Əsas Səhifə > Partiya, Güney Press > "Orada yaşayan soydaşlarımızın içərisində həyat yoldaşları erməni olanlar da var"

"Orada yaşayan soydaşlarımızın içərisində həyat yoldaşları erməni olanlar da var"


12-12-2018, 08:35
"Orada yaşayan soydaşlarımızın içərisində həyat yoldaşları erməni olanlar da var"
“Rusiyada yaşayan azərbaycanlı gənclər ermənilərə düşmən kimi baxmırlar. Hətta onlar bir-birilərini sevirlər, bir yerdə oxuyub, oturub-dururlar. Çünki burada yaşayan erməni gənclər də azərbaycanlılara düşmən kimi yanaşmırlar. Onlar üçün Qarabağ faktoru mühim sayılmır”.

Bu fikirlər Rusiyada Azərbaycanlıların Federal Milli-Mədəni Muxtariyyətinin prezidenti, Rusiya prezidenti yanında Millətlər Şurasının üzvü, azərbaycanlı oliqarx Söyün Sadıqova məxsusdur.

S.Sadıqov onu da deyib ki, Rusiyada yaşayan azərbaycanlı və erməni gəncləri arasında istər-istəməz dostluq münasibətləri mövcuddur: “Bu gün Rusiyada yaşayan azərbaycanlılarla ermənilər arasında dostluq və normal münasibətlər mövcuddur. Bunu yalandan danmaq olmaz. Hətta bizim cavanlarımız erməni qızları alırlar. Bunu da müəyyən qədər başa düşmək lazımdır. Çünki azərbaycanlılar və ermənilər tarixən bir yerdə yaşamış xalqlardır, qanlarımız istər-istəməz qarışıb. Ermənilər ömrü boyu azəri türklərinin altında olublar. Hələ 30-50 il əvvəl Qarabağ problemi ortaya çıxmayana qədər azərbaycanlıların çoxu erməni qızları ilə evlənirdilər. Bakıda nə qədər insanın anaları və həyat yoldaşları erməni olan kişilərimiz var. Bunun da konkret səbəbləri olub. Azərbaycanlılar və ermənilər arasında yeganə problem Qarabağ münaqişəsidir. Bu münaqişəni də SSRİ deyil, ABŞ özü yaradıb. Sadəcə olaraq, sonradan Rusiya təzyiq aləti kimi istifadə etmək üçün Qarabağ münaqişəsinin həllinə mane olub. Yoxsa bu münaqişə nə azərbaycanlıların, nə də ermənilərin marağında deyildi. Ermənilər bu münaqişəyə qədər azərbaycanlılarla çox mehriban şəraitdə yaşayıblar. Onların nəyinə lazım idi ki, belə problem olsun?”

İş adamı həmçinin bildirib ki, azərbaycanlıların öz ailə kökünə möhkəm bağlılığı onun dünyada güclü diaspora qura bilməməsinə səbəb olur: “Bizim millət heç zaman güclü diaspor kimi formalaşmaq istəməyib. Amma erməni hara köçürsə, dərhal həmin yerdə özünə məskən salır. Daha bizim kimi ”mənim doğulduğum yer haradırsa, orada da dəfn olunmalıyam" prinipi ilə hərəkət etmir. Ermənilər bunu məqsədli şəkildə edirlər ki, sabah həmin yerlərə də ərazi iddiaları irəli sürə bilsinlər “.

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı S.Sadıqovun fikirlərinin kifayət qədər ziddiyyətli olduğunu bildirdi: “Deyərdim ki, onun fikirlərinin müəyyən hissəsində həqiqətlər var. Rusiyada doğulan, orada formalaşanların mütləq əksəriyyətini həqiqətən işğal olunmuş torpaqlarımız düşündürmür. Çünki onların valideynləri ilk növbədə evdə onları milli ruhda tərbiyə etmirlər. Oxuduqları orta və ali məktəblərdə müxtəlif millətlər, həmçinin ermənilər də var. Onlar orada qaynayıb-qarışırlar, dostlaşırlar. Bu baxımdan Söyün Sadıqovun fikirlərində həqiqətlər görürəm. Orada yaşayan soydaşlarımızın içərisində həyat yoldaşları erməni olanlar da var. Bunun neçə faiz təşkil etdiyini deyə bilmərəm. Qeyri-azərbaycanlılarla evlənən və onlardan övladlar dünyaya gətirənlərin uşaqları tamamilə başqa ruhda olurlar. Hətta deyərdim ki, onlar atalarının doğma dilində belə danışa bilmirlər. Bu acınacaqlı bir həqiqətdir. Çox təəssüf edirəm ki, digər sahələrdə olduğu kimi bizim diaspora övladları milli ruhda olmama kimi problemə biganə yanaşır. Bu problemdə həmin gəncləri deyil, daha çox onların valideynlərini günahkar görürəm. Uşaq dünyaya gətirən ana ona ilk olaraq Azərbaycan dilində lay-lay deməli, uşağı Azərbaycan ruhunda tərbiyə etməlidir. Bu yoxdursa, o gəncləri günahlandıra bilmərəm. Bu reallıqları biz olduğu kimi deməliyik ki, hər kəsə bəlli olsun. Bu və ya digər ziddiyyətli, aktual məsələləri gündəmə gətirən Söyün Sadıqova təklif edərdim ki, Azərbaycan diasporasının yaradılmasında iştirak edib, onun milli ruhda fəaliyyətinə öz töhfəsini versin. Həmin diaspora orada cəmiyyətlər, mərkəzlər aça bilər. Bununla azərbaycanlıların övladlarının boş vaxtlarını orada keçirmələrini təmin edə bilərlər. Hətta orada Azərbaycan dili, tarixi, incəsənəti ilə bağlı dərslər təşkil oluna bilər. Ermənilərin torpaqlarımızı necə işğal etmələri ilə bağlı konkret faktları həmin insanların diqqətinə çatdıra bilərlər. Biz bunu rus məktəblərindən, yaxud mühitindən gözləməli deyilik. Orada həqiqətən milli diaspora yaranmalıdır. Özü də Azərbaycan dövlətinin, xalqının maraqlarına xidmət edən vətənpərvər, millətini sevən, tarixinə bağlı olan soydaşlarımızdan ibarət diaspora yaradılmalıdır. Bu mümkünsüz deyil. Sadəcə olaraq, buna cəhd etmək lazımdır. Bunun üçün böyük azərbaycanlı olmaq lazımdır”.
“Yeni Müsavat”

Geri qayıt