Əsas Səhifə > Partiya, Güney Press > “Heç kim ”fake news"un hücumlarından sığortalanmayıb"
“Heç kim ”fake news"un hücumlarından sığortalanmayıb"25-12-2018, 08:49 |
İngiltərənin “The Guardian” qəzetində Azərbaycan əleyhinə dərc olunan son məqalə ölkəmizdə hiddətlə qarşılanıb. Dünyaca nüfuzlu nəşrin son zamanlar tez-tez ölkəmiz əleyhinə böhtan xarakterli bu cür yazılar dərc etməsi rəsmi Bakının səbir kasasını doldurub. “Təəssüf ki, İngiltərənin ”Guardian" qəzeti bütün həqiqətləri təhrif edən “fake news” istehsalçısına çevrilib. Bu günlərdə qəzetin prezident Əliyevin ailəsi haqqında çap etdiyi yalan və böhtan dolu məqaləsi bunun bariz sübutudur". Bu sözləri QHT Şurasının sədri, deputat Azay Quliyev twitter hesabında yazıb. Deputat hesab edir ki, heç kim saxta xəbər və qarayaxmadan sığortalanmayıb: “Heç kim ”fake news"un hücumlarından sığortalanmayıb və biz hamımız gözləmədən belə bir saxta məlumat yayanlar və ictimaiyyəti çaşdırmağa cəhd edənlər barədə danışmalı və belələrinə qarşı mübarizə aparmalıyıq". Qeyd edək ki, son illərdə Avropadan Azərbaycana qarşı təzyiqlər artmağa başlayıb. Xüsusilə bəzi azərbaycanlı mühacirlərdən ibarət “söyüş müxalifəti”nin bir sıra Avropa ölkələrində fəallaşması və həmin ölkələrin buna sərgilədikləri susqun mövqe rəsmi Bakını ciddi şəkildə düşünməyə vadar edir. Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı öncəliklə 24 dekabrda 57 yaşı tamam olan prezident İlham Əliyevi təbrik etdi: “Sizin mənə müraciətinizdən istifadə edərək, cənab prezident İlham Əliyevi doğum günü münasibətilə bir daha səmimi qəlbdən təbrik edirəm. Ona möhkəm cansağlığı arzulayır, ailə səadəti diləyirəm. Şərəfli və çətin işlərində yeni-yeni pillələrə qalxmaq yolunda, Azərbaycanı böyük gələcəyə, güclü-qüdrətli, inkişaf etmiş ölkələr sırasına çıxarmaqda yeni-yeni uğurlara atmağı diləyirəm. Allah onu qorusun. Allah Azərbaycan prezidenti ilə xalqımızın vəhdətini millətimizə, ölkəmizə, prezidentimizə çox görməsin. Azərbaycan yeni-yeni uğurlar qazandıqca, regionda əsas söz sahiblərindən birinə çevrildikcə, işğal olunmuş torpaqlarımızla bağlı ölkə rəhbərinin qətiyyətli mövqeyi ciddi xarakter daşıdıqca, bu və ya buna bənzər yazılar, ayrı-ayrı təşkilatların hesabatlarında ölkəmizə qarşı böhtanlar yer alır. Sanki bu bir ənənə xarakteri daşıyır. Bütün bu yazılar sifarişlidir. Ölkəmizi beynəlxalq səviyyədə nüfuzdan salmağa, ölkə prezidentinin nüfuzuna xələl gətirməyə hesablanmış yazılardır. Nəticə etibarı ilə Azərbaycan prezidentinə, cəmiyyətinə etimadı azaltmaq, prezidentlə cəmiyyətin vəhdətini zədələmək məqsədi daşıyır. Heç də obyektivliyi özündə əks etdirən yazı deyil. Böhtan, iftiralarla ölkə rəhbəri və ailəsi ilə bağlı dərc edilən bu məqalə növbəti iftiradır. Buna görə, məncə, xaricdəki səfirlərimiz ilk növbədə daha ciddi şəkildə işləməlidirlər. Onların fəaliyyətinə kölgə salmaqdan çox-çox uzağam. Çünki onlar çalışırlar, fəaliyyət