Əsas Səhifə > Partiya, Güney Press > “Yeni başçılar elə işləməlidir ki, vətəndaşlarımızın problemləri dərhal həllini tapsın”
“Yeni başçılar elə işləməlidir ki, vətəndaşlarımızın problemləri dərhal həllini tapsın”15-12-2018, 10:29 |
Dekabrın 13-də ölkə başçısı İlham Əliyevin sərəncamı ilə Xətai rayonunun icra başçısı Razim Məmmədov vəzifəsindən azad edildi. Ölkədə bir müddətdir ki, kadr dəyişikliyi siyasəti fonunda bir neçə icra başçısı, yüksək vəzifəli məmur da işdən çıxarılıb. Məlum olub ki, həmin məmurlar idarəetmədə yanlışlığa yol verib, əhalinin vəziyyətinin yaxşılaşdırılması istiqamətində heç bir iş görməyiblər. İcra başçıları dəyişdirilir, bəs yerlərdə də vəziyyət dəyişirmi? Yeni başçılar etimadı doğrulda bilirmi? “Yeni Müsavat”a danışan deputat Fəzail Ağamalı bildirib ki, hər bir soydaşımız vəzifəyə təyin olunan zaman ölkə prezidentinin inam və etimadını doğruldaraq, qarşıya qoyulan vəzifələri yerinə yetirirlər: “İndi tamamilə fərqli bir durumdur və dünya xeyli dərəcədə inkişafdadır. Eyni zamanda yaxınlarda, uzaqlarda ciddi xarakter daşıyan kataklizmlər də göz önündədir. Heç şübhəsiz ki, belə bir zaman kəsiyində hər məmur son dərəcə diqqətli, məsuliyyətli olmalıdır. Onlar, ölkə prezidentinin tapşırıqlarına uyğun olaraq vəzifələrini yerinə yetirməlidirlər. Belə də olur. Təyin olunan icra başçıları zaman-zaman ölkə prezidentinin qarşıya qoyduğu vəzifələri yerinə yetirirlər. O da etiraf olunmalıdır ki, ölkə prezidenti xüsusi olaraq son illərdə bütün sahələrdə olduğu kimi icra başçılarının təyinatına da daha diqqətlə yanaşıb, ölçülü-biçili addımlar atmağa üstünlük verir. Dəyişilən icra başçıları da təbii ki, təyinatdan öncə prezidentlə görüşlərində qarşılarına qoyulan vəzifələri əsas gətirərək, şəhərlərdə, rayonlarda lazım olan vəzifələri yerinə yetirirlər. Düşünürəm ki, uzun illər boyu bu və ya digər vəzifələrdə çalışanlar, bəzən arxayınlığa yol verirlər. Düşünürlər ki, onların gördükləri iş artıq kifayət edər. Fenomenal, üstün keyfiyyətlərə malik olan siyasi liderlərdən fərqli olaraq, bu cür insanlar bəzən potensialı da tükənir. Artıq yenilik xarakter daşıyan addımlar da atmırlar. Çünki düşünürlər ki, bunların hamısını ediblər. Bəzən görürük ki, rayonlarda, şəhərlərdə bununla bağlı geriləmələr, problemlər olur. Bütün bunları nəzərə alaraq, ölkə prezidentinin son dövrlərdə icra başçılarının dəyişdirilməsi ilə bağlı atdığı addımlar, onun idarəçilik prinsipinə və siyasətinə xidmət edir. Əminəm ki, yeni təyin olunan və xeyli müddətdir işləyən icra başçıları da ölkə prezidentinin 2018-ci il aprel seçkisindən sonra ortaya qoymuş olduğu idarəçiliyin yeni mərhələsinin xüsusiyyətlərinə uyğun olaraq, öz fəaliyyətlərini yenidən qurmağa çalışırlar. Bunu edə bilənlər, fəaliyyətlərini davam etdirirlər, edə bilməyənlər isə yeniləri