına görə bir şey deyə bilmərəm, amma kənar müdaxilə olmamış deyil, bəlkə də əsas amildir. Biz çox böyük əziyyətlə Qarabağa dair birliyə nail olmuşduq, xalq da bu birliyi çox istəyirdi, bu birliyə çox sevindi. Emosiyaya qapılmadan hər kəs desin görək bu birliyi pozan kimlər oldu? - İsgəndər Həmidov istefa verib gedəndə şəxsən sizə yönəlik ağır ittiham səsləndirdi, sizi hakimiyyətlə alver etməkdə suçladı. Qarabağ Komitəsi yaranandan bəri, ümumiyyətlə, hakimiyyətdən kiminləsə Qarabağ Komitəsi mövzusunda söhbətiniz olub? - İsgəndər bəyin ittihamının heç bir əsası yoxdur, daha çox gedişinə bəhanədir. Getmək istəyirdi, bəhanə axtarırdı, bəhanə tapa bilmədi, ona görə də əsassız bir ittiham irəli sürdü. Eyni ittihamı mən də ona qarşı deyə bilərəm. Sadəcə, bu cür söz güləşdirməsinə getmək istəmirəm. Mən iş görməyə üstünlük verirəm, bəziləri heç bir iş görmür, mənasız qeybətlərlə gündəmə gəlməyə çalışırlar. Mənim hakimiyyətdən heç kəslə heç bir təmasım olmayıb, heç nəyi məsləhətləşməmişəm. Mən həmişə demişəm və deyəcəyəm ki, Qarabağın azadlığı üçün hakimiyyətlə cəmiyyət, müxalifət bir yerdə hərəkət etməlidir. Mən Qarabağ Komitəsinin yaranmasının əvvəlində də bu tezisi demişəm, komitəni də bu prinsip əsasında yaratmışıq. O vaxt hamı da bu prinsipə razılaşıb. İndi nə olub ki, boş ittihamlara keçiblər?! Əsassız ittihamları kənara qoymaq lazımdır. - Komitənin İdarə Heyətinin üzvü Pənah Hüseyn isə deyir ki, son vaxtlar Qarabağ Komitəsi ətrafında hansısa əməliyyatlar aparılmağa başlandığı sezilirdi. Siz də bu cür düşünürsünüz? İstefalar bu əməliyyatın əlamətləri sayıla bilərmi? - Qarabağ Komitəsi ətrafında kimlərinsə əməliyyat keçirmək istəkləri hiss olunur. Məqsədləri komitəni ya ələ keçirmək, ya da bu mümkün olmasa dağıtmaqdır. Mən heç vaxt bu cür oyunlarda iştirak etməmişəm, indi də etməyəcəyəm. Böyük ehtimalla kənara çəkiləcəyəm. Meydanı verəcəyəm söz pəhləvanlarına. Mənim intriqa pəhləvanları ilə söz güləşdirməyə vaxtım və həvəsim yoxdur. - Qarabağ Komitəsindən istefa verənlər fevralın 18-də Azərbaycan Xalq Hərəkatı nəzdində Qarabağ Komitəsi yaradıblar. Onların bu addımına münasibətiniz necədir? Bu hadisə Qarabağ Komitəsinə alternativ yaradılmasıdırmı? - AXH deyilən qurumda Qarabağ Komitəsi yaradıblarsa, bu, onların haqqıdır, heç nə deyə bilmərəm. Uğurlar arzulayıram. Qarabağ adına kim nə yaradır, nə iş görürsə, ancaq alqışlanmalıdır. Qarabağ Komitəsinə alternativ deyəndə, sağlam yarış mənasında yaradırlarsa, olsun. Ziyanı yoxdur. Amma “mən də varam” məntiqi ilə yaradırlarsa, sönüb gedəcək. - AXH üzvü, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev isə bildirir ki, cəmi bir dəfə mitinqlə bağlı Qarabağ Komitəsinin iclasında iştirak edib və görüb ki, yaxşı atmosfer yoxdur. Əvvəldən problemlərin olduğunu iddia edir. Bu iddialar doğrudurmu? - Mitinq ərəfəsində çox müsbət atmosfer var idi, hamı iş gömək, bir işin qulpundan yapışmaq həvəsində idi. Elşad bəy nəyi necə görüb, deyə bilmərəm. - Eyni zamanda həm istefa verənlər, həm də Elşad Musayev deyirlər ki, Qarabağ Komitəsində mitinq məsələsində hakimiyyətin dediyi ilə oturub duranlar var, problem həm də bundan qaynaqlanır. - Söhbət hakimiyyətin dediyi ilə durub oturmaqdan getmir. Əksəriyyət hesab edirdi ki, icazəsiz aksiyaya, mitinqə getmək olmaz, mitinq razılaşdırılmalıdır. Bəziləri isə “istefa” tələbində israr edirdi. İstefa tələbi ilə hakimiyyəti Qarabağı azad etməyə məcbur etmək olmaz. Bəziləri istefa tələbi səsləndirməklə Qarabağın azadlığına deyil, özlərinin reklamına xidmət edirlər. Göstərmək istəyirlər ki, guya ən radikal onlardır. - Qarabağ Komitəsini Qarabağ məsələsini inhisara almağa çalışmaqda da qınayırlar... - QAT-ı da həmişə ittiham ediblər ki, guya Qarabağ məsələsini inhisara almışıq. Heç bir inhisar yoxdur. Meydan həmişə açıq olub, buyursunlar görək nə iş görəcəklər. Amma mənasız danışıqlara son qoyub iş görsünlər, çalışsınlar. Elə olarsa, ancaq sevinərik. - İsgəndər Həmidov istefa verdikdən sonrakı keçən günlərdə onunla ikilikdə görüşünüz, söhbətiniz olub? - Xeyr, heç bir görüşümüz, söhbətimiz olmayıb. İsgəndər Həmidovla görüşə ehtiyac görmürəm. Müsbət nəticəyə çox çalışmışdıq, amma bir şey alınmadı. “Yeni Müsavat” Geri qayıt |