Əsas Səhifə > Partiya, Güney Press > “...Erməniləri yığıb Bakıya gətirmək düzgün deyil”
“...Erməniləri yığıb Bakıya gətirmək düzgün deyil”16-02-2019, 09:24 |
Son vaxtlar Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan müzakirələrdən biri də xalqların sülhə hazırlanması və dialoqun qurulmasıdır. Lakin bu məsələyə yanaşma da birmənalı deyil. Hər iki ölkənin vətəndaşları tərəfindən dialoq məsələsinə iradlar var. Azərbaycan vətəndaşları torpaqlarının azad olunması xəbərini eşitmədən dialoqa getməyi qəbul etmədiyi kimi, ermənilər də böyük itki verərək işğal etdikləri və haqsız da olsa sahibləndikləri torpaqlardan əl çəkmək istəmirlər. Belə olduğu halda, cəmiyyətin sülhə və dialoqa nə qədər hazır olduğu sual doğurur? Bəs görəsən, Qarabağda torpağını, yurdunu itirən ictimai fikir adamlarının bu məsələyə münasibəti necədir? “Yeni Müsavat”ın sualını cavablandıran deputat Aqil Abbas da indiki halda dialoqun mümkün olmadığını dilə gətirdi: “Ermənilər torpaqları işğal edib, orada məktəb tikib yol çəkiblər. Rayonlarda xeyli iş aparıblar. Ermənistan prezidenti bu yaxınlarda Fransaya rəsmi səfər etdi, daha sonra oradan Amerikaya getdi, oradan Moskvaya döndü və ona dedilər ki, get işinlə məşğul ol, nə istəyirsənsə onu et. Daha sonra gəldi və işğal olunmuş torpaqlarımızda yeni işlər görməyə başladı. Dialoq bir nağıldır. Təbii ki, mən də sülh istəyirəm. Mən də istəmərəm ki, bir azərbaycanlının övladı şəhid olsun. Ancaq bu yolla sülh əldə etmək olmur. Öncə erməni işğalçıları torpaqlarımızı tərk etməlidir. Daha sonra oturub danışıqlar aparmaq və Azərbaycan vətəndaşlığını qəbul etmək istəyən ermənilərə müəyyən hüquqlar vermək olar. Onların da bizim kimi seçib-seçilmək hüququ olmalıdır, sosial təminatı olmalıdır. Əgər vətəndaşlığı qəbul etsə, bunlardan faydalana bilər. Hətta onun müharibədə həlak olmuş yaxınına görə də, Azərbaycan pul verə bilər. Ancaq onlar bizim torpaqlarımızı qaytarmadıqca, dialoq bir nağıldır. Biz sülh istəyirik, ancaq dediyim şərtlərlə. Əks halda, biz erməniləri öz torpaqlarımızdan çıxaracağıq, Qarabağı azad edəcəyik. Ermənilər əgər qalıb vətəndaşlığımızı qəbul etsə, onların hüquqlarına hörmətlə yanaşacağıq. Ancaq torpaqlar azad edilməmiş, erməniləri yığıb Bakıya gətirmək, onlarla gəzib çay içmək düzgün deyil”. Musavat.com saytının redaktoru Xalid Kazımlı da vurğuladı ki, indiki şərtlərlə ermənilərlə heç bir barışıqdan söhbət gedə bilməz: “Ortada Azərbaycana vurulmuş milyardlarla dollar həcmində maddi ziyan, 30 minə yaxın qətlə yetirilmiş insanın, 70 minə yaxın xəsarət almış insanın özlərinin və ailələrinin faciəsi, işğal olunmuş rayonlar var. Bunların üstünə ermənilərin öz dədə-baba yurdlarından deportasiya etdiyi, başqa sözlə, genosid siyasətinə məruz qoyduğu bir milyona yaxın insanın da yaşadığı maddi-mənəvi, psixoloji sarsıntısını da gəlsək, hansı dialoqdan, barışıqdan, yaxınlaşmadan söhbət gedə bilər? Heç cür mümkün deyil. Fiksiyadır və özünü aldatmaqdır. Bu, ermənilərin xeyrinə olan bir təşəbbüsdür. Zərərlidir. Bu iki dövlət və millət arasında dialoq o zaman baş tuta bilər ki, ermənilər olub-keçənlərə görə öz günahlarını etiraf etsinlər, vurduqları zərəri ödəsinlər, üzr istəsinlər, əfv diləsinlər, öz hərbi canilərini lənətləsinlər, bir daha belə etməyəcəklərinə dair təminat versinlər. O zaman dialoq predmeti tapıla bilər, tədricən yaxınlaşma ola bilər. Yoxsa bu münaqişə min il də davam etsə, biz öz mövqeyimizdən geri çəkilə, duruşumuzu poza bilmərik. Prinsipial olmaq, bu avantüranın son nəticədə erməniləri necə yazıq günə qoyduğu günü gözləmək, o günün tez yetişməsi üçün məqsədyönlü fəaliyyət göstərmək lazımdır”. Tanınmış telejurnalist Qulu Məhərrəmli isə hesab edir ki, xalqları sülhə hazırlamaq məsələsinin arxasında heç bir mexanizm dayanmır: “Xalqları sülhə hazırlamaq məsələsi bir şüar kimi ortaya atılsa da, onun arxasında heç bir plan, mexanizm və ideya dayanmır, sadəcə söz var. Ona görə də, xalqları sülhə hazırlamaq məsələsi havadan asılı bir şeydir. Xalqı sülhə hazırlamaq anlayışı və güzəşt yalnız o halda ola bilər ki, Azərbaycanın torpağı azad olunsun, ondan sonra separatçı ermənilərin cinayət məsuliyyətinə cəlb olunub-olunmaması ilə bağlı güzəşt haqqında danışmaq olar. Azərbaycan heç bir torpaq güzəştinə gedə bilməz. Sülh məsələsində isə ermənilər bizdən daha çox maraqlı olmalıdır. Çünki Qafqazda gedən çox ciddi layihələrdən , o cümlədən kommunikasiya və enerji layihələrindən kənarda qalırlar. Hazırda Ermənistanda sosial problemlər önə çıxıb. Yeni hökumətin əsas məqsədlərindən biri əhalinin sosial problemlərini həll etməkdir. Ona görə də, müəyyən güzəşt edilə bilər, Xankəndində yaşayan və Azərbaycan vətəndaşı olan ermənilərə müəyyən güzəştlər edilə bilər”. Geri qayıt |