Əsas Səhifə > Partiya, Güney Press > “Artıq Azərbaycan müxalifəti bu iki partiyadan ibarət deyil”
“Artıq Azərbaycan müxalifəti bu iki partiyadan ibarət deyil”13-02-2019, 08:48 |
Müxalifət artıq 25 ildir ki, müxalifətdədir və demək olar ki, bu müddət ərzində mümkün olan bütün birlik, blok və s. kimi birləşmə modellərini sınaqdan çıxarıb. Ancaq təəssüf ki, bu birliklərin heç bir real siyasi nəticəsi və uğuru olmayıb. Yəni bu birliklərdə siyasi səmimiyyət olmayıb və daha çox məcburiyyətdən, ya da ictimai qınağın təzyiqləri ilə atılan addımlar olduğu üçün nəticəsiz olub. Azərbaycan müxalifətinin zaman-zaman yaratdığı birlik modellərinin dava-dalaşla dağılmasının səbəblərindən birinin həmin birliklərdə AXCP və Müsavatın bir-biri ilə nüfuz savaşı olduğu sirr deyil. Ekspertlər bildirir ki, bu səmimiyyətsizliyi seçici də, xalq da çox dəqiq sezir və buna uyğun da təpki verir. Birliklər konkret siyasi proses ətrafında və səmimiyyətlə təşkil olunmalıdır. 2019-cu ilin ilk ayından etibarən aktivləşən müxalifət düşərgəsində paralel olaraq yeni birlik modelləri də ortaya çıxmağa başladı. Qısa zamanda bir neçə formatda birlik reallaşdı da. Son zamanlar yaranan birlik modellərində maraqlıdır ki, AXCP və Müsavat təmsil olunmur. Məsələn, 23 partiyanın yanvarın 26-da təsis konfransını keçirdiyi Azərbaycan Xalq Hərəkatında adıçəkilən iki partiya yoxdur. Bəs həmin partiyaların yoxluğu birliyə təsirini necə göstərir? Onlar olmadan da daxildə bir-biri ilə mübarizə özünü göstərirmi? AXH-nin üzvlərindən olan Azadlıq Partiyasının sədri Əhməd Oruc “Yeni Müsavat”a bildirdi ki, bütün birliklərdə siyasi rəqabət olur. Əsas məsələ rəqabətin dağıdıcı xarakter almamasıdır: “Biz, inşallah, normal münasibətləri qoruyarıq. Rəqabət dağıdıcılığa gətirib çıxarmaz”. Ə.Orucun sözlərindən belə qənaətə gəlmək mümkündür ki, yeni birliklərin daxilində də vəziyyət heç də rəvan deyil. Rəqabət başlayıb. Qurumun daha bir təmsilçisi olan AĞ Partiyanın sədr müavini Əhəd Məmmədli isə bildirdi ki, keçmişə baxmağın tərəfdarı deyillər. Keçmiş keçmişdə qaldı. Bu gün isə yeni siyasi konfiqurasiya dönəmidir: “Bugünkü siyasi konfiqurasiyada dünənki partiyalardan əlavə yeni partiyalar, alternativ siyasi qurumlar var. AXH də yeni partiyalar, alternativ siyasi qurumların yer aldığı yeni hərəkatdır. Yeni qurulmasına baxmayaraq AXH-yə xalq arasında ümid var. AXH bu ümidləri doğruldacaq ya yox, bunu zaman göstərəcək. AXH-nin qapıları hər kəsə açıqdır. Müsavat və AXCP-nin AXH-də olmamasının heç bir mənfi təsiri yoxdur. Artıq Azərbaycan müxalifəti bu iki partiyadan ibarət deyil”. Geri qayıt |