Əsas Səhifə > Partiya, Güney Press > Əli Kərimli və Orduxan Teymurxanın “dirilməsinin” pərdəarxası
Əli Kərimli və Orduxan Teymurxanın “dirilməsinin” pərdəarxası13-12-2018, 09:35 |
Noyabrın 17-də AXCP sədri Əli Kərimli ətrafında “həbs şousu”nun yaradılması onun aktivləşməsi ilə nəticələndi. Kərimli uzun müddətdir ki, hətta yaddaşlardan silinmişdi. Avropaya sığınmış Orduxan Teymurxan barəsində cinayət işinin açılmasından sonra o da yenidən “xortlayıb”. Hansı ki, bu adam QRU-nun agenti olduğu ifşa edildikdən sonra öz qınına çəkilmişdi. Sanki bilərəkdən hakimiyyət daxilində hansısa qüvvələr gündəmdə olmayan şəxsləri “diriltməklə” məşğuldurlar. Təsəvvür edin ki, noyabrın 17-yə qədər Azərbaycan siyasətində demək olar ki, Ə.Kərimli adı yox idi. AXCP sədri sosial şəbəkələrdə canlı yayımlar etməklə gündəmə gəlməyə çalışır, amma buna nail ola bilmirdi. Bir gün “KPZ”-də qalması sanki ona “nəfəs verdi”. AXCP sədri yaranmış fürsətdə müxalifət daxilində birlik çağırışlarına start verdi, hətta bunun üçün bəzi partiya rəhbərləri ilə görüşdü, öz liderliyi fonunda birliyin yaranması üçün hərəkətə keçdi. O.Teymurxan da son aylarda demək olar sosial şəbəkələrdə qeyb olmuşdu. Avropada “söyüş müxalifət”inin əsasını qoyanlardan olan bu şəxsə qarşı cinayət işinin açılması və axtarışa verilməsi onu yenidən aktivləşdirdi. Sual yaranır: belələrinin aktivləşməsi kimə lazımdır? Deputat Zahid Oruc “Yeni Müsavat”a bildirdi ki, bu ilin aprelindəki prezident seçkilərindən sonra hökumətdə aparılan böyük dəyişikliklər fonunda bütövlükdə hakimiyyətdə hər hansı bir qrup maraqlarının, komandalaşmanın, fərqli şəxslər, nazirlər çevrəsində kimlərinsə yer almasının, onların birinin digəri ilə rəqabətdə olması haqda deyilənlərin bir əsası yoxdur: “Tarixən belə olub ki, hakimiyyət sistemində müxtəlif maraqlar, düşüncələr, istəklər ola bilər. Hakimiyyət içərisində süni müxalifət yaratmaq, ”ölüləri diriltmək" cəhdləri sonuncu məsələyə aid edilə bilməz. Gəlin 17 noyabrda nə baş verdiyini xatırlayaq. Məsələ ilə bağlı youtube kanalından axan zəhərləri görəndə gerçəkdən insan təəccüblənməyə bilmir. 90-ci illərin “qəhrəmanları” unutmayıblar ki, şəhidlərin bu vətən üçün canlarından keçmələri bir dəyərə malikdir. Onların həmin dövrdəki siyasi hikkələri və qovğaları ayrı bir hesabda yer almalıdır. Adamlar Şəhidlər Xiyabanını Azadlıq meydanına, yaxud mitinq və keçə yürüşləri yerinə çevirmək istəyirdilər. Bunlar düşünmürlər ki, ruhlar danışmalı olsalar, dilə gəlsələr Əli Kərimli və çevrəsindəkiləri bu hərəkətlərinə görə suçlayardılar. Hakimiyyətdə təmsil olunduqları vaxtlar şəhidləri siyasətlərinə qatanlar hələ də o təfəkkürdən kənara çıxa bilməyiblər. 11 min manata görə bir neçə insanın narazılığını bütövlükdə Azərbaycanda şəhidə verilməyən hal kimi irəli sürəndə, istismar edəndə düşünməli idilər ki, özlərinin əsl xislətlərini nümayiş etdirəcəklər. 