Əsas Səhifə > Partiya, Güney Press > Rəsul Quliyev yenə “qayıdır”

Rəsul Quliyev yenə “qayıdır”


20-11-2018, 09:28
Rəsul Quliyev yenə “qayıdır”
Amerikada mühacir həyatı yaşayan sabiq spiker Rəsul Quliyevin Azərbaycana nə zaman qayıdacağı bir zamanlar ən çox müzakirə edilən suallar sırasında idi. Son vaxtlar isə eks-spikerlə bağlı bu məsələ, ümumiyyətlə, müzakirələr sırasında deyil.

Facebook profilində paylaşdığı statuslarda və mətbuata verdiyi açıqlamalarda da R.Quliyev bu məsələyə toxunmur. Bu onun heç zaman ölkəsinə qayıda bilməyəcəyi barədə fikirləri artırmaqdadır.

İki il öncə sabiq spikerin adı İnterpolun axtarış sistemindən çıxarılanda çoxları onun tezliklə Azərbaycana dönəcəyini deyirdi, tərəfdarları da fəallaşmışdı. Lakin gözləntilər özünü doğrultmadı.

R.Quliyevin reytinqinin əvvəlki zamanlar kimi olmadığı da açıq görünür. Bu amilin onun ölkəmizə dönməsində “yaşıl işıq” yandıracağı vurğulanır. Yəni Azərbaycan iqtidarının əvvəlki zamanlarda ona rəqib olan sabiq spikerin nüfuzu düşdüyü üçün onun ölkəyə dönüşünə icazə verəcəyi qeyd olunur.
R.Quliyevin Azərbaycandakı nümayəndəsi, Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu “Yeni Müsavat”a açıqlamasında səslənən fikirlərlə razılaşmadığını söylədi: “Rəsul müəllimin gəlişi an məsələsidir və aktuallığını itirməyib. Bu istiqamətdə ən yüksək səviyyədə müəyyən işlər görülüb və görülür. Sadəcə, əvvəllər prosesin gedişatına uyğun olaraq ətrafımızdan mətbuata məlumatlar sızdırılırdı, özümüz görülən işlərlə bağlı mətbuata məlumatlar verirdik. Amma hazırda bu mövzuda mətbuata bağlıyıq desək daha doğru olar. Əmin ola bilərsiniz ki, Rəsul Quliyev Azərbaycana mütləq gələcək, ən qısa zamanda buna hər kəs şahidlik etmiş olacaq. Bizlər demək olar ki, bu mövzuda gündəlik iş aparırıq. Hətta deyərdim ki, əvvəllər görülmüş işlərdən daha çox işlər görürük. Bu suala səmimi cavab verməyim prosesə zərər vermiş olar. Bir onu deyə bilərəm ki, görülmüş işlərin mahiyyətini sizli, bizli bütün cəmiyyət çox yaxın dövrlərdə görmüş olacaq. Hesab edirəm ki, suallara cavabı qarşıdakı aylarda Bakıda Rəsul Quliyevin də iştirak edəcəyi mətbuat konfransında cavab tapmış olacaqsınız. Həmin zaman sizə səmimi cavab verməyə imkan olacaqdır. Biz ümidlərlə yaşamırıq. Real prosesləri dəyərləndiririk, qərarlar alırıq. Rəsul Quliyevin Azərbaycana dönüşünə geopolitik proseslərin çox böyük təsiri var. Həm də deyərdim ki, Azərbaycan hakimiyyətinin iradəsi bu prosesdə rol oynayır. Hesab edirəm ki, siyasətdə düşmənçilik olmamalıdır. Siyasətdə alternativ düşüncə, tənqidin olması cəmiyyətin inkişafına gətirən amillərdir. Ən əsas da siyasətdə, ölkədə siyasi qüvvələr arasında milli barış lazımdır. Bizlərin bir dövlət və xalq olaraq Qarabağ böyüklüyündə dərdimiz var. Hesab edirəm ki, bu səbəbdən də siyasi qüvvələr arasında milli barış mütləqdir və qaçılmazdır. Siz heç düşünmüsünüzmü ki, siyasi qüvvələr arasında milli barış Azərbaycana, xalqımıza nələr verə bilər? Hesab edirəm ki, hər kəs bu barədə düşünsə, yaxşı nəticələrə gəlmiş olar. Rəsul Quliyev elə hər zaman olan Rəsul Quliyevdir. Onun özü ilə hər gün danışılır və bu istiqamətdə qətiyyətli işlər görürük. Yəni bizlər pessimizmə qapanmamışıq... Təhlükə və təhlükəsiz məsələsinə gəldikdə isə Rəsul Quliyev dövlətə və Azərbaycan dövlətçiliyinə heç bir zaman təhlükə olmayıb. Bunu hər kəs görüb və bilir. Müxalifətçi, müxalifət lideri olmaq təhlükəli olmaq demək deyil. O, şəxslərdən təhlükə gözləmək olar ki, dövlət və dövlətçilik anlayışı kasıb olsun”.

Geri qayıt