ilə əvəz olunurlar. Təbii ki, yenilər də yeni potensialla, düşüncə ilə fəaliyyətə başlayırlar. Ümidvaram ki, onlar ölkə prezidentinin qarşılarına qoyduğu vəzifəni icra edib, xalqın xidmətçisi olacaqlar”. Deputat bildirib ki, buna uyğun olan addımlar atmaq lazımdır: “İcra başçıları xalqla ən çox təmasda olan, onların gündəlik ehtiyacları ilə üz-üzə qalan məmurlardır. Onlar elə etməlidirlər ki, vətəndaşlarımızın rayon və şəhərlərdə məruz qalmış olduqları bu və ya digər problemləri dərhal həllini tapsın. Həmin problemləri konkret olaraq öz fəaliyyətləri çərçivəsində aradan qaldırmağa çalışsınlar. Səlahiyyətləri çərçivəsində olmayan məsəlləri isə daha yuxarı səviyyələrdə qabartsınlar. İstər şəhər, istərsə də rayonlarda olan icra başçıları birmənalı olaraq, həftədə bir dəfə qəbul günü təyin etməklə kifayətlənməli deyil. Onlar hər gün xalqla təmasda olub, insanların içərisində olmalıdırlar. O icra başçıları ki, kabinetdən daha çox insanların içərisində olub, görüşlər keçirirsə, orada demək olar ki, problem olmur. Çox arzu edərdim ki, Bakı şəhərinin icra başçıları, eyni zamanda məhəllələrdə də görüşlər keçirsin. Məsələn, Bakı şəhərinin ətrafında Abşeron rayonu var. Abşeronun icra başçısı demək olar ki, qrafikinə uyğun olaraq bütün kəndlərdə görüşlər keçirir. Yəni əhali ilə arasında açıq qapı var. Onlar gəlirlər, fikirlərini ifadə edirlər. Eyni zamanda yəqin ki, onun bir başçı olaraq həm də həftənin bir günü konkret olaraq rayon mərkəzində də görüşləri olur. Eyni zamanda digər rayonlardan da çoxsaylı misallar çəkə bilərəm ki, rayon icra başçıları kəndlərə gedib, orada görüşlər keçirirlər. Bakının rayonlarının icra başçılarına da eyni qrafiklə işləmələrini arzu edərdim. Müavinlərinin, şöbə müdirlərinin əraziyə çıxması ilə kifayətlənməsinlər. Yaxşı olar ki, özləri də məhəllələrə çıxıb, əhali ilə açıq dialoqa girsinlər. O demək deyil ki, hökmən bu, açıq yerlərdə olmalıdır. Bunu qapalı məkanda da etmək olar. Məsələ odur ki, insanlarla görüşlər keçirilsin, onlarla təmas olsun və problemləri dinlənilsin. Bu, eyni zamanda digər iri şəhərlərimizdə də ola bilər. Yaxşı haldır ki, ölkə prezidentinin vaxtilə qoymuş olduğu tələbə uyğun olaraq, ayrı-ayrı nazirlərimiz, komitə sədrlərimiz regional xarakterli görüşlər keçirib, öz sahələri ilə bağlı ortaya çıxan problemlərin həlli istiqamətində yerindəcə addımlar atırlar. Özlərindən asılı olmayan məsələləri isə ümumiləşdirərək, prezident aparatına təqdim edirlər. Nəticədə problem həll edilir. Azərbaycanda sabitliyin qorunub saxlanmasında bu cür metodla vətəndaşlarla təmasın saxlanmasının böyük əhəmiyyəti var. Ölkə prezidenti ilə xalqının vəhdətinin möhkəmlənməsində belə iş metodu, özünün əhəmiyyətini təsdiq etməkdədir. Arzu edirəm ki, ənənə davam etsin və geniş xarakter alsın”. Geri qayıt |