17 noyabrda bunu etdilər də. Onların bir neçə təbliğat materialını izləyəndə insan dəhşətə gəlir. Guya xiyabanın qarşısına qıfıl vurulacaqmış, ziyarətlər guya yasaq edilib. Əli Kərimlinin saxlanması heç bir halda onu süni şəkildə təzədən müxalif camiənin önünə çıxarmaq, ona hakimiyyətin önəm verdiyini göstərmək üçün deyildi". Z.Oruc deyir ki, prezident İlham Əliyev hər addımda dövləti qurmağa çalışır, bütün xarici təhlükələrdən ölkəsini qoruyur: “2008-ci ildə Gürcüstanın timsalında Qafqazlar müharibə məkanına çevriləndə o zaman baş nazir olan Vladimir Putinə telefon zəngi etmək gerçəkdən böyük cəsarət tələb edirdi. Çünki Saakaşvilinin addımlarının fonunda avropalı liderlərinin Tiflisə getmələri, dəstək nümayiş etdirmələri ciddi təhlükələr yaratmışdı. Bu, ölkəmizin verdiyi hava xəttinin, yaxud sonrakı coğrafi yolun hesabına baş vermişdi. Hakimiyyətin rəqibləri o addımları ata bilərdilər? Əminliklə deyirəm ki, edə bilməzdilər. Bir tədbir belə təşkil etməyə cəsarətləri çatmazdı. Əli Kərimlinin siyasi boyuna, çəkisinə, daşıdığı düşüncələrə ən yaxşı qiyməti keçmiş silahdaşları verib. Elçibəydən sonra ən mühüm şəxslərin bir çox hissəsi gələcəklərini bu hakimiyyətlə bağladılar, yerdə qalanlar isə ən azından Əli Kərimlidən ayrılıblar. Hüquqi varislik uğrunda isə hələ də savaş getməkdədir”. Deputat O.Teymurxanla bağlı məsələyə də toxundu: “Avropada müxtəlif xalqların yüz minlərlə nümayəndəsi yaşayır. Miqrasiya hərəkatları daimidir, əbədidir, qaçılmazdır. Hakimiyyətin müxtəlif qolları, təmsilçiləri, media mənsubları ayrıca bir neçə nəfərin adını çəkiblər. Onların tüfeyli, mənən düşkün, İŞİD təfəkküründə olduqlarını qabardıblar. Başqalarının niyə adları çəkilmir? Hətta Qənimət Zahid bir tribunanı götürüb, orada dezinformasiyalar yaymasına, təcrübəsinə uyğun bir sıra manipulyasiyalara əl atmasına rəğmən kimsə onun haqqında cinayət işi qaldırmır. Maksimum dərəcədə elə bir leksikon seçir ki, qarşı tərəfin özünün, ailəsinin, doğmalarının şərəf və ləyaqətinə toxunmasın. Biz də hər zaman virtual dialoq apardığımızı bildiririk. Amma Vidadi İsgəndərli kimi rəzil, mənən hər cür yaramazlığa qadir olan, özünü itirmiş və Avropanın casus şəbəkələrinin əlində alətə çevrilən birisi haqqında insanın danışmağa belə ağzına heyfi gəlir. Belə şəxslərə başqa nə münasibət olmalı idi? Bir neçə gün bundan öncə iki mühacirin 70 min avronun bölüşdürməsi uğrunda bir-birinə qarşı hansı qarğışları, söyüşləri etdiklərinin hər birimiz şahidi olduq. Bu adamların təfəkkürü ilə hakimiyyətin alternativini formalaşdırmaq mümkündür? Kiçik bir zaman kəsimində mənafelər toqquşan kimi hər cür lənətləri yağdırırlar. Demokratiyanı, Qərb dəyərlərini, liberalizmi onlarmı təmsil edirlər? Bu millət taleyini Orduxanlara bağlamalıdır? Bəzi anlarda kimlərinsə adlarının çəkilməsi onları məşhurlaşdırmaq, hakimiyyətin onlara önəm verdiyi anlamına gələ bilməz. On minlərlə insan bu hakimiyyətin xəttindən fərqli düşünür. Nələrləsə barışmaya bilərlər. Həmin qüvvələr iqtidarda təmsil oluna bilmirlər. Hansısa bir məmurun fəaliyyəti onları qane etməyə bilər. Azərbaycanı başqa bir şəxsin, yaxud şəxslərin rəhbərliyi altında görmək istəyirlər. Bu gün hər kəs öz mövqeyini bildirmək üçün geniş imkanlar əldə edir. Biz bunlardan qətiyyən narahat deyilik. Təhqir demokratiyanın simvolu ola bilməz. Bunu azadlıqlarla qarışdırmalı deyilik”. Geri qayıt |