Əsas Səhifə > Partiya, Güney Press > “Onun rişxəndlə gülməsi mənə çox pis təsir etdi”
“Onun rişxəndlə gülməsi mənə çox pis təsir etdi”31-01-2019, 09:03 |
Amerikada yaşayan jurnalist Sevinc Osmanqızı ilə sabiq daxili işlər naziri, Azərbaycan Xalq Hərəkatının yaradılmasının təşəbbüskarı, AMDP sədri İsgəndər Həmidov arasında son günlərdə yaranan qalmaqal səngimək bilmir. Qalmaqalın yaranmasına səbəb xanım jurnalistin internet üzərindən yayımlanan verilişinə İ.Həmidovu qonaq qismində çağırması və veriliş zamanı ona ünvanlandığı suallardır. Yarım saatlıq verilişdə S.Osmanqızı tərəf kimi daha çox görünüb və açıq şəkildə AXH-ni hədəf alıb. Bu azmış kimi, verilişdən sonra o, müsahibəni sabiq nazirin 1993-cü ildə insident yaşadığı və kadrlara düşən bir videosu ilə paylaşıb və başlığa “Davakar İsgəndər Həmidov” yazıb. Bütün bunlardan sonra S.Osmanqızının jurnalist etikasını pozduğu barədə sərt qınaqlar, etirazlar səslənməyə başlayıb. Öz həmkarları onu daha çox qınayıblar. Qalmaqalla bağlı “Yeni Müsavat”a danışan sabiq nazir bunun onun üçün gözlənilməz olduğunu söylədi: “Açığı, Sevinc xanım verilişə dəvət edəndə düşünürdüm ki, son zamanlar ölkədə baş verənləri müzakirə edəcəyik. Belə vəziyyətin yaranacağını təsəvvür etməzdim. Amma ilk suallarından başa düşdüm ki, bu insan haradansa 5-10 sual əzbərləyib. Gözləməzdim ki, belə olsun. İstənilən halda canlı yayımı tərk etməzdim. Bir də niyə tərk etməliydim ki? Nədən qorxuram, yaxud çəkinirəm? Çəkinəcəyim heç nə olmadığı üçün rahat idim. Onu da düşündüm ki, növbəti suallarda yəqin hər şey düzələr. Öz sözümü dedim. Nə qədər sual versəydi, hamısına cavabım var idi. Verdiyim cavablara göstərilən reaksiyalar da pis deyil. Sevinc xanımın sifariş yerinə yetirdiyini dəqiq deyə bilmərəm. Amma onda Azərbaycan Xalq Hərəkatına qarşı bir qısqanclıq gördüm. Özü də çox böyük qısqanclıq idi. Sanki bu hərəkatın yaranması kimlərisə narahat edir. Bu narahatlıq da yəqin ki, iqtidarda olar. Başqa kimlərdə olsun ki? Sevinc xanımın Milli Şura, konkret olaraq Əli Kərimlinin sifarişini yerinə yetirdiyi barədə fikirlərə rast gəlirəm. Amma mən bunu hiss etmədim, hiss edə də bilməzdim. Açığı, mənə daha çox elə gəldi ki, o, iqtidarın tapşırığını yerinə yetirir. Çünki onun suallarında iqtidarın narahatlığı daha çox hiss olunurdu. Onu dedi ki, 19 yanvardakı mitinqə Xalq Hərəkatı alternativ deyildi. Hərəkat zatən həmin mitinqdən öncə yaranmışdı. Çağırış edib o mitinqə qoşuldum və çıxış da etdim. Canlı yayımda isə bildirdim ki, biz heç kəsə, heç bir quruma qarşı alternativ hərəkat yaratmırıq. Bizim məqsəd və məramımız ölkəmizdə demokratik düşərgəni dəstəkləmək və demokratik cəmiyyət yaratmaqdır. Canlı yayımda nələri hiss etdimsə, onu da dedim”. İ.Həmidov S.Osmanqızının canlı yayımın videosunu paylaşarkən əvvələ və axıra “Davakar İsgəndər Həmidov” başlıqlı təqdimatına da münasibət bildirdi: “Onun özünə dedim ki, əgər Azərbaycanda bütün bəlalar, çatışmazlıqlar mənim bir insidentimə görədirsə, özümü Xəzər dənizinə atmağa hazıram. Sevinc xanım bilmədi ki, hansı bostana girir sonu necə olacaq... Hər kəsə müraciət edirəm ki, o, xanımdır, çox üstünə getməyin. Onun düşüncəsi elədirsə, olsun. Onun nə üçün belə etdiyini hələ də düşünürəm və səbəbini anlaya bilmirəm. 10 ildə məni tapmamışdı, indi birdən-birə axtarıb tapıb, verilişə çıxarıb, belə suallar verməyi gözlənilməz oldu. Sevinc xanımla indiyə qədər aramızda heç bir soyuqluq olmayıb. Sevinc xanımın rəhmətlik atası Ayaz Mütəllibovun mətbuat xidmətinin rəhbəri idi. Allah ona rəhmət eləsin. Onun atası ilə aramızda ciddi bir soyuqluq olmayıb. Sadəcə, biz Xalq Cəbhəsində idik, Ayaz Mütəllibov isə iqtidar idi. Ayaza deyilən hər bir sözü Sevinc xanımın atası sanki öz üzərinə götürürdü. Sizləri tam əmin edirəm k, Sevinc xanımın suallarının o məsələlərə heç bir dəxli yoxdur. Sadəcə, sualları ancaq Xalq Hərəkatının yaranmasından doğan narahatlıqla bağlı idi. Çünki sualların hamısı Xalq Hərəkatının üzərində qurulmuşdu. Bu hərəkata görə narahat olanları isə anlamaq, sadəcə, çətindir. İqtidarın narahatlığı anlaşılandır. Sevinc xanımda yaranan narahatlığın səbəbi ondan soruşulsa daha yaxşı olar. Çünki ən doğru cavabı o verər. Jurnalist etikası baxımından Sevinc xanımın bu davranışlarını mətbuat təmsilçiləri dəyərləndirsələr daha düzgün olardı. Onun 71 yaşlı kişiyə belə suallar verərək, rişxəndlə gülməsi, açığı, mənə çox pis təsir etdi. Amma bu da Sevinc Osmanqızının öz şəxsi işidir. Eşitdiyim və bildiyim qədəri ilə jurnalistlərdən çoxu ona öz iradlarını bildiriblər. İstənilən halda, xanımdır, qürbətdə yaşayır. Allah köməyi olsun”. Geri qayıt |