göstərirlər. Amma görünən odur ki, bu kifayət etmir. Onlar fəaliyyətlərini daha geniş qurmalıdırlar. Oradakı cəmiyyətlərlə, təşkilatlarla işləməyi bacarmalıdırlar. Ciddi işləmək lazımdır ki, bu cür şər-böhtan xarakterli davranışları, yazıları minimum səviyyəyə endirək. Azərbaycana qarşı Qərbdə anti-Azərbaycan koalisiyası fəaliyyət göstərir. Bu koalisiyada erməni lobbisi də yer almaqdadır. Onlar parlamentlərdə, dövlət strukturlarında yer alır, ictimai həyatda fəaldırlar. Anti-Azərbaycan koalisiyasında xristian təəssübkeşliyi özünü açıq şəkildə göstərir. Təsəvvür edin ki, Amerikada Barak Obama dönəmində Dövlət Departamentinin rəhbəri erməni lobbisinin ən fəal üzvlərindən biri idi. Bu şəxs vaxtilə Mixail Qorbaçova Azərbaycanı cəzalandırmaq lazımdır məktubuna imza atan şəxs olub. Bütün bunlar görün hansı mətləblərdən xəbər verir. Söhbət burada Con Kerridən gedir. Dünyanın güc dövlətinin xarici siyasətinə rəhbərlik edən bir şəxsin erməni lobbisinin ən fəal üzvlərindən biri olması heç şübhəsiz ki, Azərbaycana ziyan verməkdən başqa bir şey deyildi. Avropa ölkələrində hazırda bu tipli insanlar müxtəlif strukturlarda var. Ermənilər uzun illərdir bu cür işlərlə məşğul olurlar. Azərbaycandan xaricdə çoxsaylı soydaşımız var. Onların fəaliyyətini koordinasiya edib, onların da vasitəsilə həmin cəmiyyətlərdə öz mövqeyimizi gücləndirməli, mətbuata çıxmalıyıq. Çalışmalıyıq ki, anti-Azərbaycan qüvvələrin ölkəmizə qarşı fəaliyyətlərinin qarşısını alaq. Təəssüf ki, bu qüvvələrin içərisində erməni lobbisinin və anti-Azərbaycan qüvvələrin maliyyəsi ilə lüks həyat yaşamaq eşqində olan, şərəf və ləyaqətlərini itirmiş antimilli qüvvələr də var. Bunlara qarşı da ardıcıl, sistemi mübarizə aparmaq lazımdır. Unutmalı deyil ki, tariximizin ən faciəli cəhəti ondadır ki, biz erməni kimi məkrli, riyakar xalqla, yaramaz toplumla qonşuyuq. Qarabağ məsələsi həll olunacaq. Ölkə prezidentinin iradəsi ortalıqdadır. Danışıqlar bir nəticə vermir. Son sözü Azərbaycanın qəhrəman ordusu deyəcək. İşğal olunmuş torpaqlarımız mütləq azad ediləcək. Amma ermənilərin bizə qarşı düşmənçilikləri səngiməyəcək. Necə ki, illərdir qondarma soyqırım adı ilə Türkiyənin üzərinə gedirlər. Biz bu cür yazılara, davranışlara qarşı cəmiyyət olaraq təpki göstərməli, onun qarşısını almalı, onlara qarşı ifşaedici məlumatlar verməliyik. Bununla bağlı hörmətli hüquqşünaslarımız məsələni araşdırmalıdır. Hansısa bir səviyyədə həmin qəzetə təkzib göndərilməli, irad bildirməlidir. Ondan tələb olunmalıdır ki, yazını təkzib etsin, cənab prezident və onun ailəsindən üzr istəsin. Əgər bu alınmayacaqsa, qəzet məhkəməyə verilməlidir. Bununla qəzetə qarşı sanksiyaların tətbiqinə və cərimələnməsinə nail ola bilərik. Bütün bunlara baxmayaraq, biz prezidentimizi qorumalı, onun yanında olmalıyıq. Zəiflər əzilir, güclülər yaşayır, biz güclü xalq, dövlət kimi irəli getməliyik". “Yeni Müsavat” Geri qayıt |