Əsas Səhifə > Partiya, Güney Press > “Müəyyən qüvvələr Azərbaycan futboluna zərər vurmaq üçün çalışır”
“Müəyyən qüvvələr Azərbaycan futboluna zərər vurmaq üçün çalışır”10-12-2018, 09:44 |
“Qarabağ” futbol klubunu və Azərbaycan millisini çalışdıran Qurban Qurbanovun millidən istefaya göndərilməsi son günlərin əsas xəbərlərindən biri oldu. Milli komanda ilə 6 illik müqaviləsi olan və bunun heç bir ilini tamamlamayan tanınmış məşqçi AFFA İcraiyyə Komitəsinin üzvlüyündən də gedəcəyini açıqlayıb. Onunla eyni vaxtda U-20 və U-21 millimizin baş məşqçisi, “Qarabağ”ın kapitanı Rəşad Sadıqov da istefaya göndərilib. Azərbaycan millisinin yeni baş məşqçisinin adı qarşıdakı 1 ayda açıqlana bilər. Bunu Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) baş katibi Elxan Məmmədov qurumun İcraiyyə Komitəsinin iclasından sonra jurnalistlərə açıqlamasında deyib. Millimizdə nələrin baş verdiyi yönündə müxtəlif fikirlər səslənir. Q.Qurbanovun iki komandanı birdən çalışdırmasının çətin olduğunu düşünüb, onun gedişinə sevinənlər çoxluq təşkil edir. Təcrübəli çalışdırıcının “Qarabağ” üçün daha faydalı olduğu barədə fikirlər üstünlük təşkil edir. Onun gedişindən sonra millimizin yeni baş məşqçisinin kim olacağı, kimin olmalı olduğu barədə ən müxtəlif fikirlər səslənir. Futbolla yaxından maraqlanan Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa “Yeni Müsavat”a bildirdi ki, AFFA-da milli ilə bağlı müəmmalı proseslər gedir: “Müəmmalar olduğu üçün fikir bildirmək çətindir. Hesab edirəm ki, müəyyən qüvvələr Azərbaycan futbolu üçün zərərli addımların atılmasına çalışırlar, mənfəət götürmək üçün yanlış addımlar atırlar. Futbolumuzu belə bir primitiv yanşamaya məruz qoymaq olduqca təhlükəlidir. Bu gün futbolumuzun başında duran Rövnəq Abdullayev bilirəm ki, bu sahəyə kifayət qədər vəsait ayırır, böyük bir can yandırır, xeyli işlər də görür. Amma təəssüflər olsun ki, aşağı səviyyədə məmurların fəaliyyəti qaneedici deyil. Hər şey ölçüb-biçilib milliyə baş məşqçi gətirilir. Necə olur ki, bir il sonda yadımıza düşdü ki, klubla millini eyni vaxtda çalışdırmaq çətin olar? Milli çempionatımızın potensialı çox zəifdir. Qurban Qurbanov getdi, indi əvvəlki illərdə olduğu kimi, baha qiymətə əcnəbi bir məşqçini gətirməklə nələrsə dəyişəsi deyil ki. Hesab edirəm ki, bu sahədə ciddi islahatlar aparılmalıdır. Futbolumuzun bu günə düşməsinin əsas səbəblərindən biri də bir sıra klublarımızın sıradan çıxarılması oldu. Məsələn, ”Xəzər Lənkəran" klubunun sıradan çıxarılmasının heç bir məntiqi əsası yox idi. Gəncənin komandasının olmaması çox ciddi problemdir. Hamısı əslində özəl sektorun inkişafının dayanmasından doğan problemlərdir. Futbola pullar ayrılmır. Nə qədər SOCAR vəsait ayırıb, futbolu dirçəltməyə çalışacaq? Bir qurumun səyləri ilə məsələni həll etmək mümkün deyil. Vaxtilə İmişlidə futbol inkişaf edəndə situasiya fərqli idi. İndi Tovuzun “Turan” komandasından əsər-əlamət yoxdur. Heç bir komanda formalaşıb ortaya çıxa bilmir. Nəticədə futbolun inkişafının qarşısı alınır. Bir məşqçinin gedişi məsələnin həlli mənasına gəlmir. Hesab edirəm ki, kim milliyə gəlir-gəlsin, indiki şərtlərdə futbolumuzu inkişaf etdirmək çox çətindir". Qol.az saytının redaktoru Aydın Bağırov bildirdi ki, Qurban Qurbanovun istefaya göndərilməsində millimizin Millətlər Liqasındakı çıxışı müəyyən qədər rol oynadı: “AFFA rəhbərliyi ilə Qurban Qurbanovun arasında fikir ayrılıqları var idi. Mənə elə gəlir ki, onun vaxtından əvvəl istefaya göndərilməsində bu amil başlıca rol oynayıb. Çünki Qurban Qurbanovla 6 illik müqavilə imzalanmışdı. Cəmi bir il çalışmadan onun istefaya göndərilməsi ciddi suallar yaradır. Bu da normaldır. Təəssüf doğuran odur ki, Qurban Qurbanovdan əvvəl millimizin baş məşqçiləri olan Berti Foqtsa 6 il, Robert Prosineçkiyə 2 il vaxtı verildiyi halda Azərbaycan futbolu üçün tarix yazan, unudulmaz nəticələr əldə edən bir şəxsə bir il belə imkan verilmədi. Avropa Çempionatının seçmə mərhələsində iştirak etmək üçün ona şans belə tanınmadı. Adını da belə qoydular ki, o iki komandada işləyir. Bunlar sadəcə bəhanələrdir. Onu da deyim ki, Qurban Qurbanovun özü istefa verməyib, istefaya göndərilib. Bəzi insanların dedikləri yanlışdır. Qurban Qurbanovun istefa vermək fikri olmayıb. Onun istefaya göndərilməsinin heç bir məntiqi əsası yoxdur. Rəşid Sadıqovun da istefaya göndərilməsi təsadüfi deyil. O, Qurban Qurbanov gedəndən sonra mənəvi tərəfdən orada qala bilməzdi. Çünki onlar yaxın dostdurlar, bir-birinə bağlılıqları var. Futbolumuzda məsələləri artıq şəxslər həll etmir. Məsələ kiminsə gətirilməsində deyil. Problemlər daha dərindir. Bizdə futbol sistemi çat verib. Dərin bir böhran keçirir. Ən çox da bizdə uşaq futbol məktəbləri bərbad vəziyyətdədir. Bu məktəblər düzəlməyincə millimizə keyfiyyətli oyunçular gəlməyəcək. Bu problemləri yaradan həm AFFA olub, həm də klublar. Klubların özü belə uşaq futboluna diqqət ayırmırlar. Bu fikirlərim bütün klublara aiddir. AFFA da bu sahəyə ciddi diqqət ayırmır. Bölgələrimizdə futbol demək olar yoxdur. Problemlərimiz bundan sonra da davam edəcək. İdeal bir məşqçisinin Azərbaycana gətirilməsi belə, yaxın 5-10 ildə bu problemləri həll etməyəcək. Problemin yeganə həlli yolu uşaq futbol məktəblərini qurmaq, infrastruktur yaratmaq, normal məşqçilər gətirməkdir. Bunlar olmadığı sürəcdə nəyəsə ümid etmək olmaz”. Geri qayıt |