Əsas Səhifə > Partiya, Güney Press > “Müxalifətin şüarları düşmənə yox, özümüzə qarşı yönəlib”
“Müxalifətin şüarları düşmənə yox, özümüzə qarşı yönəlib”5-02-2019, 08:33 |
Bəzən tənqidçilər hesab edirlər ki, Azərbaycanda müxalif düşərgə özünü “sözəbaxan” aparır. İqtidar onlara mitinq icazəsi verirsə, mitinq keçirirlər, vermirlərsə, razılıq almaq üçün ciddi dirəniş göstərmirlər. Bu, doğrudanmı belədir? “Radikal müxalifət bundan əvvəlki parlament seçkilərinə qatılmadı. Daha öncəki seçkini isə uduzub. Biz demokratik cəmiyyətdə yaşayırıq və hər kəsin gücü seçkidə özünü göstərir”. Bu fikirləri “Yeni Müsavat”a deputat Musa Quliyev müxalif qüvvələrin iqtidara təzyiq gücünün olmaması barədə danışarkən söylədi. Deputat təklif edir ki, müxalifət payızda keçiriləcək bələdiyyə seçkilərində iştirak eləsin və iqtidara gücünü nümayiş etdirsin: “O ki qaldı müxalifətin mitinqinin təsiri nəticəsində dövlət hansısa addımlar atır, bu, çox gülünc fikirlərdir. Dövlət idarəçiliyi təcrübəsi olanlar bilir ki, hökumət planları əvvəldən qurur, layihələr həyata keçirir. Azərbaycan hökuməti öz işini görür. Hakimiyyət hər hansı addımı kiminsə iddialarına uyğun atmır. Ona görə mitinqdən bir həftə sonra addımlar atılmır. Belə fikirlər aksiyada iştirak edənlərin aldadılması üçün bir tryukdur”. M.Quliyev müxalifətin mitinqlərdə səsləndirdiyi şüarlara görə təəssüf edir: “Əfsus ki, müxalifətin şüarları düşmənə yox, özümüzə qarşı yönəlib. Məsələn, Gürcüstanın Axalakalaki vilayətində erməni terrorçusuna abidə qoydular. Amma mitinqdə sinəsini cıranlar Gürcüstanın Bakıdakı səfirliyinin qarşısına toplaşmadı, aksiya keçirmədi, bir kəlmə söyləmədilər. Biz bilmirik, bəlkə abidəni qoyanlarla eyni mənbədən maliyyələşirlər? Yaxşı olar, bu suala cavab versinlər”. Siyasi şərhçi Hikmət Hacızadə müxalif qüvvələrin iqtidara təzyiq gücünün azalmasının səbəbləri barədə bildirdi ki, mübarizə üçün münbit şərait olmalıdır: “Azərbaycanda olmayan da elə bu mühitdir. Müxalifət heçə endirilib, hökumət müxalifətlə teatr göstərə bilir”. Politoloqun fikrincə, hökumətə nə boyda teatr lazımdırsa, müxalifətə o qədər yer verir: “İstəsə qapı-pəncərələri bağlaya bilər, interneti, televiziyanı bloklayar. İstəyəndə mitinqə icazə verir, istəmirsə vermir. Əhalidə tərpəniş olmalıdır. Mitinqlərdə kütləvilik yoxdur. İcazəsiz aksiyalara 200-300 adam gəlir. İlk növbədə gənclər üçün meydan olmalıdır ki, o da yoxdur. Yaşlı müxalifət gözləyir ki, gənclər yeni ideyalarla gəlsin, formalaşsın. Amma cavanları da sıxırlar. Əhali etirazlara qarışmırsa, bu şəraitdə müxalifətdə olanları qəhrəman sayıram. Belə vəziyyətdə nə isə etməyə çalışırlar. Nəzərə almaq lazımdır ki, müxalifətdə qalanları da incidirlər, yaxınlarını işə götürmürlər. Amma belə davam edə bilməz, böhran dərinləşəcək. Ona görə islahatlar lazımdır". AĞ Partiyanın başqanı Tural Abbaslı isə müxalifətin hakimiyyətə təzyiq edə bilməməsində günahı daha çox birincilərdə görür: “Yəni Amerika kəşf etməyə ehtiyac yoxdur. Müxalifətin gücü narazı elektoratdır. Əgər onlar hakimiyyətin cizdiyi dairədə müxalifətçilik edə bilirsə, deməli, narazı qüvvələri yanına ala bilməyiblər. Çünki hakimiyyət qədər yaşı olan müxalifət xalq üçün etimadsızlaşıb. Artıq bəzilərini ləqəblərlə xatırlayırlar. Müxalifət öz daxilində yenilənməlidir”. T.Abbaslının sözlərinə görə, narazı elektoratın tələbatına uyğun təşkilatlar, strukturlar təqdim olunmalıdır: “Mitinq keçirirsən, telefon nömrələrinə sonra zənglər olunur, təqiblər başlayır. Müxalifət narazıların təhlükəsizliyini də düşünməlidir. Bunun üçün yeni platformalar tapmalıdır, sosial şəbəkələr, müasir mediadan istifadə olunmalıdır. Taktika dəyişməsə, hakimiyyətə təsir imkanları çətin olacaq. Müxalifət iqtidar qarşısında zəifdirsə, o demək deyil hakimiyyət güclüdür. Sadəcə, bu düşərgə öz metodlarını yeniləsə, iqtidarın hansı gücə malik olduğu üzə çıxar”. Geri qayıt |