Əsas Səhifə > Partiya, Güney Press > “Özlərindən razı insanlar bizə lazım deyil”
“Özlərindən razı insanlar bizə lazım deyil”19-12-2018, 08:27 |
Dekabrın 25-də saat 12:00-da KXCP qərargahında keçiriləcək “Müxalifətin zirvəsi”nə az qaldı. Artıq tədbirə dəvət olunan 40-a yaxın siyasətçinin hər birinə rəsmi dəvətnamələr göndərilib. Bir sıra partiyaların zirvə görüşündə iştirak etməyəcəkləri dəqiqləşib. Bunlar müxalifətin öndə gedən qurumlarından sayılan Müsavat, AXCP və REAL partiyalarıdır. Bu partiyaların rəqabət apardıqları bir sıra qurumların və siyasətçilərin gündəmə gəlməsini istəmədikləri, onlarla bir masa ətrafında oturmamaları üçün dəvətdən imtina etdikləri iddia olunur. Hətta REAL “Müxalifətin zirvəsi”nin təşəbbüskarı olan, sabiq daxili işlər naziri İsgəndər Həmidovla görüşdən belə imtina edib. İ.Həmidov “Yeni Müsavat”a tədbirlə bağlı danışarkən gileyləndi: “Hakimiyyət bəzi dostlara, qardaşlara təsir edir. Nəticədə onlar bəzi bəhanələr axtarırlar. Amma bir bəhanələri yoxdur. İşlər hələ ki normal gedir. Bunların hamısı bəhanədir ki, filankəs masa ətrafında oturacaqsa, mən orada necə oturum? Boş-boş bəhanələrdən başqa bir şey deyil. Hökumətin qurduğu plandır ki, bu dəyirmi masa, ümumiyyətlə baş tutmasın. Bu zirvə görüşündə hələ müzakirələr başlayır. Ortada ciddi bir şey yoxdur. Lakin görünən odur ki, bəzi dairələr tədbirdən narahatdır. Onun üçün bəzi dəvətlilər vasitəsilə maneələr yaratmağa cəhdlər edirlər. Müsavat, AXCP və REAL iştirak etmirsə, canları sağ olsun, onlara müvəfəqiyyətlər arzulayıram. Hər kəsin öz yolu var. Hər kəs də öz yolunda gedir”. Qeyd edək ki, “Yeni Müsavat”ın ötən sayına açıqlama verən REAL funksioneri zirvə görüşündə iştirak etməyəcəklərinə səbəb kimi tədbirin məramının, məqsədinin məlum olmadığını göstərmişdi. İsgəndər bəy onun arqumentinə bu cür reaksiya sərgilədi: “Onlar düzgün danışmırlar. Toplantının məqsədi də, məramı da məlumdur. Açıq şəkildə göstərilib ki, tədbir Azərbaycanda yaranmış vəziyyət və ondan çıxış yolları, müxalifətin vəzifələri barədədir. Özlərindən razı insanlar bizə lazım deyil. Mənə xalqı sevən insanlar lazımdır. Dəvətnamələri hamıya göndərmişik. Bir-bir görüşlərimiz də olub. Yalnız REAL-ın dəvətnaməsi göndərilməyib. Ona görə ki, REAL-a görüşmək üçün xəbər göndərdim, amma onlardan xəbər çıxmadı. Gördüm ki, görüşmək istəkləri yoxdur”. Geri qayıt |